Qəbul qaydalarına əsasən, beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri, həmçinin beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil alan abituriyentlər ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olmaq hüququna malikdirlər.

Artıq 2023/2024-cü tədris ili üçün ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olmaq hüququna malik olan şəxslər bəllidir. Onların Dövlət İmtahan Mərkəzinə (DİM) müraciətləri əsasında sənədləri yoxlanılıb və ixtisas seçimi etmək üçün Mərkəzə dəvət olunublar.

Bu barədə Mektebgushesi.az -a DİM-dən məlumat verilib.

Nəticələrə əsasən, bu il 2 nəfər beynəlxalq fənn olimpiadası, 50 nəfər respublika fənn olimpiadası, 98 nəfər beynəlxalq idman yarışlarının qalibi olduğu, 32 nəfər isə beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları (IB və A-Level) üzrə təhsil aldığı üçün müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul olunmaq hüququ qazanaraq müvafiq ixtisaslara yerləşdirilib.

Bundan əlavə, 314 abituriyent SAT imtahanının nəticələrinə əsasən, 124 abituriyent isə ADA məktəbinin məzunu kimi ADA Universitetinə qəbul olunub.

DİM-in saytında yerləşdirilmiş cədvəllərdə müsabiqədənkənar qəbul olunanların sayı və onların qəbul olunduqları ixtisaslar haqqında ətraflı məlumat yer alıb.

Bənzər yazılar