160 nömrəli Klassik gimnaziyanın direktoru Faina Ələkbərova işdən azad olunub.

“Report” xəbər verir ki, Bakı şəhəri 160 nömrəli Klassik gimnaziyanın direktoru, Əməkdar müəllim, III dərəcəli “Əmək” ordeni ilə təltif edilmiş Faina Ələkbərova ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarmasına görə), 21 iyul 2023-cü il tarixdə xitam verilib.

F.Ələkbərova 1990-cu ildən həmin təhsil müəssisəsində direktor vəzifəsində çalışıb.

Qeyd edək ki, Ələkbərova Faina Emmanuilovna 1947-ci il sentyabrın 6-da Ukraynanın Odessa şəhərində anadan olub. 1949-cu ildən Bakı şəhərində yaşayır. 1965-ci ildə Bakı şəhərindəki 160 №-li orta məktəbi gümüş medalla bitirib. 1965-ci ildə həmin məktəbdə baş pioner dəstə rəhbəri kimi əmək fəaliyyətinə başlayıb. 1973-cü ilin sentyabr ayından 1974-cü ilin avqust ayınadək orada tarix və ictimaiyyət fənnindən dərs deyib. 1974-84-cü illərdə həmin məktəbdə sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçı vəzifəsində işləyib. 1984-90-cı illərdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləyib. 1990-cı ilin mart ayında 160 №-li məktəbin kollektivi onu direktor vəzifəsinə seçib.

Hələlik 160 nömrəli Klassik gimnaziyaya direktor təyinatı həyata keçirilməyib.

Bənzər yazılar