“Uklon Azərbaycan” Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə birgə kartoqrafiya, topoqrafiya və geodeziya sahələri üzrə təhsil alan tələbələr üçün təcrübə proqramı təşkil edib.

“Qafqazinfo” xəbər verir ki, sözügedən təcrübə proqramını universitetin dəstəyi ilə IT şirkətin əməkdaşları yaradıb.

Proqramın məqsədi gənc mütəxəssislərin praktiki təcrübələrinin inkişaf etdirilməsi və şirkətin kartoqrafiyasının yaxşılaşdırılmasıdır.

İyulun 20-si start götürən təcrübə proqramı yeni təhsil ilinin başlanğıcı ərəfəsinə təsadüf edib, avqustun sonu başa çatıb.

Nəticədə proqramda iştirak edən gənclər öz biliklərini sınaqdan keçirib, onlar şirkətə xəritələrini və Bakıda naviqasiya sistemini təkmilləşdirməyə yardım ediblər. Proqramda iştirak edən AzMİU tələbələri müsahibə, anket, kartoqrafiya, topoqrafiya və geodeziya mövzuları üzrə baza biliklərin yoxlanılması əsasında seçiliblər.

İki gün ərzində 6 təcrübəçi seçilib:

● Hacıbalayeva Gülçöhrə (AzMİU – Magistratura, Yer quruluşu və şəhər kadastr fakültəsi, II kurs)
● Mahmudov Röyal (AzMİU –  Yer quruluşu və şəhər kadastr fakültəsi, IV kurs)
● Hacıyeva Günel (AzMİU –  Yer quruluşu və şəhər kadastr fakültəsi, IV kurs)
● Mollayev Ramazan (AzMİU – Magistratura, Geodeziya fakültəsi, I kurs)
● Vəliyeva Səma (AzMİU – Yer quruluşu və şəhər kadastr fakültəsi, IV kurs)
● Zeynnədinova Səfurə (AzMİU –  Yer quruluşu və şəhər kadastr fakültəsi, IV kurs)

Təcrübə proqramı intensiv tədris həftəsi ilə başlayıb. Belə ki, bu müddət ərzində tələbələr kartoqrafiya və geodeziyanın əsasları haqqında dərin biliklərə yiyələnib, müxtəlif mənbələrdən məlumatların emalını, ərazinin təhlilini, bazada məlumatları redaktə etməyi və yeniləməyi, obyektlər yaratmağı və sairə bir çox şeyi icra etməyi öyrəniblər. Növbəti mərhələdə isə iştirakçılar Bakı və Sumqayıt ərazisində yeni obyektlərin yaradılması üzrə praktiki tapşırıqlar yerinə yetirib.

“Uklon Azərbaycan”ın Baş direktoru Ruslan Əliyev təcrübə proqramının başa çatması ilə əlaqədar bunları deyib: “Təcrübə proqramları biznes və müasir universitet arasında uğurlu tərəfdaşlıq nümunəsidir. Bu gün biznesin gənc mütəxəssisləri dəstəkləməsi və peşəkar kadrların formalaşdırılmasında iştirakı zəruridir. Biz bunda özümüz üçün yüksək dəyər görürük və bu səbəbdən də biznesin digər sahələrində də proqramı davam etdirəcəyik”.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova isə öz növbəsində bildirib: “Tələbələrimizin uğurları ilə fəxr edirik və əminik ki, bu təcrübə proqramı onların professional inkişafında mühüm mərhələ olub. Sözsüz ki, “Uklon Azərbaycan” ilə əməkdaşlıq tələbələr qarşısında yeni üfüq və imkanlar açır”.

Qeyd edək ki, “Uklon Azərbaycan” Ukraynanın onlayn taksi sifarişi üzrə xidmətlər təklif edən IT şirkətidir. Şirkət Azərbaycanda “Umico” ilə birgə çalışır.

 






Bənzər yazılar