Əli Yusif (Ağaəli Cəlal oğlu Yusifzadə). Azərbaycan Xalq Cümhuriyyəti dövrünün tanınmış şairi, publisisti. Bu adı ilk dəfə 1990-cı ilin əvvəllərində tədqiqatçı alim Qulam Məmmədlidən eşitdim. Onunla həmişəki kimi yenə də M.F.Axundov adına  kitabxanada görüşdük. Qulam müəllim yaşlı bir kişi ilə xeyli söhbət etdikdən sonra sağollaşdı. Üzünü mənə tutaraq dedi: “Qızım, bu Alim Yusifzadədir. Qardaşı Əli Yusif Cümhuriyyət dövründə Parisdə ilk siyasi təhsil alan Azərbaycanlı olub. Böyük nəsildilər” (Növbəti saylarımızdan birində Əli Yusifin qardaşı, 2001-ci ilə kimi ömür sürən, uzun illər Xarici Dillər İnstitutunda çalışan Alim Yusifzadə haqqında söhbət açacam).
İkinci dəfə Əli Yusif adı ilə on beş il bundan əvvəl, namizədlik dissertasiyası mövzumla “Azərbaycan Xalq Cümhuriyyəti dövründə jurnalistika (1918-1920-ci illər)” bağlı arxivlərdə, kitabxanalarda məlumat toplayarkən rastlaşdım. Onu dövrünün bir istiqlalçı yazarı, “Yaşıl qələm” cəmiyyətinin ən fəal üzvü kimi tanıdım. Amma acınacaqlı taleyi ilə Cümhuriyyət tələbələri haqqında “Kaspi” qəzetinə məqalə hazırlayarkən tanış oldum.
Ünsüzadələrin layiqli övladı
1900-cü ilin 1 yanvarında  Mirzə Cəlal Yusifzadənin ailəsində bir oğlan uşağı dünyaya gəlir. Adını Ağaəli qoysalar da sonralar o, Əli kimi çağrılır və tanınır. Anası Leyla Əlinin cəmi beş il qayğısına qala bilir. Anasının qəfil vəfat etməsi Əliyə həyatda vurulan ilk zərbə olur (Sonralar bu zərbələr daha amansız və davamlı olduğu üçün Əli onlara “öyrəşir”).
Əlinin atası Mirzə Cəlal təhsilli bir insan idi. 40 il müəllimlik edən Mirzə Cəlal o zaman əsasən Tiflisdə nəşr olunan rus dilli mətbuatla əməkdaşlıq etmiş, şeirlər, pyeslər yazmış, bir neçə əcnəbi dili mükəmməl öyrənmiş, tərcümələr etmişdir. Odur ki, övladlarını da çox erkən elmə, maarifə yönəltmişdir. Dövrünün əksər uşaqları kimi Əli də ilk olaraq dini təhsilə yiyələnir və sonra Şuşa Realnı Məktəbinə gedir.
11 yaşlı Əlinin mətbuata gəlişi
Əksər tədqiqat əsərlərində və məqalələrdə qeyd edilir ki, “Əli Yusif mətbuatda ilk dəfə 1915-ci ildə “Qurtuluş” jurnalında çap edilib və yaradıcılığa şeirlə gəlib”. Əslində Əli Yusif ilk dəfə 1911-ci ildə “İşıq” jurnalında çap edilib və yaradıcılığa tərcümə ilə gəlib. Bu, “İşıq” jurnalının 3-cü sayında (1911) çap olunan Krılovdan tərcümə etdiyi “İki kotan” şeiridir. İlk çıxışı uğurlu olan balaca Əli sonra öz şeirlərini jurnala göndərir. Bu zaman Əli Şuşa realnı məktəbin altıncı sinfində oxuyurdu və cəmi 11 yaşı var idi.
1913-cü ildə Əli “Məktəb” jurnalına şer və hekayələrini, tərcümələrini göndərir. 1915-ci ildə o, “Qüruba qarşı bir yetimin lisanından” adlı şerinə görə “Qurtuluş” jurnalının mükafatına layiq görülür (Tədqiqatçıların yazdığına görə bu mükafat Əlinin yaradıcılığında birinci və sonuncu mükafatı olur).
Beləliklə, Azərbaycan mətbuatında əsasən “Əli Yusif Rai” imzası ilə tanınan şair, publisist, tərcüməçi Əli Yusif Yusifzadə dövrünün istedadlı bir qələm əhli olub. Əli Yusif əsasən Azərbaycan Xalq Cümhuriyyəti dövründə yazıb-yaratmaqla yanaşı, həmin illərdə ölkəmizdə ədəbi mühitin inkişafına da dəstək olub. O, 1919-cu ildə “Yaşıl qələm” ədəbi birliyinin yaranmasında yaxından iştirak edib və onun ən fəal üzvülərindən biri olub. Onun “Azərbaycan”, “İstiqlal”, “Bəsirət”, “Qurtuluş yolu” qəzet və jurnallarında istiqlalı tərənnüm edən şeirləri, publisistik məqalələri saysız-hesabsızdır.
Lakin mən bu məqaləmdə Ə.Yusifin bədii yaradıcılığından söz açmaq fikrində deyiləm. Çünki bu haqda tədqiqatçı alimlərdən A.Çingiz, İ.Ağayev, A.Əliyeva, Ş.Vəliyev, A.Bayramoğlu, Ə.Saraclı və başqaları geniş məlumat veriblər. “Əli Yusif Azərbaycan tarixinin kifayət qədər təkrarsız, unikal, orijinal, parlaq şəxsiyyətlərindəndir və XX əsrin ilk ali diplomatik təhsil almış bir siyasi adamıdır”.
Ənvər Paşanı heyran edən gənc
Əli Yusif 18 yaşında Bakıda Ənvər Paşa ilə görüşür və onu Şuşaya dəvət edir. Yüksək istedada, bacarığa, səlis nitqə, aydın təfəkkürə, ədəb-ərkana malik olan gənc ilk görüşdən Ənvər Paşanın diqqətini cəlb edir. Ənvər Paşa ona daha yüksək təhsilə yiyələnməsini tövsiyə edir.
Cümhuriyyətçi tələbə, yoxsa xalq düşməni?
Əksər tədqiqat əsərlərində, hətta Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasında I və II cildlərində Əli Yusif (Yusifzadə) haqqında iki müxtəlif məlumat verilib. Məsələn, Ensiklopediyanın I cildində Əli Yusifin ölüm tarixi səhv olaraq “1926-cı il” göstərildiyi halda (Bax.I cild. 2004.s.338), II cilddə bu barədə məlumat qeyd edilməyib (Bax: II cild. 2005.s.443). Əslində Əli Yusif 1937-ci ildə güllələnib. Bu haqda məlumat verəcəyəm. Ensiklopediyanın elə bu cildində (II cild) yenə bir yanlışlığa yol verilib. Əli Yusifin təhsilini Fransada “texnika sahəsində davam etdirmək üçün Mülxuz politexnik məktəbinə” (s.443) göndərilməsi bildirilir (Əslində Əli Yusif Parisdə siyasi təhsil almış və o zaman bu sahədə ali təhsilli ilk Azərbaycanlıdır). Və yaxud I cilddə Əli Yusif “proletar dövlətinə qarşı yönəldilmiş digər cinayətlərdə” təqsirləndirilərək Sibirə sürgün edilmiş, orada qətlə yetirilmişdi” (s.339) yazıldığı halda, II cilddə “sonrakı taleyi haqqında heç bir məlumat yoxdu” (s.443) yazılır. Yeri gəlmişkən bir faktı da qeyd etmək istərdim ki, Ensiklopediyanın hər iki cildində bir-birini təkzib edən, zidd olan belə səhv informasiyalar yalnız Əli Yusif haqqında deyil, digərləri barəsində də yetərincədir.
Azərbaycan Respublikası Dövlət Arxivində saxlanılan sənədlərdən də bəlli olur ki, Əli Yusif (Yusifzadə) “Azərbaycan Parlamentinin 1919-cu il 1 sentyabr tarixli qərarına müvafiq olaraq Fransaya ali təhsil almağa göndərilir və Paris Siyasi Elmlər Məktəbinin diplomatiya fakültəsinə daxil olur”.
Bəs sonra? Sonra Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti XI qızıl ordu tərəfindən silah gücünə süqut edir və “Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi “Avropa ölkələrində təhsil almış tələbələrə daşnakların, rus şovinistlərinin, bir sözlə düşmənlərimizin gözü ilə baxdığı” üçün onların sonrakı taleyi daha dəhşətli faciələrlə nəticələnir. Ya qürbət ölkədə aclıqdan intihar etməklə, ya da vətənə dönüb həbslərin, sürgünlərin, güllələnmənin qurbanı olmaqla.
Çox təəssüf ki, nə qədər axtarışlar etsəm də Əli Yusifin neçənci ildə vətənə dönməyi barədə sənəd tapa bilmədim. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasının yazdığına görə: “1922-ci ildə o Parisdə Siyasi Elmlər İnstitutunu əla qiymətlərlə bitirib Bakıya qayıtmışdı” (Bax: AXCE. İki cliddə. I.cild. 2004.s.339). Təbii vətəndə Şura hökuməti istiqlal şairini, Cümhuriyyət tələbəsini “qara siyahı”ya salmalı idi və saldı da. Ölkədə yüksək Avropa təhsili görmüş kadrlara “iş tapılmadığı” bir zamanda (Dadaş Bünyatzadə kimi təhsilsizlər Təhsil Naziri olduğu zamanda!?) Əli Yusifin də qara günləri başlayır.
1927-ci ildə yerli GPU güllələnməsinə əmr verdiyi 14 nəfərlik siyahıda Əli Yusifin də adı olub. Amma nədənsə güllələnməyib(!?). Az sonra Solovkiyə sürgün edilib. Azadlığa çıxmasına az qalmış Əli Yusif yenidən Daşkəndə sürgün edilir. Burada Özbəkistan SSR Xalq Daxili İşlər Komissarı Apresyan Derenik Zaxaroviçin bir başa “səyi” ilə 1937-ci ilin 18 avqustunda 37 yaşında Əli Yusif ən ağır cəzaya, güllələnməyə məhkum edilir və elə həmin gün gecə saat 3-də əmr yerinə yetirilir.
Bütün ömrünü Azərbaycanın istiqlalı uğrunda mübarizəyə həsr edən Əli Yusif o qədər sürgünlərdə, həbslərdə olub ki, ailə qurmağa da macal tapmayıb. Xaricdə təhsil alarkən də evlənməyib (Yəqin bu da vətənə, millətə bağlılığından irəli gəlib ki, yad millətlə ailə qurmayıb). Heç bir yadigarı qalmayan Əli Yusifin şeirləri, amalları, arzuları bu gün Azərbaycan gəncinə ən qiymətli bir örnəkdir.
Köhnə düşmənliyin yeni üsulları
Məqaləni bitirərkən Nazif Qəhramanlının “Vətən və istiqlal aşiqi Əli Yusif” adlı kitabını xatırladım. Kitabdan bir neçə cümləni olduğu kimi diqqətinizə çatdırıram: “Siyasi repressiyaları bizdə bir qayda olaraq Stalinin adı ilə bağlayırlar, əslində bu cəza tədbirləri V.İ.Lenin dövründə başlamışdır. Repressiyalar kommunist rejiminin təcavüzkar təbiətinə xasdır. Stalindən sonra da onun varisləri bu işi davam etdirmişlər. Hakimiyyətə qeyri-qanuni yolla gələnlər hüquq və azadlıqla bir araya sığmayan rejim qurmuşlar. Bu rejim öləndə isə faşizm üzə çıxır. 20 yanvar 1990-cı il hadisələri belə bir faşizmin təzahürü idi”.
Məncə şərhə heç bir ehtiyac yoxdur! Köhnə düşmənlik yeni “demokratiya” adı ilə həyata keçirilir.
Çox şükürlər olsun ki, Haqq savaşında düşmən və havadarları üzərində qazandığımız qələbə əsrlərlə tariximizin üzərinə çəkilən duyğusuz boz, ruhsuz qara rəngi Xarıbülbülün al-əlvan möcüzəli rəngləri ilə boyadı. Torpağın da, vətəndaşın da tamlığına qovuşduğu zamanda Əli Yusif, Firidun Əliyev timsalında bütün istiqlal aşiqlərinin, milli sevdalıların nəcib ruhu şaddır.
Qərənfil Dünyaminqızı, Əməkdar jurnalist

Bənzər yazılar