Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin direktorları vətəndaş məmnunluğunun artırılması mövzusunda təlimlərə cəlb edilib.

Təlimlər Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşlığı çərçivəsində təşkil edilir.

ASAN İnnovativ İnkişaf Mərkəzi tərəfindən keçirilən təlimlərin əsas məqsədi vətəndaşlarla birbaşa ünsiyyətdə olan təhsil işçilərinin müvafiq bilik və bacarıqlarının təkmilləşdirilməsi, vətəndaş məmnunluğunun artırılmasından ibarətdir.

Təlim proqramı vətəndaş məmnuniyyətində “ASAN xidmət” modeli, emosiyaların idarə edilməsi, effektiv ünsiyyət bacarıqları kimi 3 əsas mövzunu əhatə edir. Daha çox təcrübə əsaslı təlimdə diskussiyalar, qrup işləri xüsusi yer alır.

3 müxtəlif peşəkar təlimçi tərəfindən aparılan təlim prosesi hər bir iştirakçı üçün master-klass da daxil olmaqla 2 gün davam edir. Təlim prosesini başa vuran hər bir iştirakçı sertifikatla təltif olunacaq.

Qeyd edək ki, ardıcıl olaraq davam edən təlimlərdə BŞTİ-nin tabeliyindəki məktəblərin direktorları, direktor müavinləri, məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri, regional təhsil idarələri və onların yerli sektorlarının əməkdaşları daxil olmaqla 700 təhsil işçisinin iştirakı nəzərdə tutulur.

Bənzər yazılar