Oktyabrın 31-də Azərbaycan Dillər Universitetində (ADU) Almaniya Federativ Respublikasının Parlamentinin nümayəndə heyəti ilə görüş keçirilib.

ADU-nun rektoru, akademik Kamal Abdulla qonaqları salamlayıb, onları universitetdə görməkdən məmnun olduğunu bildirib.

Qeyd olunub ki, Almaniya Parlamentinin təqaüd proqramı tələbələrin diqqət və marağına səbəb olub. Artıq ADU məzunları  neçə ildi bu proqrama qoşulub və təhsillərini Almaniyada davam etdirirlər.

ADU tələbələrinin Alman mədəniyyətinə, dilinə, tarixinə olan məhəbbəti yeni elmi dünyagörüşü ilə tanışlıq və müasir elmi biliklərin əldə olunması üçün unikal hadisədir:

“Mən inanıram ki, məzunlarımız xaricdə təhsillərini uğurla başa vurub, Azərbaycanda öz vətənlərinə ləyaqətlə, yüksək peşəkarlıqla xidmət edəcəklər. Biz arzu edərdik ki, elmi əməkdaşlığımız daha da inkişaf etsin, nümayəndə heyətinin sayı artsın və tələbə-məzunlarımız daha bilikli və savadlı kadrlar kimi yetişsinlər. Təsis olunan tələbə təqaüd proqramları həm ölkələr arasında elmi əlaqələrin inkişafına təkan verəcək, eyni zamanda savadlı gənc nəslin yetişməsinə şərait yaradacaqdır.”.

Almaniya Bundestaqının deputatı xanım Marianne Şider səmimi qarşılanmaya və xoş sözlərə görə təşəkkürünü bildirib.

Qeyd olunub ki, Azərbaycan və Almaniya arasında iqtisadi, siyasi, elmi və mədəni əlaqələr yüksələn xətlə inkişaf etməkdədir.

Elmi müstəvidə təqaüd proqramlarının təsis olunması məhz elmi əlaqələrin inkişafı baxımından önəmlidir. Gənclərin daha bilikli və bacarıqlı olması üçün təcrübə, yeni elmi imkanlarla tanışlıq və elmi mübadilə imkanlarının olması vacib amillərdən biridir.

Görüş gələcək elmi əlaqələrin qurulması, yeni perspektivlərin müzakirəsi ilə davam edib.

Bənzər yazılar