Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olub.

AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova və səfir Cahit Bağçı arasında nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib.

Rektor çıxış edərək Azərbaycan və Türkiyə arasındakı tarixi qardaşlıq, dostluq əlaqələrinə diqqət çəkib və bu əlaqələrin Şuşa Bəyannaməsi ilə strateji müttəfiqliyə çevrildiyini qeyd edib: “Hesab edirəm ki, dünyada Azərbaycan-Türkiyə qardaşlığı timsalında başqa nümunə yoxdur. Ölkələrimiz arasındakı strateji müttəfiqlik bütün sahələrin inkişafı üçün əlverişli şərait yaradıb. Bundan istifadə edərək biz inteqrasiyanı gücləndirib, təhsil sahəsini daha da inkişaf etdirə bilərik. Əlbəttə ki, bu istiqamətdə işlər aparılır, Türkiyə universitetləri ilə AzMİU arasındakı əlaqələr şaxələndirilir, yeni tərəfdaşlar qazanırıq. Azərbaycan müstəqillik qazandıqdan sonra böyük diqqət göstərilən bu proses Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın hakimiyyəti dövründə ən yüksək səviyyəyə qalxıb. Bu gün AzMİU-nun 40-a yaxın Türkiyə universiteti ilə qarşılıqlı faydalı əməkdaşlıq müqaviləsi, İstanbul Texniki Universiteti ilə ikili diplom müqaviləsi, 10-larla istehsalat müəssisəsi, idarəetmə qurumu ilə sıx tərəfdaşlıq əlaqələri mövcuddur”.

Professor Gülçöhrə Məmmədova müəllim və tələbə mübadilə proqramları çərçivəsində Türkiyə universitetləri və qurumları ilə əməkdaşlığa da xüsusi diqqət çəkib: “Mübadilə proqramları çərçivəsində AzMİU Türkiyəyə ən çox müəllim və tələbə göndərən, eyni zamanda qəbul edən universitetlərdən biridir. Bununla bağlı statistika olmasa da, şübhəsizdir ki, AzMİU ilk üçlükdə yer alır. Təkcə İstanbul Su və Kanalizasiya İdarəsi (İSKİ) ilə əməkdaşlıq əsasında 200 tələbəmiz Türkiyənin su təchizatı, bu istiqamətdə idarəetmə metodları, tətbiq olunan elmi-texniki qurğularla tanış olublar. İndi həmin gənclər yüksək ixtisaslı mühəndis kadrlar kimi ölkəmizin su təchizatı sektoru üzrə müxtəlif qurumlarında çalışırlar”.

Səfir Cahit Bağçı türkiyəli tələbələrin ən çox təhsil aldığı ikinci universitet – AzMİU-da olmaqdan məmnunluğunu ifadə edib. Cahid Bağçı AzMİU ilə bağlı təsüratının yüksək olduğunu və səfirliyin universiteti yaxından izlədiyini, uğurlarına sevindiyini qeyd edib: “Hesab edirəm ki, AzMİU Azərbaycanın İstanbul Texnik Universitetidir. Burada formalaşan böyük təhsil ənənəsi inkişaf üçün böyük zəmin yaradıb. Türkiyəli tələbələrin böyük hissəsinin AzMİU-nu seçməsi əlbəttə ki, təsadüfi deyil. Universitetdə formalaşdırılan sağlam mühit, tədrisin kefiyyəti bizim gənclərimizin seçimində böyük rol oynayır”.

Səfir çıxışında bildirib ki, AzMİU ilə Türkiyə universitetləri, həmçinin təşkilat və müəssisələri arasında əməkdaşlığın daha da dərinləşdirilməsi səfirlik tərəfindən hər cür dəstək bundan sonra da davam etdiriləcək: “Biz Azərbaycan tələbələrinin Türkiyədə təcrübə mübadiləsinə göndərilməsi məsələsini Elm və Təhsil Nazirliyi ilə müzakirə etmişik. Lazımi qərarlar qəbul olunandan sonra Türkiyə hökumətinin maliyyəsi əsasında AzMİU-nun daha çox tələbəsini Türkiyəyə təcrübəyə göndərmək mümkün olacaq. Şübhəsizdir ki, AzMİU-nun memarlıq və inşaat sahəsi üzrə elmi potensialı bizim müəssisələr üçün də faydalı ola bilər”.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da müzakirələr aparılıb və AzMİU ilə səfirlik arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün hər iki qurumdan kordinator təyin olunub.

Bənzər yazılar