Noyabrın 1-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) birinci kurs tələbələrinə Strasburq Universitetinin tələbə biletlərinin təqdimetmə mərasimi keçirilib.
Tədbirdə ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov, UFAZ-ın icraçı direktor əvəzi Lətifə Nəsibova və baş katib Elizaveta Bydanova və tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan UFAZ-ın icraçı direktor əvəzi Lətifə Nəsibova qonaqları salamlayaraq tədbirin proqramı haqqında onlara məlumat verib. O, UFAZ-ın fərqləndirici xüsusiyyətini vurğulayaraq UFAZ tələbələrinin həm Strasburq Universitetində, həm də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində tələbə kimi qeydiyyatdan keçdiklərini və məzun olduqda iki diplom əldə edəcəklərini qeyd edib.
ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov tələbələri Unistra tələbə kartları almaları münasibətilə təbrik edib və onlara təqdim olunan müxtəlif imkanlardan istifadə etməyi, hər iki ali təhsil müəssisəsi tərəfindən göstərilən dəstək və resurslardan maksimum yararlanmağı tövsiyə edib.
Daha sonra baş katib Elizaveta Bydanova qısa təqdimatla çıxış edərək tələbələri Strasburq Universiteti, onun tarixi və elmi-tədqiqat, innovasiya və sahibkarlıq yönümlü təhsili haqqında məlumat verib.
Tədbirdə eyni zamanda Mövsüm Bəy Xanlarov təqaüdünün qalibləri də elan edilib və sertifikatlarla təltif olunublar. Xatırladaq ki, təqaüd tələbələri həvəsləndirmək və onlara maddi yardım göstərmək məqsədi ilə verilir, bir semestri əhatə edir və dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
Sonda tələbələrə Unistra kartları paylanılıb.

Bənzər yazılar