Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində Respublika fənn olimpiadalarının məktəb mərhələsi təşkil edilib.
BŞTİ-dən Mektebgushesi.az-a bildirilib ki, olimpiadaların rayon (şəhər) mərhələsi iştirakçılarının tərkibinin müəyyənləşdirilməsi məqsədilə təşkil edilən məktəb mərhələsində VIII-XI sinif şagirdləri iştirak ediblər.
Məktəb mərhələsində şagirdlər Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya, biologiya, informatika fənləri üzrə biliklərini sınayıblar. İlk turda yaxşı nəticə göstərən məktəblilər rayon (şəhər) mərhələsi hazırlıqlarına cəlb ediləcəklər.
Qeyd edək ki, Respublika fənn olimpiadalarının keçirilməsində əsas məqsəd istedadlı şagirdləri aşkara çıxarmaq, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənən məktəblilərin potensial imkanlarını inkişaf etdirmək, şagirdlərin ixtisas və peşə seçiminə hazırlanması üçün əlverişli zəmin yaratmaqdan ibarətdir.