Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Doktorant və gənc tədqiqatçıların XXVI Respublika elmi konfransının (NASCO XXVI) açılışı olub.

Tədbirdən əvvəl konfans iştirakçıları Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Açılış mərasimində əvvəlcə Dövlət himni səsləndirilib, Ümümmilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin açılışında çıxış edən BDU-nun rektoru Elçin Babayev qeyd edib ki, konfrans Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi, Azərbaycanda elmin böyük hamisi Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinin qeyd edildiyi “Heydər Əliyev İli”nə təsadüf edir. Digər tərəfdən konfransın suverenliyimizin tam bərpa olunduğu ildə keçirilməsi onu daha da yaddaqalan edir. Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, etibarlı gələcəyin təminatı elm və təhsilin uğurlu inkişafına bağlıdır. Azərbaycanda elm və təhsil sahəsində uğurlu inkişafın əsas mərhələsi məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu dahi şəxsiyyət xalqın intellektual potensialının effektiv təşkilində, elmin dövrün tələblərindən irəli gələn strateji istiqamətlərinin müəyyənləşdirilməsində, fundamental və tətbiqi elm sahələrinin inkişafında müstəsna rol oynayıb. Ulu Öndərin elm və təhsil sahəsində qoyduğu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan dövləti gənclərin elmə marağının və dövlət qayğısının artırılması məqsədilə bir sıra əhəmiyyətli tədbirləri həyata keçirib. Bu tədbirlər həm dövlət səviyyəsində qəbul edilmiş proqramları, həm də ölkə Prezidenti tərəfindən imzalanmış fərman və sərəncamları əhatə edir. Həmçinin, Birinci xanım Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətində elm və təhsilə qayğı mühüm yer tutur.

 

Rektor diqqətə çatdırıb ki, BDU ölkəmizin əhəmiyyətli elm məbədlərindən biri kimi təhsil və elmi tədqiqat sahəsində böyük nailiyyətlər qazanıb. Qazanılan nailiyyətlərdə gənclərin rolu kifayət qədərdir. Universitetin təcrübəli elmi kadrları, tədqiqat laboratoriyaları və beynəlxalq əməkdaşlıq əlaqələri gənclərin yüksək səviyyəli təhsil almasını təmin edir. Digər ali təhsil müəssisələri kimi BDU-nun əsas məqsədlərindən biri ən yüksək standartlara uyğun şəkildə təhsil verərək ölkəmiz üçün layiqli vətəndaşlar yetişdirməyə nail olmaqdır. Gənclərə göstərilən diqqət və qayğı ölkəmizin gələcəyini inkişaf etdirmək üçün əhəmiyyətli bir addımdır.

Elm və təhsil naziri Emin Əmrullayev konfransın işinə uğurlar arzulayıb. Qeyd edib ki, doktorant və gənc tədqiqatçıların Respublika elmi konfransının 26-cı dəfə keçirilməsi bu sahədə uğurlu ənənənin olması deməkdir. Nazir elmin maliyyələşməsinin bu sahənin inkişafı üçün vacib olduğunu vurğulayıb. O qeyd edib ki, bunun üçün ən optimal və uğurlu variantlardan istifadə edilməlidir: “İnsanın əmək fəaliyyəti onun gündəlik fəaliyyəti ilə sıx bağlı olmalıdır. Elmin maliyyələşməsi ilə bağlı islahatlar aparılmalıdır. Biz prosesin maliyyələşməsindən nailiyyətlərin maliyyələşməsinə keçməliyik. Bu zaman fərqli maliyyələşmə metodlarından istifadə olunmalıdır. Artıq ümumi təhsildə bunun həlli yolunu tapmışıq. Ali və orta ixtisas təhsilində də bununla bağlı yollar axtarılmalıdır”.

Nazir diqqətə çatdırıb ki, 2024-cü il elmi siyasətin tətbiqi sahəsində sınaq ili olacaq. Artıq Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tam fəaliyyətə başlayıb və gələn il həmin qurum tərəfindən bir neçə yeni alət tətbiq olunacaq. Artıq BDU ilə bir neçə elmi-tədqiqat institutu arasında müqavilə imzalanıb. 300-ə qədər gənc xarici ölkələrdə doktorantura təhsili almaq üçün göndərilib: “Gənc tədqiqatçıları qabaqcıl ölkələrə qısamüddətli tədqiqatlara göndərmək də vacibdir. Amma bunun üçün həmin gənclərin ingilis dilini bilmələri vacib şərtdir”.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli də konfransın keçirilməsinin önəmini qeyd edib, bunun ölkədə uğurlu elm, təhsil və gənclər siyasətinin bariz nümunəsi olduğunu vurğulayıb. O diqqətə çatdırıb ki, konfrans materialları arasında Qarabağla, Qərbi Azərbaycanla, Böyük Qayıdışla, Vətən müharibəsi ilə bağlı mövzuların üstünlük təşkil etməsi də çox təqdirəlayiqdir.

Təhsil İnstitutunun direktoru səlahiyyətlərini icra edən Elnur Əliyev isə diqqətə çatdırıb ki, konfransa ümumilikdə 279 elmi məqalə təqdim olunub. Onlardan 216-sı qəbul olunub. Konfransa 24 yerli, 7 xarici ali təhsil, 23 elmi-tədqiqat müəsisisəsindən məqalələr verilib. Təqdim olunan məqələlərin böyük əksəriyyəti iqtisadiyyat və idarəetmə, filologiya və mədəniyyətşünaslıq, pedaqogika, psixologiya, tarix, hüquq və s. sahələri əhatə edir.

Çıxışlardan sonra BDU-nun Mədəniyyət Yaradıcılıq Mərkəzinin hazırladığı bədii proqram nümayiş olunub.

Elmi konfrans panellər və bölmə iclasları ilə davam etdirilir. Konfrans öz işini sabah yekunlaşdıracaq.

Bənzər yazılar