Azərbaycan Texniki Universiteti (AzTU) ilə “Bilişim Vadisi Bakı”nın birgə təşkilatçılığı ilə süni intellekt texnologiyaları və kibertəhlükəsizlik sahələrində fəaliyyət göstərən dövlət qurumları nümayəndələrinin, şirkətlərin rəhbərlərinin, mühəndislərin iştirakı ilə sektor görüşü keçirilib.

Əvvəlcə “Bilişim Vadisi Bakı”nın direktoru Qamət Kərimov sektor görüşü barədə məlumat verib. Bildirib ki, bundan sonra hər ay müxtəlif qurumların nümayəndələrinin iştirakı ilə belə görüşlər təşkil olunacaq. Qamət Kərimov “Bilişim Vadisi Bakı”da görülən işlər, həmçinin universitetlərdə texnoparkların yaradılmasının önəmindən danışıb.

Tədbirdə çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev Azərbaycanda texnoloji proseslərin sürətlə inkişaf etdiyi bildirib. Qeyd edib ki, artıq universitetlər də tədris və tədqiqat proqramlarını müasir texnoloji proseslərə uyğunlaşdırır. 44 günlük müharibədə Azərbaycan Ordusunun savaş strategiyası, müasir texnologiyalardan düzgün istifadə olunması dünya hərb tarixində bir ilk idi. Müdafiə sənayesi üzrə yüksəkixtisaslı kadrların hazırlanması dövlətin diqqət mərkəzindədir.

Regionda müdafiə sənayesi üzrə kadr hazırlayan yeganə universitet olan AzTU-nun bu istiqamətdə üzərinə böyük vəzifələr düşür. Müdafiə sənayesi üzrə yüksəkixtisaslı kadrlar AzTU-nun Xüsusi texnika və texnologiya fakültəsində hazırlanır. Rektor deyib ki, müdafiə sənayesi sahəsində AzTU Türkiyə universitetləri və şirkətləri ilə sıx əməkdaşlıq edir.

Tədbirdə “Bilişim Vadisi Bakı”nın rezidenti Türkiyənin “Ordulu Texnologiya” şirkətinin qurucusu Nizaməddin Ordulu “Süni intellektə əsaslanan sistemlərdən istehsal olunan texnologiyaların gələcək hərbi əməliyyatların idarə edilməsinə mümkün təsirləri” adlı təqdimatla çıxış edib.

Nizaməddin Ordulu təqdimat zamanı mövzuya müvafiq olaraq bu istiqamətdə texnoloji yeniliklər haqqında məlumat verib. O, 44 günlük müharibədə süni intellekt texnologiyalarından istifadə olunduğunu da diqqətə çatdırıb.

Daha sonra AzTU-da fəaliyyət göstərən “Bilişim Vadisi Bakı” ziyarət olunub.

Bənzər yazılar