Qəhrəmanımız Fatimə Rəfad qızı Cəbrayılova 17 aprel 2005-ci ildə İsmayıllı rayonunda anadan olub. 2022-ci ildə Bakı şəhəri 252 saylı məktəb-liseyin xüsusi sinfindən əla qiymətlərlə məzun olub. Elə həmin il ali məktəblərə qəbul imtahanlarında iştirak edərək Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Məktəbəqədər təhsil” ixtisasına qəbul olunub. Hazırda II tədris ilinin tələbəsidir.

18 yaşlı Fatimə, eyni zamanda karate üzrə həm dünya çempionu, həm də dünya finalçısıdır. 2023-cü ildə Respublika çempionatında ardıcıl olaraq dördüncü dəfə qələbə qazanaraq Özbəkistanın Daşkənd şəhərində keçirilən Gənclər arasında şotokan karate üzrə XIII Dünya çempionatına getməyə haqq qazanıb. Bu çətin yarışda, o, 8 döyüş keçirərək iki müxtəlif kateqoriyada bir qızıl və bir gümüş medal qazanır – gənclər arasında şotokan karate üzrə dünya çempionu və dünya finalçısı adını alır.

Fatimə Cəbrayılova hazırda dünya reytinqində öz çəkisində 370 beynəlxalq nəticəli idmançı üzrə 27-ci yerdədir.

Xoş gördük! Bizə qısaca Fatimə haqqında məlumat verə bilərsənmi?

Salam, xoş gördük! Fatimə sosiallığı və əylənməyi sevən, çoxlu məqsədləri olan və böyük uğurlar əldə edəcəyinə inanan gənc qızdır.

Necə oldu ki, karate ilə məşğul olmağa başladın?

Balaca olan vaxtlarda hiperaktiv uşaq idim, gecə yaşıdlarımdan gec yatırdım, bacım və qardaşım məndən böyük olduqları üçün işləyirdilər və mən onlara maneə olurdum. Onda ailəm belə qərara gəldi ki, idmanla məşğul olum, enerjimi səmərəli istiqamətə yönəldim. Seçimi mənə buraxdılar, mən isə televiziyada gördüyüm MMA (qaydasız döyüş) növü ilə məşğul olmaq istədim. Lakin, maraqlandıqdan sonra məlum oldu ki, bu idman növü çox təhlükəlidir, ona görə də seçimimiz karate oldu. Həmin vaxt cəmi 5 yaşım var idi. İdmana ilk dəfə bacım aparıb məni, həyatda bir çox şeyi ona borcluyam, eləcə də uğurlarımı.

Məşqlərdə bir müddət özünümüdafiə öyrənib dayandıracaqdım, lakin məşqçimiz bacarığımı bəyəndi və məni imtahana çağırdı. İmtahandan keçdim, içimdə karateyə həvəs yarandı və daha sonra bu həvəs heç vaxt qırılmadı.

İdmanla məktəbdəki dərslərini necə uyğunlaşdırırdın? Bu məsələdə sənə kimlərsə dəstək olurdumu?

Bu barədə heç kim birbaşa dəstək olmurdu, özüm özümü motivasiya edirdim ki, alınacaq. Anam mənə güvənirdi, güvənin boşa çıxarmaq istəməzdim. Dərs və məşqlər birlikdə mənə çox ağır gəlirdi, yaşıma görə məsuliyyətim çox idi. Gün ərzində səhər məktəbə gedir, günortalar əlavə hazırlıqda olur, axşamlar isə iki məşqdə olurdum, evə də gec saatlarda çatdırdım. Növbəti günün dərslərini hazırlamağı da axşama salırdım. Düzü indi də ağır rejimdi, amma mənim üçün əsas olan nailiyyət qazanmaqdır.

İlk yarışını, ilk qələbəni xatırlayırsanmı, hansı hissləri keçirmişdin?

İlk qələbəmi “Caspian Open” turnirində qazanmışam, onda 6 yaşım var idi. İlk çıxışa görə kifayət qədər böyük yarış idi və turnirdə müxtəlif ölkələrin idmançıları iştirak edirdi. Çox həyəcanlı olsam da, inamla mübarizə aparıb nəticədə qalib olmuşdum və həmin an sevincdən ağladığımı xatırlayıram. Həmin gün qardaşım mənə “Sən hər şeyi bacararsan!” demişdi. Hər dəfə zədələnəndə və ya məğlub olanda bu sözü xatırlayıram.

Ardıcıl olaraq Respublika çempionatlarının qalibi olmağın sirri nədədir?

İntensiv məşqlər və məqsədyönlülük. Rəqiblərim nə qədər güclü olsa da, həmişə qazanacağıma inanıram. Sözsüz ki, nailiyyətlərimdə şəxsi məşqçim Seymur Xudaverdiyevin rolu daha böyükdür, heç vaxt dəstəyini əsirgəmir. Hər döyüşdən qabaq məşqçimin “tatamidəki qardaşın da olsa, rəqibindir” ifadəsini təkrarlayaraq tatamiyə çıxıram. Bu fikirimi cəmləməyə, məqsədə yönəlməyimə səbəb olur.

Eyni zamanda Respublika çempionatlarında qalib gəlmək beynəlxalq turnirlərə vəsiqədir. Bu da hədəfə çatmaq yolunda böyük bir stimuldur.

Beynəlxalq arenada qazandığın uğurların haqqında danışa bilərsənmi?

İndiyədək vətənimizə müxtəlif ölkələrdən müxtəlif medallarla gəlmişəm. Hətta deyərdim ki, bir müddət sonra insan bunu missiya hesab edir, medalsız qayıtmaq istəmirsən, özünə sığışdırmırsan. Həm də hər dəfə medalların içinə yenisi əlavə olunanda daha çox həvəslənirsən, xüsusən də xarici ölkələrdən, beynəlxalq yarışlardan olanda. Rusiya, Özbəkistan, Moldova, Ukrayna, Türkiyə, İran, Gürcüstan, Finlandiya, Şimali Kipr, Çexiya və s. kimi müxtəlif ölkələrdə keçirilən yarışlarda, liqalarda və nəhayət Avropa və dünya çempionatlarında iştirak etmişəm. Və Avropa çempionatları istisna olmaqla digər yarışlardan medalla dönmüşəm. İnanıram ki, yaxın zamanda qitə çempionatından da uğurla dönəcəyəm.

Dünya çempionu adına sahib olduğun sonuncu yarış haqqında nələr deyə bilərsən? Bu yəqin ki, çoxdankı hədəf idi…

Bu 12 ildir xəyalını qurduğum arzu idi. Sonra məqsəd oldu, sonda isə, nəhayət, nəticə. Qəribə hiss idi, uzaq-yaxın hamı təbrik edirdi, artıq, adi bir idmançı yox, dünya çempionu idim. İnanıram ki, bu uğuru dəfələrlə təkrarlayacağam. Qürurverici hissi yenidən yaşamaq, Azərbaycana qalib kimi dönmək istəyirəm. Yarışdan öncə çox ağır rejimim var idi, işləyirdim, məşq edirdim. Amma bilirdim ki, əziyyətim yerdə qalmayacaq. Elə də oldu. Anamın və məşqçim Seymur müəllimin dəstəyi sayəsində psixoloji olaraq da gücləndim. Medalı alan kimi ilk bacıma zəng elədim, sevincdən ağlayırdı, onda tam olaraq başa düşdüm dünya çempionu olduğumu və özümlə fəxr etdim. Bacım da sanki mənim üzərimmdə olan əziyyətinin qarşılığını almış kimi idi.

Bundan sonra qarşında hansı hədəflərin var?

Qarşıda növbəti Respublika çempionatı var və ondan bir gün sonra İtaliyaya səfərimiz baş tutacaq. Premyer Liqada da uğur qazanacağıma inanıram. 2024-cü il isə tamamilə çətin silsilə yarışların olacağı bir ildir. Özümü yaxşı hazırlamalıyam.

İdman sahəsindəki peşəkar karyeranda sənə uğurlar arzulayırıq, inanırıq ki, daim ölkəmizin adını yüksəklərə qaldıracaqsan. Bəs ali təhsil həyatın haqqında nələr deyə bilərsən?  Pedaqoji Universitetdə təhsil almağın hansı üstünlükləri var?

Pedaqoji Universitet mənim xarakerimə çox müsbət xüsusiyyətlər qatır, dünyagörüşüm, həyati təcrübəm və psixoloji hazırlıq səviyyəmi dərslərdə öyrəndiklərim sayəsində artırıram. Müəllimlərim, xüsusilə, fakültə və kafedraların rəhbərliyi mənə olan inamlarını daim dilə gətirirlər və bu məni həm xoşbəxt edir, həm həvəsləndirir, həm də üzərimdə müsbət məsuliyyət yaradır.

Təhsil həyatını hansı istiqamətdə davam etdirmək istəyirsən? Karatedəki uğurunu təhsil sahəsində, təhsilin idarəolunmasında təkrarlamaq istəyirsənmi?

Əslində, təhsilimi təhsilin idarəolunmasında yox, hüquq üzrə davam etdirmək istəyirəm, ölkə xaricində və ya ölkədaxili akademiyalardan birində ikinci bakalavr təhsili almaq istəyirəm. İnanıram ki, bu sahədə də uğurlu olacağam. Hər iki sahədə öz dəst-xətimi yaradacağıma əminəm. Amma hazırkı ixtisasım mənə şəxsi həyatıma, insanlara və balaca idmançılara necə yanaşmalı olduğumu öyrədir, bu çox böyük üstünlükdür.

Tələbə dostlarına, həmyaşıdlarına bir cümləlik çağırış etmək imkanın olsaydı, bu hansı cümlə olardı?

Qadınlar zəif deyil, zərifdir, qorxmayın siz də addım atın.

Ümumi olaraq isə “Bəlkə bacaracağam deyərək yox, mən bacaracağam deyərək başlayın!” deyərdim.

Təşəkkür edirik, uğur daim gəncliyimizlə olsun!

 

Taleh MİRZƏYEV,

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin redaktoru

 

Bənzər yazılar