Özəl bölmələrə üstünlük verilməsinin səbəbi nədir?

Mektebgushesi.az xəbər verir ki, bu suala təhsil eksperti Elşən Qafarov 24 media.az-a müsahibəsində cavab verib . O, valideynlərin məktəbəqədər hazırlıqlar və ya bağçalar arasında seçim edərkən özəl bölmələrə üstünlük verilməsinin səbəblərindən danışıb.

-Valideynlər övladlarını bağçalara, məktəbəqədər hazırlıqlara qoyarkən dövlət və özəl sektorlar arasında seçim edirlər. Bir çox valideynlər özəl bölmələrə üstünlük verirlər. Sizcə, bunun səbəbi nədir?

Valideynlər məktəbəqədər təhsil müəssisələrinə övladlarını qoyarkən, ilk növbədə, evə daha yaxın ərazidə yerləşən dövlət məktəbəqədər təhsil müəssisəsi axtarırlar. Ölkədə məktəbəqədər təhsil müəssisələrinin sayı azdır və uşaq yerlərində də problem var. Məktəbəqədər təhsil müəssisələrinin əhatəliliyi 2011-ci ildən rayon icra hakimiyyətlərinə verildikdən sonra bu şəbəkə inkişaf etmədi, yeni məktəbəqədər təhsil müəssisələri tikilmədi. Bu səbəbdən bu gün məktəbəqədər təhsil müəssisəsinə gedəcək olan uşaqların böyük bir hissəsi kənarda qalıb. Bu boşluğu qismən özəl bölmələr ödəyir, özəl bölmələr qruplarda uşaq sayı azdır. Lakin burada ciddi bir məsələ var ki, məktəbəqədər təhsil müəssisələri və ya bağça adı ilə fəaliyyət göstərən müəssisələrin çoxu “MMC”-lərdir (Məhdud Məsuliyyətli Cəmiyyət) bunlar bağça deyillər.

Nazirlər Kabinetinin “Təhsil müəssisələrinin sanitar-gigiyenik normaları haqqında 171 saylı qərarına” uyğun deyillər və əksər hallarda fəaliyyət göstərən, uşaq bağçası adlandıran həmin kommersiya müəssisələrində sanitar-gigiyenik normalardan başqa, eyni zamanda, tədris edən şəxslər də pedaqoji təhsilli deyil və yaxud məktəbəqədər təhsilin tədrisi ilə bağlı təhsilləri yoxdur. Bu baxımdan valideynlərə mümkün qədər dövlət mülkiyyətində olan məktəbəqədər təhsil müəssisələrinə müraciət etmələrini tövsiyə edirəm.

Bənzər yazılar