Elm və təhsil naziri Emin Əmrullayev “Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” adlı beynəlxalq elmi-praktiki konfransda çıxışı zamanı bildirib ki, növbəti mərhələlərdə məktəbəqədər təhsil mütəxəssisləri minimum bakalavr təhsil sahəsində hazırlanmasına nail olunacaq:

“Az qala gələcəyimizin məktəbəqədər təhsildən asılı olduğundan danışırıqsa, orada təhsilli, bacarıqlı insanların işləməsini təmin etməyimiz olduqca vacibdir. Uzun müddətdir ki, orta ixtisas təhsilli ibtidai sinif müəllimləri hazırlanır. Yəqin ki, eyni qayda məktəbəqədər təhsilə də tətbiq olunacaq. Növbəti mərhələlərdə məktəbəqədər təhsil mütəxəssislərinin məhz ali təhsil sahəsində, yəni minimum bakalavr təhsil sahəsində hazırlanmasına nail olmalıyıq”.

Valyuta.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli bildirib ki, Elm və təhsil nazirinin bu münasibəti hazırkı vəziyyətə adekvat deyil:

“Nazir istəyirsə ki, bağçadakı müəllimlərin hamısı ali təhsilli olsun, onda kolleclərdəki məktəbəqədər təhsil ixtisasını ləğv etməlidir. Əks halda bu ixtisaslarda təhsil alan tələbələr və yeni məzun olanların arasında ciddi gərginlik yaradacaq. Bu açıqlama əslində kollec məzunlarının hüquqlarını tapdalanması deməkdir. Düşüünürəm ki, bu fikirə yaxın günlərdə aydınlıq gətiriləcək. Fikrimcə səslənən bu fikirdə müəyyən qədər təzad var”.

Bənzər yazılar