Dekabrın 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Magistratura və doktorantura şöbəsi və Xarici Dillər Mərkəzinin dosenti Qəribə Məmmədovanın birgə təşkilatçılığı ilə “Ümummilli Lider Heydər Əliyev – 100” mövzusunda tədbir keçirilib. Tədbirdə müəllimlər, şöbənin əməkdaşları, müxtəlif ixtisaslaşmalar üzrə təhsil alan magistrantlar iştirak ediblər.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan vətən övladlarının xatirəsi yad edilib,  Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Magistratura və doktorantura şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rəşad Sadıqov tədbiri giriş sözü ilə açaraq şöbədə son illərdə Universitet rəhbərliyinin diqqət və dəstəyi, dosent Qəribə Məmmədovanın və magistrantların fəallığı sayəsində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi ərərfəsində il ərzində qeyd olunan böyük yubileylərə həsr olunmuş tədbirin keçirilməsi ənənəsinin formalaşdığını bildirib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar  ölkəmizdə və dünyanın bir sıra ölkələrində müxtəlif tədbirlərin, forumların, konfransların, mədəni-kütləvi tədbirlərin keçirildiyi qeyd olunub. Vurğulanıb ki, “Heydər Əliyev İli”ndə xalqımızın çoxəsrlik tarixində ən vacib hadisələrdən biri baş verib. Məhz 2023-cü il oktyabrın 15-də qalib Dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Prezident vəzifəsinə seçilməsinin 20 illiyində tarixi torpaqlarımız olan Xankəndində, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda Dövlət bayrağımızı ucaldıb. Bununla yanaşı, 2023-cü il üçün Şuşa şəhərinin Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi Azərbaycan xalqının böyük mədəniyyətinin, qəhrəmanlıq tarixinin ölkə hüdudularından kənara çıxmasına, daha geniş təbliğ olunmasına imkan verib.

Tədbirdə “Təhsildə qiymətləndirmə və monitorinq” ixtisaslaşması üzrə I tədris ili magistrantları “Heydər Əliyevin həyatının ilk illəri”, “Bir dahi doğulub gəlir dünyaya”, “Heydər Əliyevin siyasi fəaliyyəti”, “Heydər Əliyev və təhsil”, “Heydər Əliyev və neft strategiyası” mövzularında Azərbaycan və ingilis dillərində çıxış ediblər. “Biologiya fənninin tədrisi metodikası və metodologiyası”, “Kimya fənninin tədrisi metodikası və metodologiyası” və “Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq fənninin tədrisi metodikası və metodologiyası” ixtisaslaşmaları üzrə II tədris ili magistrantları “Heydər Əliyevin hərbi kadrların hazırlanmasında rolu”, “Heydər Əliyev və gənclərin Respublikadan kənarda təhsili”, “Heydər Əliyev siyasətinin uğurlu davamı” mövzularında təqdimatlarla çıxış ediblər.

“Pedoqogika nəzəriyyəsi və tarixi”, “Təhsildə sosial-psixoloji xidmət” ixtisaslaşmaları üzrə I tədris ili magistrantları Ümummili Liderə həsr olunmuş “Ulu Öndər”, “Ulu bir sərkərdə”, “Heydər atamız”, “Onu zaman seçib”, “Vətən oğlu” şeirlərini səsləndiriblər. Tədbirdə Ulu Öndər Heydər Əliyevin Şuşada keçirilən Xarıbülbül festivalında səslənən çıxışı, İlham Əliyevin atasının məzarı üstündə çıxışı, Şuşada Azərbaycan bayrağının ucaldılması haqqında videoçarxlar nümayiş olunub. Tədbirdə iştirak edən magistrantlar tərəfindən Ulu Öndər Heydər Əliyevin 100 kəlamı səsləndirilib.

Sonra tədbirin təşkilatçısı, filologiya üzrə fəlsəfə doktoru, dosent Qəribə Məmmədova çıxış edib. O, yaradılan şəraitə görə Universitet rəhbərliyinə təşkilatçılar adından təşəkkürünü bildirib, Ulu Öndər Heydər Əliyevin şəxsiyyəti, onun dahiliyi haqqında fikirlərini səsləndirib, tələbəlik xatirələrini danışıb. 2023-cü ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin bütün ərazilərində suverenliyimizin tam bərqərar olmasının, Şuşada keçirilən silsilə tədbirlərin qürürverici hadisə olduğunu vurğulayıb.

Sonda tədbir iştirakçıları kollektiv halda “Xalq Heydər söyləyəcək” mahnısını səsləndiriblər. Onu da qeyd edək ki, dekabrın 12-də Ulu Öndər Heydər Əliyevin anım günündə magistratura səviyyəsində birinci dərslərin bir hissəsi dahi rəhbərin həyat və fəaliyyətinə həsr olunub.

Bənzər yazılar