Dekabrın 14-də Quba Rayon İcra Hakimiyyəti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının birgə təşkilatçılığı ilə şair Tofiq Nurəlinin anadan olmasının 70 illik yubileyi ilə əlaqədar “Darıxan nəğmələr: gözəllik uğrunda deyilən sözün 70 yaşı”  mövzusunda tədbir keçirilib.

Filialın tələbələri Səma Asəfova və Rəşad Abdullayevin moderatorluğu ilə keçirilən tədbirdə, əvvəlcə, Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, şair Tofiq Nurəliyə həsr edilmiş videoçarx və kitab sərgisi nümayiş etdirilib.

Tədbirdə Quba RİH-nin məsul əməkdaşı Anar Məmmədov, Siyəzən RİH-nin məsul əməkdaşı Bəybala Bəybalayev, filialın direktor müavini, p.f.d. Aysel Şeydayeva, AYB-nin katibi İlqar Fəhmi, AYB-nin Quba bölməsinin sədri, tanınmış şair Ramiz Qusarçaylı, tanınmış yazıçı-publisist, sənətşünas Əkrəm Qaflanoğlu, şəhid kapitan Aqil Məlikovun atası Niyaz Məlikov, Əməkdar dövlət qulluqçusu, jurnalist İsrafil Qurbanov, şair-publisist, AYB-nin üzvü Zakir Məmməd,  şair, tərcüməçi, “Qobustan” jurnalının baş redaktor müavini Maarif Soltan, tanınmış şair, “Mars”  jurnalının redaktoru Ağacəfər Həsənli çıxış edib, şairlə bağlı xatirələrini, tədqiqatlarını danışıblar, şeirlərindəki səmimiyyəti, gözəlliyə vurğunluğunu, gənclər tərəfindən şeirlərinin daha çox sevildiyini dilə gətiriblər.

Çıxış edən şair, həkim Tofiq Nurəli də göstərilən diqqətə görə Quba Rayon İcra Hakimiyyətinə və filial rəhbərliyinə təşəkkürünü bildirib, haqqında qeyd edilən fikirlərdən məmnunluğunu ifadə edib, ona ünvanlanan sualları cavablandırıb.

Tədbirdə, həmçinin Tofiq Niyətulla oğlu Hacıyev (Tofiq Nurəli) Azərbaycan poeziyasının zənginləşməsindəki xidmətlərinə görə və 70 illik yubileyi münasibətilə filialın direktoru, dos.Yusif Alıyevin əmri ilə “Fəxri diplom”la təltif edilib.

Sonra Filialın tələbələri tərəfindən şairin şeirləri səsləndirilib.

Bənzər yazılar