Bakı Mühəndislik Universitetində (BMU) “Narkomaniya ümumbəşəri bəladır” və “Kibertalamalarla mübarizə” mövzularına həsr olunmuş maarifləndirici tədbir keçirilib.

BMU və Abşeron Rayon Polis İdarəsinin birgə təşkilatçılığı, Abşeron Rayon İcra hakimiyyətinin dəstəyi ilə keçirilən tədbirdə tələbələr, aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak edib.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü yolunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Narkomaniya və kibertalama mövzularını əks etdirən videoçarxların nümayişindən sonra açılış nitqi ilə çıxış edən BMU-nun tərbiyə işləri üzrə prorektoru Bayram Hüseynzadə universitet rəhbərliyi adından qonaqları salamlayıb və belə tədbirlərin keçirilməsinin önəmini vurğulayıb. BMU tələbələri ilə Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının mütəmadi görüşlərinin təşkil olunduğunu qeyd edən, eyni zamanda gənclər arasında sağlam həyat tərzinin təbliği sahəsində universitetdə görülən işlərlə bağlı tədbir iştirakçılarını məlumatlandıran prorektor tələbələri pis vərdişlərdən uzaq olmağa və bəşəriyyətimizin bəlası olan narkomaniya ilə mübarizədə həmrəy olmağa çağırıb.

Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova ölkəmizdə narkomaniyaya qarşı dövlət səviyyəsində aparılan mübarizənin uğurlu nəticələrini vurğulayıb. Abşeron İcra Hakimiyyətində də bununla bağlı müvafiq komissiyanın yaradıldığını bildirən icra başçının müavini təhsil müəssisələrində maarifləndirici tədbirlərin keçirildiyini, həmçinin narkomaniyadan əziyyət çəkən şəxlərin müalicəsi ilə bağlı bir sıra tədbirlərin görüldüyünü söyləyib. Azərbaycan gənclərinin 44 günlük Vətən müharibəsində göstərdiyi şücaətə toxunan Gülnar Rəhimova tələbələrə sağlam gələcək arzulayıb və onları dövlətimizin apardığı narkomaniya ilə mübarizə tədbirlərinə dəstək olmağa səsləyib.

Abşeron Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Vüsal Axundov narkomaniya ilə mübarizə mövzusunda geniş məruzə ilə çıxış edib. 1996-cı ildə ulu öndər Heydər Əliyev tərəfindən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının yaradıldığını bildirən Vüsal Axundov Azərbaycanda beş ildən bir narkomaniya ilə mübarizəyə dair Dövlət Proqramının tərtib olunduğunu deyib. Bildirib ki, bu proqramlar narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı qətiyyətli mübarizənin təmin edilməsi baxımından olduqca önəmlidir. Ümummilli Liderimizin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclərimizin sağlam ruhda, bilikli, vətənpərvər ruhda böyüməsi yönündə atılan mühüm addımları vurğulayan rəis müavini məruzəsində dövlət tərəfindən mütəmadi gerçəkləşdirilən konkret tədbirləri diqqətə çatdırıb. Eyni zamanda, narkomaniya və kibertalama ilə mübarizəyə kompleks yanaşma nəticəsində əldə olunan müsbət nəticələrdən ətraflı danışıb.

Abşeron Rayon Mərkəzi Xəstəxanasının həkimi Pərvanə Əliyeva narkotik və psixotrop maddələrin insan sağlamlığına vurduğu zərərlərdən və narkotiklərdən qorunma yollarından bəhs edib. Gənclər arasında narkomaniyaya meyilliliyin olduğunu önə çəkən həkim narkomanlığa düçar olmuş şəxslərin müalicəsi və reabilitasiyası istiqamətində aparılan müasir müalicə metodlarını dilə gətirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis mayoru Teymur Əlizadə bəşəriyyət üçün ciddi bəlaya çevrilmiş narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin dövlət siyasətində mühüm istiqamətlərdən birini təşkil etdiyini deyib və nazirlik tərəfindən həyata keçirilən tədbirləri vurğulayıb. Narkotik aludəçisinin təkcə bir ailənin deyil, sonradan bir cəmiyyətin faciəsinə çevrildiyinə diqqət çəkən nazirlik rəsmisi narkomaniya və kibertalama ilə mübarizədə dövlət orqanları və ictimaiyyətin müştərək fəaliyyətinin önəmini qeyd edib. Teymur Əlizadə gəncləri narkotacirlərin, dələduzların yalançı vədlərinə aldanmamalarını və bu kimi hallarla rastaşdığı zaman Daxili İşlər Nazirliyinin Zəng mərkəzinə (102) məlumat vermələrini bildirib.

Qobu Polis Bölməsinin rəisi, polis mayoru Zaur Babazadə isə “Kibertalamalarla mübarizə” mövzusunda çıxış edib. Kibercinayətkarlar tərəfindən müxtəlif sosial media hesabları vasitəsilə vətəndaşların şəxsi məlumatlarının, kart məlumatlarının əldə olunduğunu bildirən bölmə rəisi bu kimi hallardan yayınmağın yollarını nümunələrlə tədbir iştirakçılarının diqqətinə çatdırıb. Tələbələrin narkomaniyaya və kibertalamalarla mübarizədə daima maariflənmələrinin vacibliyini vurğulayan Zaur Babazadə sağlam həyat tərzinin təbliği, kibertəhlükəszilik tədbirlərinin gücləndirilməsi, müvafiq ehtiyat tədbirləri və s. mühüm məsələlərə toxunub.

Sonra tədbirdə mövzu ilə bağlı suallar cavablandırılıb.

Bənzər yazılar