Qazaxıstan-Britaniya Texniki Universitetinin alimləri – filologiya elmləri doktoru, professor Janat Turarbekkızı Dauletbekova və filologiya üzrə fəlsəfə doktoru, dosent Rai Kairat Magauuly Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin qonağı olublar. Türkologiya kafedrasında baş tutan görüşdə Dünya Gənc Türk Yazarlar Birliyinin İdarə Heyətinin sədri İntiqam Yaşar, kafedranın professor-müəllim heyəti, “Türkoloji araşdırmalar” elmi-tədqiqat laboratoriyasının əməkdaşları və gənc tədqiqatçılar iştirak ediblər.
Universitetdən Mektebgushesi.az-a bildirilib ki, BDU-nun Türkologiya kafedrasının müdiri, professor Məhərrəm Məmmədov kafedranın tarixi, tədris və tədqiqat istiqamətləri, qazax dili və ədəbiyyatının tədrisinin mövcud vəziyyəti haqqında danışıb.
Sonra qazaxıstanlı alimlər öz elmi işləri, Qazaxıstan-Britaniya Texniki Universitetinin fəaliyyəti barədə məlumat veriblər. Qazaxıstan-Azərbaycan elmi-mədəni əlaqələrindən söz açan qonaqlar bildiriblər ki, bu əlaqələr gün keçdikcə daha da möhkəmlənəcək, qarşılıqlı təcrübə mübadiləsi davam etdiriləcək.
Görüş zamanı qarşılıqlı əməkdaşlığın perspektivləri barədə müzakirələr aparılıb.

Bənzər yazılar