Məhəmməd Həmzənin gizli xəzinəsi

XIV əsrin sonuncu onilliyi… Anadolu bazarlarının birində  qərib, ortayaşlı, amma saçı-saqqalı bəmbəyaz ağarmış bir kişi və onun yanında yeyin addımlarla gedən atın üzərindəki 7 yaşlı oğlan kimsənin marağında belə deyildi. İnsanlar  hər zamankı kimi işində, xırda-para ticarətində idilər. Bazar meydanında bircə nəfər də olsun, bu ağsaçlı kişiyə gözucu belə baxmır, uşağa isə ümumiyyətlə fikir vermirdi. Daha xəbərləri yox idi ki, atın üzərindəki həmin 7 yaşlı uşaq gələcəkdə nəinki Osmanlının, bütün Şərqin “fateh bilgəsi” sayılacaq, Fateh Mehmed kimi sultanı yetişdirəcək, İstanbulun fəthi zamanı özünün parlaq zəkası ilə ona əsaslı tövsiyələrini verəcək Ağ Şəmsəddindir. Orta yaşlı, ağsaçlı-saqqalı kişi isə onun atası, uzun müddət Şam şəhərində müdərrislik etmiş, nicat yolunu isə Osmanlıda görmüş Məhəmməd Həmzə idi. O, əslən azərbaycanlı olan böyük filosof, işraqilik düşüncəsinin banisi olan Şihabəddin Yəhya Sührəverdinin nəslindən idi. Böyük filosofun mənəvi mirası, düşüncəsi onun ardıcıllarına da keçmişdi. Amma sözsüz  ki, Sührəverdi özündən sonra ən yaxşı təmsil edən ardıcılı hələ 6 yaşında ikən bütün “Qurani-Kərim”i əzbər öyrənmiş, elmə xüsusi sevgisi ilə seçilən Şəmsəddin idi.

Bu gün də istər türk, istər ərəb-fars, istərsə də Avropa tədqiqatçıları Şəmsəddinin Azərbaycandan olmasını inkar etmir. Şamda müdərrislik edən atası sonradan bu missiyasını davam etdirməkdən yana Anadoluya gəlir. O zaman yeddi yaşı olmasına baxmayaraq, Ağ Şəmsəddin Quranı əzbər öyrənir. Amma bu hələ harasıdır…

Gələcəkdə o həm Sultan Fateh Mehmedin birinci və əsas müəllimi, baş məsləhətçisi, həm də böyük övliya və həkim kimi tanınacaqdı. Onun böyük tibb alimi kimi yetişməsindən az sonra ətraflı danışacağıq. Hələlik onu deyək ki, bütün dünyada tibb elmində iki böyük nəzəriyyənin banisi kimi xatırlanmaqdadır.

Bayram Vəlinin çağırışı

Şəmsəddin gənc yaşlarında Şərqin böyük sufilərindən biri Hacı Bayram Vəlinin ən nüfuzlu müridi olur. Onu başqa tələbələrdən fərqləndirən bir cəhəti də tibb və əczaçılığa az-çox vaqif olması idi. Bunu əvvəlcə atasından, daha sonra isə Göynükdəki mədrəsə ustasından mənimsəmiş, atasının Şamdan gətirdiyi tibb kitablarını əzbərləmişdi. Elə bir gün də Hacı Bayram Vəli ilə söhbətləşərkən bir kişi çox qaçmaqdan təntimiş halda içəri girir. “Hacı Bayram kömək elə, obadakı uşaqlar bir-bir qırılır” deyə ağlayır və yeganə kömək ala biləcəyi sufidən də kömək etməsini xahiş edir. Məlum olur ki, Ankaranın çox kənar bir yerində oba başçısı olan bu kişi digər obanın başçısı ilə düşmən kəsildiyindən ondan həmişə pislik görüb. Axırda həmin adam bu obanın istifadə etdiyi su quyusunu murdarlayaraq, yəni, ora ölmüş siçan atmaqla ölümcül mikrob yayıb. Obaya Hacı Bayramla gələn Şəmsəddin uşaqları yoxladıqdan sonra məsələnin ağır olduğunu anlayır. Əczaçılıq qabiliyyətini işə salaraq müxtəlif dərman bitkiləri toplayıb məlhəmlər hazırlayır. Onun əsas işi nəticəni törədən fəsadları, səbəbləri aradan qaldırmaq idi. Şəmsəddin xəstəliyin kökündə duran mikrobun zərərsizləşdirilməsi nəticəsində əsil sağlamlığın formalaşması qənaətinə gəlir. Beləcə, o topladığı dərmanı da birbaşa nəticə olan xəstəliyin yox, səbəb olan mikrobun dəfinə yönəldir. Cəmi bircə həftədən sonra bütün kiçik uşaqlar şiddətli qızdırmadan və halsızlıqdan xilas olur. Bu hadisə Şəmsəddində tibbə olan marağı daha da artırır. Təbii ki, o da böyük mənəvi ustadı İbn Sina kimi təsəvvüflə, hikmətlə tibbin ortaq sintezinə meyl edir. Sonradan yazacağı “Kitabül-Tibb”, “Şərhi əhvali Hacı Bayram Vəli” əsərlərində də bu məsələlərdən bəhs edir. Beləliklə, o, axtarışlarını davam etdirərək mikrob nəzəriyyəsinin əsasını qoyur. “Kitabül Tibb”də bunun açıq-aşkar izahını verir. O dövrün Avropası isə mikrob nəzəriyyəsi ilə yalnız XIX əsrdə tanış olur. Lui Paster nisbətən etdiyi cüzi əlavələrlə ondan 400 il əvvəl bunu kəşf edən Ağ Şəmsəddindən, yüngül desək, oğurluq etmiş olur. Amma “Kitabül-Tibb”də ərz olunan mikrob və onu zərərsizləşdirməyin yolları bu gün də öz aktuallığını qoruyub saxlayır.

Bunlardan əlavə, Ağ Şəmsəddin özünün mikrob, infeksiya  haqqındakı fərziyyələri, elmi mülahizələri ilə də nə dərəcədə böyük bir alim olduğunu çoxdan sübuta yetirib. Ağ Şəmsəddin “Risalətun-Nuriyə”, “Halli Muşkilat”, “Məqamati Övliya”, “Kitabut Tibb”, “Maddətul-Hayat”, “Dəfi Mətain” və “Nəsihətnamei-Ağşəmsəddin” əsərlərini yazıb ki, onların da böyük əksəriyyəti tiblə əlaqəlidir.

Amma Ağ Şəmsəddinin böyüklüyü onda idi ki, o, tibb, fəlsəfə, pedaqogikanı da irfani çalarlarla, təsəvvüfi meyllərlə əlaqələndirir, suyunu içdiyi Azərbaycanın, bütünlüklə Şərqin metafizik dünyası ilə vəhdətdə tuturdu. Əslində, o, özü istəməsəydi də, bu cür edəcəkdi və etməli idi. Çünki Ali məqamın vəli xidmətçiləri Haqq rizası ilə çağırdıqları müridlərini özlərindən sonra bir günəş kimi var etmək istərlər. Ankaralı Şeyx Hacı Bayram Vəli də məhz onu seçmişdi. Təkkədəki dərvişlərinə Ağ Şəmsəddin onsuz da bir günəş idi.

Elə burada da haşiyəyə çıxaraq Hacı Bayram Vəli ilə Ağ Şəmsəddin haqqında iki maraqlı olayı qeyd edək: Ağ Şəmsəddin Osmanlıca adlanan kiçik qəsəbədəki mədrəsəyə artıq sığmaq bilmir, elm dəryasının daha dərin yerlərinə baş vurmaq istəyirdi. Şeyxi ilə danışdı, hallallıq alıb getmək istədi. Gethagetdə ayaq saxlayaraq, müəlliminə qəribə bir olayı bildirir. Günlərdir ki, ona rahatlıq verməyən yuxunu danışır. O, hər gün yuxuda naməlum bir yerə aparıldığını, orada isə zəncirdən tutub pilləkənləri çıxdığını, ən sonra necə olursa, zəncirlə əlaqəni itirdiyini deyir. Şeyx barmağını dişləyir və ona “buralar artıq sənə dar gələr” deyərək halallığını verir. Son məsləhət olaraq isə Ankaradakı Hacı Bayrama baş çəkməsini istəyir. Ağ Şəmsəddin heybəsi belində, sarığı əynində, dərviş əsası da əlində, Ankaraya yol alır. Yolda quyu kənarında soluxlanıb, dincəlmək istəyən bir dərvişlə rastlaşır. Ona məramını deyir. Dərviş cavabında, yanına varacaq başqa mürşid tapa bilmədinmi soruşur, Hacı Bayramın müridləri ilə birlikdə Ankara bazarında diləndiyini bildirir. Ağ Şəmsəddin bundan mütəəssir olsa da, qərarından dönmür, düz Hacı Bayramın yaşadığı meydana qədər gedir. Bazar meydanında doğrudan  da dərvişlərin diləndiyini görür. Təbii ki, bunun bir hikməti də var idi. Amma gənc Şəmsəddin bu hikmət haqqında düşünməyi vacib bilmir. Hacı Bayram ona yaxınlaşıb pul istəyir. Alır, amma yenə də bir-birilərinə sual dolu baxışlarla baxırlar. Sonda Hacı Bayramın elə özündən onu tanıyıb tanımadığını soruşur. Şeyx cavabında deyir: “Hacı Bayram kiminsə boynuna zəncir taxdımı, o Hələbdə də olsa qayıdıb geri dönər”. Ağ Şəmsəddin daha orada qalmır, Şama doğru yol alır. Aylarla yolda olur, amma həmin yuxular yenə də onu yormağa başlayır.

Hansısa sehirli bir zəncirin onu boğamağa başladığını hiss edir. Bu dəfələrlə təkrarlandıqdan sonra xətasını anlayır. Yenidən Hacı Bayramın yanına geri dönür. Aylarla səfər etdikdən sonra Hacı Bayram Vəli onu heç də yaxşı qarşılamır. Yeməyi belə əvvəlcə ona başqa şərtlər altında yeməsini təklif etsə də, sonradan fikrindən daşınır. Ağ Şəmsəddin sınaqdan yaxşı keçmişdi. O sonradan bu dərgahın ən ünlü simasına çevriləcəkdi. Dərgahdan birbaşa sultan sarayına yol alacaqdı.

Saraydakı müəllim

Ağ Şəmsəddinin Osmanlı sarayına getməsi və Fateh Mehmedə müəllimlik etməsinin qəribə tarixçəsi var: Bir gün Hacı Bayram Vəliyə sultandan namə gəlir. Naməni oxuyan şeyx müridlərinə bildirir ki, Sultan II Murad onu paytaxt Ədirnəyə dəvət edir. Bu onun özünə də çox təəccüblü gəlir. Elə saray elçisinə qoşularaq paytaxta gələn Hacı Bayram sultan tərəfindən böyük hörmətlə qarşılanır. Sultan Murad onu bir həftə buraxmır, dayanmadan məsləhətlərini dinləyir. Axırda iş o yerə çatır ki, sultan ona vəzirliyi təklif edir. Ömrünün ahıl yaşına çatan övliya, təbii ki, bu təklifi xəfif bir gülümsəmə ilə qarşılayır. Cavab verir ki, könül sultanlığını bu yaşda dünya taxtına dəyişəcək halı yoxdur. “Amma sənə elə bir gövhər verəcəyəm ki, gələcəkdə par-par parlayacaq, indi bizdən uzaqda qalan Konistantinopolu da ələ keçirəcək” deyir. Sözlərdən sultan təəccüblənir və cavab verir ki, onun bu yaxınlarda bir övladı olacaq. Bütün ruhumla oğlan olacağını və nəhəng İstanbulu fəth edəcəyinə inanıram. Bayram Vəli təmkinini pozmadan: “İstanbulun fəthini nə sən görəcəksən, nə də mən. Onu sənin gövhərin olan sultan oğlunla mənim gövhərim Ağ Şəmsəddin fəth edəcək”. Belə də olur. Gənc Şəmsəddin Osmanlının ən güclü sultanlarından olan Fateh Mehmedin müəllimi olur. Vaqif olduğu elmləri ona da öyrədir, gənc Mehmedi əsil idarəçi və fateh kimi yetişdirir. Fateh Sultan Mehmet İstanbulun fəthinə məhz Ağ Şəmsəddinin məsləhətləri sayəsində nail ola bilir. Gəmilərin altlarının piylənməsi sayəsində onların böyük məsafədən dənizə sarı asanlıqla dartılması ideyasını ona Ağ Şəmsəddin verir. O, “bu ilin Cəmaziyələvvəl ayının 20-də səhər filan tərəfdən qalaya hücum edin. O gün şəhər fəth ediləcək və İstanbuldan əzan səsləri ucalacaq” deyə konkret tarixini göstərərək sultan qoşununu və donanmasını təhlükədən xilas edir və qalib gəlməsinə müyəssər olur.

Onun məsləhətinə qulaq asan Fateh dərhal qoşuna hazırlıq əmri verir və Ağ Şəmsəddinin dediyi gün İstanbula hücuma başlayır. İstanbul səhər saat 8-də fəth edilir. Fateh Sultan Mehmed şəhərə həmin gün günorta saatlarında ağ atın belində Topqapı istiqamətindən daxil olub Ayasofyaya doğru irəliləyir. İstanbulun fəthinin mənəvi atası hesab edilən Ağ Şəmsəddin də Fatehin yanında olur. Bizanslılar Ağ Şəmsəddini Sultan Mehmed hesab edərək ona gül dəstələri verirlər. O isə gənc Fatehi göstərərək: “Sultan budur, gülləri ona verin”, –  deyir. Fatehsə: “Sultan mənəm, ancaq İstanbulun fəthinin mənəvi atası odur”, – deyə Ağ Şəmsəddini göstərir…

Rəvayətə görə, İstanbulun fəthindən sonra, Fateh Sultan Mehmed ağ Şəmsəddini ziyarətə getmiş, müəllimindən onu yenidən tələbəliyə, dərvişliyə qəbul etməyini xahiş edib. Ağ Şəmsəddinsə təklifi rədd edərək belə cavab verib: “Sultanım, sən bizim daddığımız ləzzəti dadacaq olsan, səltənəti buraxarsan. Dövlət işlərini tam edə bilməzsən…”

Qayıdaq yenidən müəllimliyə. Ağ Şəmsəddin  onda  xoş  təəssürat  yaratdığı  üçün  II  Mehmedin  müəllimi  vəzifəsinə  təsdiqlənir. Çox keçmədən dərslərə başlanılır. Lakin  Mehmed çox dəcəl olduğu üçün dərslər tez-tez pozulmalı olurdu. Bir gün daha dözə bilməyən Ağ Şəmsəddin Mehmedə acıqlanır:

– Bax, səni cəzalandıracağam ha…

Şahzadə Mehmed də öz növbəsində nümayişkaranə şəkildə:

– Mən Sultanın oğluyam, cəzalandıra bilməzsiniz! – deyə  cavab verir.

Bir  gün  məlum  oldu  ki,  dəyənək  yoxa çıxıb.  Ağ  Şəmsəddin əlüstü başa düşdü  ki,  bu, Mehmedin işidir. Başa  düşsə  də, açıb-ağartmadı. Şəxsiyyətinə  sığışdırmadığı üçün  Ağ  Şəmsəddin  Murad  xana  şikayət  edə  bilmirdi.  Son  zamanlar  Mehmed  lap  ağ  eləmişdi.  Dözə  bilməyən Ağ  Şəmsəddin  vəziyyəti  Sultana  anlatdı.  Bunu eşidən  Sultan  haldan  çıxdı,  amma  tez  toxdadı. Nə  isə  düşünüb fikrini Ağ Şəmsəddinə  dedi.  Ağ Şəmsəddin ona qulaq asıb başını yellədi:

– Sultanım,  məni  əfv  edin.  Bunu bacarmaram. Yox, yox, nə danışırsınız?

Sultan təkid etdi:

– Mənim dediyim olacaq! Ağ Şəmsəddin! Olacaq!

Ağ  Şəmsəddin  kor-peşman  sarayı  tərk etdi.  Özündə-sözündə  deyildi. Çıxılmaz  vəziyyətdə qalmışdı. Ertəsi gün müəllimlə şagird  arasında yenə söz-söhbət oldu. Ağ  Şəmsəddin acıqlı halda dedi:

– Mehmed, artıq səbrim tükənib. Cəza alacaqsan!

Şahzadə Mehmed qorxu-hürkü bilmədən onunla dilləşirdi:

– Sultan oğlunu heç kim cəzalandıra bilməz!

Bu zaman qapı açıldı. Sultan II Murad xan daxil oldu. Ağ Şəmsəddin üzünü Sultana  tutaraq:

– Dərs gedir. Bu şəkildə sinfə girmək yaramaz! Xahiş edirəm, çölə çıxasınız! Nə  zaman icazə versəm, onda gələrsiniz!

Sultan ayaq saxladı. Əlini sinəsinə qoyaraq üzrxahlıq etdi:

– Bağışlayın, müəllim. Üzr istəyirəm, – deyib otaqdan çıxdı.

Gözləri qarşısında baş verən hadisədən Şahzadə Mehmedin matı-mutu qurudu.  Donmuş və  hərəkətsiz  vəziyyətdə  xeyli  qaldı.  Müəllim Mehmedin  özünə  arxa  bildiyi  şəxsi – qüdrətli Osmanlı dövlətinin Sultanını otaqdan çıxarmış, onu içəri buraxmamışdı.

Tibb uzmanı

Qısa müddət sufiliyin bütün yollarını və incəliklərini öyrənən Ağşəmsəddin Hacı Bayram Vəlidən icazə alaraq Ankaradan ayrılır və Bəybazarına köçür. Bəybazarında məşhurlaşan Ağ Şəmsəddin qısa müddət sonra oradan da ayrılır və İskilipə köçür. İskilipdən isə Bolu vilayətinin Göynük rayonuna yerləşir. Göynükdə məscid inşa etdirir, öz uşaqlarının təhsil və tərbiyəsi ilə məşğul olur, indiyə qədər gəlib çatan əsərlərini yazır. On övlad yetişdirir.

Ağ Şəmsəddin elmdə və sufilikdə olduğu kimi tibb və əczaçılıq sahəsində də böyük biliyə yiyələnib. Lakin mənbələrdə Ağ Şəmsəddinin tibb elmini kimdən və necə öyrəndiyinə dair dəqiq məlumat yoxdur. Bununla əlaqədar Şotlandiyadan olan şərqşünas Elias Con Vilkinson Gibb “History of Ottoman Poetry” (Osmanlı poeziyasının tarixi) adlı əsərində Ağ Şəmsəddinin tibb sahəsindəki elmini Hacı Bayram Vəli ilə birlikdə olduğu illərdə əldə etdiyini yazır və onun barəsində “böyük alim” deyə bəhs edir. Təkcə bədən xəstəliklərinin deyil, eyni zamandan ruhi xəstəliklərin də həkimi olan Ağ Şəmsəddin ürək xəstəliklərini də müalicə edib.

Holland mikrobioloq Antoni Van Levenhukun təxminən iki əsr sonra təcrübəylə kəşf etdiyi mikrob barədə Ağ Şəmsəddin “Maddətul-Həyat” adlı əsərində illər əvvəl bəhs edibmiş: “Xəstəliklərin insanlarda bir-bir ortaya çıxdığını güman etmək səhvdir. Xəstəlik insandan insana yoluxmaq vasitəsi ilə keçir. Bu yoluxma gözlə görünməyəcək qədər kiçik, lakin canlı zərrələr vasitəsilə ötürülür”.

Pedaqoji tövsiyələri

Ağ Şəmsəddin hər şeydən əvvəl bir müəllim idi. Onun həkimliyinin, mürşidliyinin, dövlət xadimliyinin, alimliyinin əvvəlində məhz müəllimlik gəlirdi. Dövrün sultanından tutmuş sıravi gəncə qədər dərs dediyi hər kəsə dünyəvi elmlərlə yanaşı, həm də dünyanın əxlaqi nizamı barəsində də tövsiyələr edərmiş. Onlardan bəzilərini təqdim edirik:

– Heç kimə əsəbiləşmə, heç kimə pis söz demə. İstəyirsən ki, ömrün uzun olsun, onda insanların paxıllığını çəkmə. Paxıllıq insanı qurd kimi içindən yeyər və onu vaxtından əvvəl qocaldar. Çox yatma, bu səni işdən, halal zəhmətdən qoyar və kasıb edər. Daim Allahı zikr et, zira sənin qurtuluşun Allah və onun “Qurani-Kərim”i ilədir;

– Qulluq 5 cürdür: Birincisi, tən (bədən) qulluğudur. Bu, Allah-Təalanın əmrlərinə uyaraq təni qadağan olunmuş şeylərdən qorumaq, onu saf saxlamaqdır. İkincisi, insanın nəfsinə qulluq etməsidir. Bu qulluq nəfsi tərbiyə etməkdən, onu artıq tamahdan qorumaq, istəmədiyi şeyləri zorla ona qəbul etdirməkdir. Nəfsini tərbiyə edə bilsən, Haqqa gedən yolun açarını tapmış olacaqsan. Üçüncüsü, könülə qulluq etməkdir. Könül qulluğu bu dünyadakı şeylərdən üz çevirib, axirət dünyasını seçməkdir. Bunun üçün insan özünü bütün hallarda əsl Haqq yolçusu kimi aparmalıdır. Dördüncüsü, sirr qulluğudur. Əgər hər şeyi bir kənara qoyub tamamən Allah yolunda çalışsan, onda onun rizasını qazanar və əbədi bir həyata özünü hazırlamış olarsan. Beşinci qulluq can qulluğudur. Can qulluğunun da əsasında Allaha yönəlmək dayanır;

– Mənəvi rahatlığa nail olmaq üçün 4 şərt vardır: 1) az yemək; 2) az yatmaq; 3) xalqın arasında az olmaq, az danışıb, çox susmaq; 4) Allah-Təalanı çox zikr etmək.

Bənzər yazılar