Son günlər ölkənin bir neçə məktəbində ardıcıl olaraq zorakılıq hadisələri baş verib.

Belə ki, Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Raul Rəhimov məktəbin önündə 17 yaşlı məktəbli F.Şabanov tərəfindən bıçaqlanaraq öldürülüb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən, 2007-ci il təvəllüdlü F.Şabanov saxlanılaraq istintaqa təqdim edilib. Daha sonra isə Bakı şəhər 6 nömrəli məktəbin 2-ci sinif şagirdi S. Əliyev(ad, soyad şərtidi) həmin məktəbin 7- ci sinif şagirdləri tərəfindən dəfələrlə cinsi hərəkətlərə təhrik edilməsi ilə bağlı məlumat yayıldı.

Bundan başqa paytaxtın Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 188 saylı orta məktəbdə şagirdlər arasında kütləvi dava olub. Məktəb rəhbərliyi məsələdən xəbər tutan kimi valideynlər məktəbə dəvət olunublar, onlarla söhbət aparılıb, müvafiq qaydada izahatları alınıb. Məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarına məlumat verilib. Məktəblilər arasında baş verən hadisələr ictimaiyyətdə narahatlıqla qarşılanır.

Mektebgushesi.az xəbər verir ki, aktual olan bu mövzu ilə bağlı “Cebhe.info”-ya Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərovadır danışıb:

-Son günlər məktəblərdə şagirdlər arasında baş verən hadisələri necə dəyərləndirirsiniz? 

-Əslində bu zorakılıq halı yalnız Azərbaycana məxsus deyil, bütün dünyada baş verir. Gənclər həmin yaş qrupunda aqressiyanı idarə etməkdə çətinlik çəkirlər. Burada öhdəlik yalnız valideyn və məktəbdə deyil, uşağa məsul olan bütün subyektlərdədir. Bizim Konstitusiyamızda göstərilir ki, uşağın təlim və tərbiyəsi valideynin birbaşa məsuliyyətidir.

Valideyn olmadığı halda isə bu, dövlətin məsuliyyətidir. Məktəbdə isə hər bir təlimin və təhsilin təşkilinə məsul olan sözsüz ki, məktəbdir. Məktəb idarəçiləri, müəllimlər, psixoloqlar bu məsələnin təşkili istiqamətində işləməlidirlər. Siniflərdəki uşaqları doğru qiymətləndirməlidirlər, sinif rəhbərləri, ayrı-ayrı fənn müəllimləri, psixoloqlar məktəblinin dostudur.

Məktəblərdə kifayət qədər uşaqların davranışlarına yönəlmiş tədbirlər artıb. Ötən il “Davranış qaydaları” qəbul edildi və çox təəssüf ki, bəziləri valideynlər tərəfindən o qədər də alqışlanmadı. Ancaq valideynlərin də bu məsələdə müəyyən qədər subyektiv düşüncələri var. Bizim son iki ildə rastlaşdığımız problem ondan ibarətdir ki, valideyn məktəbə tərəfdaş kimi yox, qarşı tərəf kimi baxır. Təhsil və tədris prosesində biz bir-birimizə yardım edən əməkdaş olmalıyıq. Çünki uşağın erkən formalaşması ailədə baş verir.

Müasir tibb və psixoloqlar da uşağın ilkin formalaşma dövrünün ən gec 6 yaşında bitdiyini söyləyir. Araşdırmalar göstərir ki, indi 3 yaşından sonra məktəbəqədər təhsil müəssisələrində oxuyan uşaqların inkişafı daha fərqli və müsbət istiqamətdə olur. Məktəblərin işlədikləri “material” ailələrdən gələn uşaqlardır. Yəni fərqli ailələrdən, fərqli dəyərlər daşıyan insanlar gəlir.

Baş verən hadisələrə gəldikdə isə hər zaman uşaqlar arasında aqressiv davranışlar baş verib. Çox təəssüf ki, Gəncədə baş verən hadisə zamanı bir gəncimiz dünyasını dəyişdi və nə baş verməsindən asılı olmayaraq, bu, onu göstərdi ki, biz uşaqlarla çox ciddi işləməliyik. Biz iki il İctimai Şuranın davamlı fəaliyyəti dövründə araşdırdığımız bütün hadisələrin, 10 hadisənin 9-u təəssüf olsun ki, zorakılığı göstərir, yaxud uşağı döyür. Yaxud digərlərinə psixi, fiziki, emosional zorakılıq edirsə, o ailədə ciddi problemlərin olduğunu görmüşük. Təəssüf olsun ki, o uşaq özü ailə, yaxud icma tərəfindən zorakılıq qurbanı olub.

Ona görə də mən daha çox təbliğ edərdim ki, ailələr uşaqları ilə fəaliyyətlərini daha da gücləndirsinlər, onları dinləsinlər, məktəblə əməkdaşlıq etsinlər. Məktəbdə işləyənlər də eyni zamanda valideyndirlər.

-Bu gün bir qrup valideyni günahlandırır ki, əgər məktəbə gələn uşağın cibində hansısa silah, məsələn, bıçaq varsa, burada o günahkardır, çünki evdə uşağına nəzarət etmir. Digər qrup isə məktəbi günahlandırır ki, o şagird məktəbə necə daxil olur?

-Məktəbin şagirdləri yoxlamaq üçün hansı aləti var? Bu gün məktəbdə elə aparat yoxdur ki, onu yoxlasın. Məktəbə mənim övladım da gedir və məktəbdə ya sağında, ya da solunda nəzarət edən, yaxud bəzi məktəblərdə polis nəzarəti var. Mən çox böyük tərəfdarıyam ki, DİN-lə əməkdaşlıq edilsin və bütün məktəblərə polis nəzarəti olsun.

Məktəblərdə X-ray cihazları yoxdur və şagird çantasında, cibində və yaxud ayaqqabısının içində silah keçirərsə, müəllim onu necə yoxlaya bilər? Məktəbdə 3 min şagird təhsil alır və 1000 nəfəri yuxarı sinif şagirdidirsə, məktəb onu necə yoxlasın?

Bu, prinsipcə, reallıqda mümkün deyil. Ancaq bunu evdə valideyn yoxlaya bilər. Valideynin evindən 2-3 uşaq çıxır, ancaq elə məktəb var ki, 5 min şagirdi var. Bizim 4500 məktəbimiz var, onun hamısını necə təmin edə bilərik? Dünyanın heç bir yerində bu yoxdur. Bizim valideyn üçün çətindirmi ki, uşağın çantasına, cibinə baxsın, ona bu məsələlərdən uzaq olmasını tövsiyə etsin? Onsuz da məktəblərdə “Həyat bilgisi” dərsi keçilir, sinif rəhbərləri söhbət edirlər, psixoloqlar var. Bu, keyfiyyət baxımından o qədər də qənaətbəxş deyil.

Ancaq evdə 1-2 uşağa nəzarət daha asandır. Əgər sən uşağının çantasında bıçaq olmasını bilməyəcəksənsə, müəllim haradan biləcək?

-Bu gün məktəblərdə psixoloqlar fəaliyyət göstərir. Ancaq şagird qatil kimi formalaşırsa, bu, psixoloqların uğurlu nəticə göstərə bilməməsindən irəli gəlir? Eləcə də burada televiziyaların, sosial şəbəkələrin də rolu varmı? 

– Bəli. İndi sosial şəbəkələrdə, “TikTok”-da nə baş verdiyini görürük. Düzdür, bu, sosial şəbəkələrin günahı deyil. Sosial şəbəkə çox yaxşı bir alətdir ki, onu həm pozitiv, həm də neqativə istifadə edə bilərlər. “Oğru aləmi”nin öz dünyası var və onları özlərinə rol-modul götürürlər. Çox təəssüf ki, pozitiv nümunələr neqativ nümunələrə uduzur. Sosial verilişlərdən tutmuş, bir çox verilişlərə qədər- bəzi verilişlər istisna olmaqla- yaxşı təbliğat və nümunə deyil. O nümunəyə baxıb müsbət keyfiyyəti də götürə bilər, mənfini də.

Elə uşaq var ki, “oğru aləminin liderinə” baxıb deyə bilər ki, bunun sonu yoxdur, ölümdür, ən yaxşısı oxumaqdır. Ancaq elə uşaq var ki, onu özünə nümunə kimi götürür. Yenə də bunun kökündə dayanan odur ki, biz nəyi təbliğ edirik. Valideyn də unutmasın ki, uşaq məktəbə gedirsə, 11 il oxuyur, yaxud 4 il bakalvr oxuyur, ancaq məktəbin deyil. Uşaq ömür boyu sənin uşağındır, cəmiyyətin bir parçasıdır. Bu gün həm sosial şəbəkəyə nəzarət azdır, həm də çox təəssüflər olsun ki, valideynlər uşaqların telefonlarında nələrə baxdıqlarına çox nəzarət edə bilmirlər.

Bunu məktəblərdə etmək olmur. Mənim fikrimcə, “ağıllı smartfonlar” mütləq şəkildə məktəblərdən yığışdırılmalıdır. Əgər valideyn uşağından narahatdırsa, digər telefonlardan istifadə etmək mümkündür. “Ağıllı smartfonlar” uşaqlar üçün hansı “tələlər” düzəldə bilər, biz onu bilmirik. Bu telefonların hər birinin alqoritmləri var və o alqoritmə görə uşaqlar nəyə baxırsa, o cür şiddət tərkibli məsələlər də qarşılarına çıxacaq.

İnformasiyanın qəbulu o qədər artıb ki, çətindir. Ancaq biz yaxşı nəticə istəyiriksə, mütləq məşul olmalıyıq. Başqa yolu yoxdur. Məktəb psixoloqu sinfin ümumi psixoloji portretini çıxara, uşaqlarla bağlı valideynlərə təklif tövsiyə edə bilər.

Təbii ki, bütün valideynlər təhsilli deyil, eyni dünyagörüşünü paylaşmaya bilər. Ancaq valideyni təhsilli olmayan çox müsbət nümunələr də var. Bununla yanaşı, əgər valideynə deyilirsə ki, sənin uşağının fərqli psixoloji yardıma ehtiyacı var, demək, həqiqətən də var. Bunu 5-7 yaşında həll etmək daha asan olacaq, nəinki 17 yaşında. Əks təqdirdə 17 yaşında gəlib başqa uşağı bıçaqlayacaq.

Uşağı da məktəbdən çıxarmaq çıxış yolu deyil. Çünki nümunələr də onu göstərir, əgər uşaq bir məktəbdə zorakılıq törədibsə, uzaqlaşdırılırsa, onu hansı məktəbə verək? O biri məktəbin uşaqlarının günahı nədir ki, belə bir uşaqlarla birlikdə olsun? Yaxud həmin uşağın o cür formalaşmasında önünün günahı çox deyil. Mühitin, ailənin, məktəbdəki yanaşmanın günahıdır. İstənilən cəmiyyətdə düzgün təlim-tərbiyə işi qursan, müsbət nəticə alacaqsan.

Nigar Abdullayeva

Bənzər yazılar