Flex Proqramı Nədir?

 FLEX Proqramı Amerikada təqaüdlə təhsil almaq istəyən orta məktəb şagirdlərinin müraciət etdikləri tələbə mübadilə proqramıdır. Açılışı “Future leader’s exchange” olan Flexin ana dilimizə tərcüməsi isə “Gələcəyin liderləri mübadiləsi”dir. ABŞ dövləti tərəfindən maliyyələşdirilən bu proqrama hər il dünyanın dörd bir yanından 30000 nəfərə yaxın şagird müraciət edir. Həmin şagirdlərdən yalnız 800-900 nəfəri seçilir. Azərbaycan isə bu proqrama 25 ildən çoxdur ki, qoşulmuşdur və hər il 16-20 nəfər arasında şagird proqramda iştirak etmək hüququ qazanır. Bu proqram vasitəsilə şagirdlər ABŞ-da bir təhsil ili müddətində qalıb öz biliklərini artıra bilərlər. FLEX proqramı ilə şagirdlər həmçinin ingilis dil biliklərini təkmilləşdirə, fərqli mədəniyyətlərlə tanış ola və öz məktəb yaşıdlarında fərqli olraq xarici dünya görüşlərini artıra və inanılmaz təcrübəye malik ola bilirlər.

Məktəb guşəsi jurnalının və Mektebgushesi.az  təhsil portalının baş redaktoru Məzahir Məmmədli FLEX proqramının qalibi olmuş Lənkəran şəhər 4 saylı məktəbin 11c sinif şagirdləri Nuray  Məmmədzadə və Xumar  Hüseynova ilə görüşüb, onların təəssüratlarını bölüşüb.

Hər iki şagirdin təəssüratlarını oxucularımıza təqdim edirik:

Nuray Məmmədzadə: “Mən  ilk dəfə  FLEX proqramı haqqında 7-ci sinifdə oxuyanda valideyinimdən eşitdim. Mənim  böyük bacım da bu proqramda iştirak etmişdi.  Amerikada təhsil almaq əvvəlcədən fikrim olub. Uzun müddətdir ki, ingilis dili bacarıqlarımı təkmilləşdirməyə çalışırdım. Həmçinin, 11-ci sinif buraxılış imtahanına görə bu fənn üzrə repetitor yanına da gedirdim.

2023-cü ilin avqust ayında FLEX proqramına qeydiyyat açıldı. Qeydiyyatdan keçdikdən sonra seçim turlarından keçdim. Proqramda qalib olacağımı gözləmirdim. Amerikada 1 il oxuduqdan sonra təhsilimi Azərbaycanda davam etdirəcəm, kompüter mühəndisliyi üzrə təhsil almaq istəyirəm.

Valideynlərim Amerikada təhsil alacağımı biləndə çox sevindilər. Bu proqrama çox abituriyent müraciət edib. Azərbaycandan hazırda 20 nəfər bu proqramı qazanıb. 20 nəfərdən biri olmaq çox yaxşı bir hissdir. Bizi Amerikada yaşayan ailə tərəfindən qəyyumluğa götürüləcəyik .”

 

Digər FLEX proqramının qalibi Xumar Hüseynova də Lənkəran şəhər 4 saylı məktəbin 11c sinfinin şagirdidir.

Xumar Hüseynova: “Mən bu  proqramın qalibi olacağımı hiss edirdim. Bir müddət İngilis dili öyrənmək üçün repetitor yanına getdim. Sonra öz üzərimdə çalışdım, ingilis dilində filmlərə baxıb, kitab oxuyaraq dil bacarığımı daha da artırdım. FLEX proqramında qrammatikaya çox da önəm verilmir. Mən sadəcə ingilis dilində söz bazamı artırmaq üçün evdə məşğul olurdum.

9-cu sinifdən isə könüllü proqramlara, təşkilatlara qoşuldum. Bu proqrama 10-cu sinifdən hazırlaşmağa başladım. Könüllü proqramlara iştirakımın FLEX proqramında qalib olmağıma böyük qatqısı oldu. Esseləri yazarkən daha çox iştirak etdiyim təlimlərdən, könüllü fəaliyyətlər, təşkilatlar, orada tanıdığım insanlardan yazdım. Bu proqrama hazırlaşmaqda məqsədim 16 yaşımda tam təqaüdlə 12-ci sinfi oxumaqdır. Amerika təhsilini, mədəniyyətini öz gözlərimlə görmək başqa bir hissdir.

Bu xəbər valideynlərim üçün gözlənilməz oldu . Xaricdə təhsil almağım mənim və valideynimin ən böyük arzusu idi. Hətta qəbul olduğum xəbərini eşidəndə anam sevincdən ağladı. Bu yolda valideynlərim həmişə mənə dəstək olub. Ali təhsilimi xaricdə turizm ixtisası üzrə davam etdirmək istəyirəm. Ölkəmə faydalı vətəndaş olmağa çalışacağam.”

 

Bənzər yazılar