Bu barədə  AMEA-dan məlumat verilib. Bildirilib ki, Şirindil Alışanlı ilə vida mərasimi sabah saat 10:00-da Təzə Pir məscidində keçiriləcək.

Şirindil Həsən oğlu Alışanlı 1952-ci ildə anadan olub. 1970-1975-ci illərdə Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universitetində) təhsil alıb, Filologiya fakültəsində ədəbi tənqid üzrə ixtisas kursunu bitirib. 1977-1980-ci illərdə SSRİ Elmlər Akademiyasının M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda təhsilini davam etdirib, XX əsrin görkəmli estetiki Yuri Borevin rəhbərliyi ilə 1981-ci ildə namizədlik dissertasiyasını müdafiə edib.

1976-cı ildən etibarən AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda çalışıb. Elmi işçi, elmi katibi, Ədəbiyyat nəzəriyyəsi bölməsinin müdiri, Tarixi poetika şöbəsinin, XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri olub.

1991-ci ildə “Sabah” nəşriyyatını təsis edib, 1993-1998-ci illərdə “Elm” qəzetinin baş redaktoru olub, 1997-ci ildən 2014-cü ilə qədər “Elm: Redaksiya, Nəşriyyat və Poliqrafiya Mərkəzi”nin direktoru olub.

Ondan artıq kitabın müəllifidir. 200-dən artıq elmi məqaləsi çap edilib.

Bir sıra beynəlxalq elmi jurnalların və çoxcildlik nəşrlərin redaksiya heyətinin üzvü olub. Rəhbərliyi və redaktəsi ilə çoxsaylı elmi əsərlər və antologiyalar nəşr edilib. Yetmişdən artıq kitabın redaktoru olub. Rəhbərliyi ilə 10 nəfər fəlsəfə üzrə elmlər doktorluğu müdafiə edib. Bir elmlər doktorluğu, 20 fəlsəfə doktorluğu dissertasiyasına opponentlik edib.

O, həmçinin Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Estetika və Azad sənətlər Akademiyasının akademiki (Rusiya) idi.

Allah rəhmət eləsin!

Bənzər yazılar