2024-cü il aprelin 3-də Mingəçevir Dövlət Universitetində (MDU) Aprel döyüşlərinin
ildönümünə həsr olunmuş “Zəfərə gedən 4 günlük yol” adlı ədəbi-bədii tədbir keçirilib.
MDU-nun Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzinin (TVİM) Tələbə Gənclər
Təşkilatının (TGT) birgə təşkilatçılığı ilə təşkil olunan tədbirdə şəhid ailələrinin üzvləri,
universitetin akademik və inzibati heyəti, tələbə və magistrantlar iştirak edib.
Əvvəlcə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş
şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının
Dövlət Himni səsləndirilib.
Tədbiri TVİM-in koordinatoru Minayə Hüseynova açaraq öncə MDU-nun rektoru
adından hər kəsi salamlayıb. O, səkkiz il il əvvəl erməni təxribatına cavab olaraq həyata
keçirilən qısamüddətli hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusunun
əldə etdiyi şanlı qalibiyyətindən bəhs edib. Bildirib ki, 2016-cı il aprelin 1-dən 2-nə
keçən gecə başlayan, gələcək qələbələrimizin əsasını qoyan dördgünlük
müharibənin, bu müharibədə hərbçilərimizin göstərdiyi şücaətin nəticəsi olaraq
Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklərin, Qazaxlar və Suqovuşan
kəndləri istiqamətindəki yolların, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq
Mərcanlı ərazilərinin, Goranboy rayonu Gülüstan kəndinin düşməndən azad
olunması öz strateji əhəmiyyətilə tarixi qələbəmizin başlanğıcı olub. Aprel qələbəsi
Azərbaycan xalqının gücünü, birliyini və əzmini dünyaya göstərən 44 günlük Vətən
Müharibəsində qazanılan Zəfər üçün mühüm zəmin yaradıb. M.Hüseynova qeyd edib ki,
Qələbə sevincini xalqımıza yaşadan igidlərimizi heç zaman unutmayacaq, keşməkeşli
Azərbaycan tarixinin bütün dövrlərində Vətən yolunda böyük şücaət fədakarlıq
göstərən şəhidlərimizin əziz xatirələrini daim uca tutacaq, onların qəhrəmanlıqları böyük
ehtiramla anılaraq gələcək nəsillərə çatdırılacaqdır.
Sonra Aprel şəhidlərinə həsr olunan videoçarx nümayiş etdirilib.
Tədbir ədəbi-bədii hissə ilə davam etdirilib. MDU-nun əməkdaş və tələbələrinin
təqdimatında vətənpərvərlik mövzusunda müxtəlif şeir və musiqi kompozisiyaları ifa
olunub.
Qeyd edək ki, MDU-da tarixi günlərə həsr edilmiş tədbirlərin keçirilməsinə xüsusi
diqqət yetirilir, tələbə gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi məqsədilə onlar
arasında müvafiq maarifləndirmə və təbliğat işlərinin gücləndirilməsinə önəm verilir.

Bənzər yazılar