Azərbaycan Texniki Universiteti (AzTU) növbəti dəfə ilkə imza atıb.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə “Nokia” şirkəti AzTU-da laboratoriya açıb. AzTU-nun İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsində fəaliyyətə başlayan yeni xPON laboratoriyası “Nokia” tərəfindən tam təchiz olunub. Qeyd edək ki, xPON texnologiyası daha aşağı maliyyə sərf etməklə 5G stansiyaları üçün transmissiya təmin etmək imkanı verir.

Açılış mərasimində AzTU, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi, “Nokia” şirkətinin region və Azərbaycan üzrə rəhbər heyəti, şirkət rəhbərləri və digər qonaqlar iştirak edib. Onlar laboratoriyada yaradılan şəraitlə yaxından tanış olublar.

Laboratoriya haqqında məlumat verən AzTU-nun Radiotexnika və telekommunikasiya kafedrasının müdiri Mehman Həsənov bildirib ki, 5G yalnız mobil texnologiyalara aid olmayıb, eyni zamanda son mildə işləyən müasir ağıllı ev, tibb, nəqliyyat, hərb və sənaye əşyalarının idarə olunması üçün geniş istifadə olunur. Laboratoriyanın açılmasında məqsəd əmək bazarının tələblərinə uyğun yerli kadrların hazırlanmasıdır. Laboratoriyada müvafiq istiqamət üzrə tədqiqatlar da aparılacaq.

AzTU-nun rektoru Vilayət Vəliyev, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin departament müdiri Fatimə Ələkbərova, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin İdarə Heyətinin rəhbəri Nail Mərdanov, “Nokia” şirkətinin Azərbaycan üzrə rəhbəri Aleksandr Shunin və satış müdiri Hilal Əfrasiyabov çıxış edərək rəqəmsal savadlılığın artması baxımından laboratariyanın əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, bu təşəbbüs yeni həllərin və tədqiqatların inkişaf etdirilməsi üçün geniş imkanlar yaradacaq. İlkin mərhələdə AzTU-nun İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin 800-ə yaxın tələbəsinə və müəllim heyətinə avadanlıqlardan düzgün istifadə qaydalarına dair təlimatlar veriləcək. Eyni zamanda, istifadəyə veriləcək laboratoriya yerli şirkətlərə açıq olacaq ki, bununla da şirkətlər avadanlıqlar üzərində sınaq və təcrübə prosesləri həyata keçirə biləcəklər.

Daha sonra keçirilən dəyirmi masada universitet-sənaye tandemində mövcud əməkdaşlıq imkanları müzakirə olunub.

Xatırladaq ki, ötən ilin aprel ayında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə AzTU və “Nokia” şirkəti arasında yeni laboratoriyanın təsis olunmasına dair müqavilə imzalanmışdı.

Bənzər yazılar