“Üst-üstə yığılmış xatirələrin ətrini yayan çoxlu xırda əşyalar vardı”, – deyir Avqust Strindberq “Tənha” əsərində. Bu əşyalar Strindberqi  tənhalıqdan qurtarmadığı üçün bu əsəri yazdığını anlamaq elə də çətin deyil. Digər tərəfdən, bunu gözləmək də absurddur. Mücərrəd ruhun tənhalığını konkret cisimlər yox edə bilməz. Ruhumuz daim tənhadır. Bəzilərimizinki kədərimizlə, bir qismimizin ruhu sevincimizlə və ya bəlkə də, problemlərimizlə tənhadır, lakin inkar edilməyəcək tək gerçək odur ki, hər birimizin ruhu Yaradan ilə təkbətəkdir: Yaradan ilə baş-başa. Bunu dərk edən heç bir kəs sözün həqiqi mənasında tənha deyil. Əksinə olsa belə, yəni, bu insanlar tənha olsa belə, bu tənhalıq yaradılışın ən ali hədiyyəsidir.

Aristotel düşünür ki, yalnızlığı sevən vəhşi heyvandır. Edip Cansevərə görə isə, insanın insana verdiyi ən dəyərli şeydir yalnızlıq. Yalnızlığa münasibət təzadlarla doludur, görüldüyü kimi.

H.Hesseyə görə isə: “Tənhalıq, taleyin insanı özünə gətirmək üçün istifadə etdiyi bir yoldur”.

Məncə, tənhalıq, Nitsşenin də dediyi kimi, dərin bir quyuya bənzəyir. Lakin məncə, nə qədər dərin də olsa,  “tənhalıq” adlı quyunun iki “üzü” var:  yuxarı baxsaq, işıqlı; aşağı baxsaq, qaranlıq.

Strindberq eyni əsərində qeyd edir: “Xoş arzuların ziyanı olmur, hərçənd xeyri də olmaya bilər”. Bəs onda niyə yaxşıya köklənməyi tövsiyə edirlər?! Çox sadə. Çünki bəşəriyyətin ən böyük qorxusu pislik, şeytan əməlidir. Hətta, pis insanlar belə onlardan daha pis birinin varlığından və onunla rastlaşmaqdan qorxurlar. Və bəni-adəm qorxuları ilə üzləşə biləcəyi qədər güclü iradəyə sahib deyildir. Bəlkə də, bunu bacarsa idi, Tanrıdan üz döndərməzdi. Çünki Tanrı bizə ona olan qorxu bəxş edib: vicdan.

Vicdan insanın özü ilə tənha qalma bacarığıdır. Buna görə də vicdanlı, dürüst insanlar tənhadırlar: Yaradan ilə tənha…

Bənzər yazılar