Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti “SABAH” qruplarının müəllimi, aktyor Ceyhun Dadaşov Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə keçirilən XI Beynəlxalq Yay Teatr Məktəbində iştirak edəcək. Beynəlxalq Yay Teatr Məktəbinə 24 ölkədən 87 gənc və professional aktyorlar seçilib. Təlim proqramında gündəlik təcrübə ilə bərabər tanınmış teatr xadimlərinin ustad dərsləri, mühazirələri, Rusiya və digər xarici ölkə teatr xadimləri ilə yaradıcılıq görüşləri də təşkil olunacaq. Məşhur rus rejissorları gənc aktyorlarla birgə kukla, plastik, küçə və iki dramatik tamaşa olmaqla ümumilikdə 5 səhnə əsəri hazırlayacaq. MDB və Baltik ölkələri rus teatrlarının dəstəyi proqramı çərçivəsində həyata keçirilən layihənin bədii rəhbəri Rusiyanın Xalq artisti Aleksandr Kalyagindi. Məktəbi bitirən məzunlar diplom ilə təltif olunacaq. Qeyd edək ki, Ceyhun Dadaşov 2000-2004-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Bədii yaradıcılıq fakültəsinin Teatr kollektivinin rejissoru ixtisasında təhsil alıb. Daha sonra Universitetin Rejissorluq fakültəsinin Teatr rejissorluğu ixtisası üzrə magistratura pilləsinə qəbul olub.
“Dostluq” klubu dram dərnəyinin bədii rəhbəri və baş rejissoru vəzifələrində çalışıb, 2003-cü ildən Dövlət Pantomima Teatrının aktyorudur və bir sıra tamaşa, filmlərdə rol alıb.
C.Dadaşov Tatarıstanda (Kazan 30 may-6 iyun 2005-ci il “Nouruz” Türkdilli xalqların Teatr Festivalı), Türkiyədə (Trabzon 1-13 may 2006-ci il VII Uluslararası Karadeniz Tiyatro Festivalı), Rusiya (Moskva – “Bibliobraz” Kitab Festivalı), Misir (Qahirə 9-20 oktyabr “Eksperimental” Teatr Festivalı) Beynəlxalq Teatr Festivallarında iştirak edib.

Bənzər yazılar