Azərbaycan Texniki Universitetini (AzTU) 1983-cü ildə bitirmiş vyetnamlı məzunlar yenidən doğma ali məktəbdə olublar.
Universitetdən AZƏRTAC-a bildirilib ki, bu ali təhsil müəssisəsinin rektoru vəzifəsini icra edən Xalıq Yahudov qonaqlara müasir AzTU haqqında geniş məlumat verib. Doğma universiteti unutmadıqları üçün vyetnamlı qonaqlara təşəkkür edən X.Yahudov qeyd edib ki, AzTU-nun qapıları məzunlarının üzünə hər zaman açıqdır.
Daha sonra vyetnamlı məzunlar universitetlə bağlı xatirələrini yada salıb, AzTU-da öyrəndiklərindən, yiyələndikləri bilik və bacarıqlardan danışıblar. Qonaqlar bildiriblər ki, Vyetnama qayıtdıqdan sonra öz aralarında bir qrup yaradaraq mütəmadi görüşlər keçiriblər. Onlara mehriban, bir-birlərinə qarşı qayğıkeş olmağı öyrədən müəllimlərini heç vaxt unutmadıqlarını deyən məzunlar öz ölkələrində daima Azərbaycan mədəniyyətini təbliğ etdiklərini bildiriblər.
Daha sonra vyetnamlı məzunlar 34 il sonra doğma universitetlərini gəzib yaradılan yeni şəraitlə tanış olublar. Müxtəlif laboratoriyalara baxış keçirən məzunlar AzTU-nun təmirdən sonra da öz əsrarəngiz memarlığını qoruyub saxladığını, bununla yanaşı, universitetdə böyük maddi-texniki bazanın formalaşdığını vurğulayıblar.
 
https://mektebgushesi.az

Bənzər yazılar