Xatirladaq ki, BDU-nun Jurnalistika fakültəsinin Televiziya və Radio jurnalistikası kafedrasının müdiri Aynur Kərimova vəzifəsindən azad edilib.
Məlumata görə, kafedra müdiri vəzifəsi seçkili olduğuna görə hər 4 ildən bir müsabiqə elan olunur. Bu il də Bakı Dövlət Universitetində vakant olan bir neçə kafedra müdiri vəzifəsini tutmaq üçün müsabiqə elan olunub. Həmin kafedranın müdiri vəzifəsini tutmaq üçün 2 nəfər – dosent A.Kərimova və filologiya üzrə elmlər doktoru Allahverdi Məmmədli sənədlərini təqdim edib.
Mövcud təlimata uyğun olaraq, bu məqsədlə fəaliyyət göstərən xüsusi komissiyada gizli səsvermə yolu ilə seçki keçirilib və nəticələrə görə, Allahverdi Məmmədli kafedra müdiri seçilib.
A.Kərimovanın A.Məmmədli ilə əvəz olunması tələbələrin etirazına səbəb olub. Onlar bu qərarın düzgün olmadığını müxtəlif səsləndirməklə əsaslandırmağa çalışırlar.
Xüsusilə“Facebook” sosial şəbəkəsində geniş müzakirə olunan bu mövzu haqda səsləndirilən fikirlərdən biri də Allahverdi Məmmədlinin Jurnalistikanın Nəzəriyyəsi və Təcrübəsi kafedrasının müəllimi olduğu üçün Televiziya və Radio Jurnalistikası kafedrasına rəhbərlik etməsinin düzgün olmaması haqda olub.
Böyük səs-küy yaradan bu məsələ ilə əlaqədar yeni təyin olunmuş kafedra müdiri A.Məmmədlinin fikirlərini öyrəndik. A24.Az-a açıqlama verən A.Məmmədlinin fikrincə, tələbələrin bu cür etirazına səbəblərdən biri də onun haqqında az məlumatlı olmalarıdır. O bildirdi ki, iddia olunduğu kimi, televiziya və radio sahəsindən uzaq deyil. Əksinə, bütün fəaliyyəti boyunca bu sahə ilə sıx əməkdaşlıq edib:
 
“Mən Azərbaycan Dövlət Universitetin Jurnalistika fakültəsinin Televiziya bölməsini bitirmişəm. Televiziya və radio sahəsində 20 illik təcrübəm var. Naxçıvan Televiziyasında bir müddət işlədikdən sonra Bakıya dəvət olunmuşam. İndiki Azad Azərbaycan Radiosunun təsisçilərindən biri olmuşam. 1998-ci il 28 may tarixində həmin radioda ilk dəfə efirə də özüm çıxmışam. Azərbaycan Dövlət Televiziyasında müxtəlif vəzifələrdə fəaliyyət göstərmişəm. Ən önəmlisi, 2002-2005-ci illərdə Azərbaycan Televiziya və Radio verlişləri QSC-də “Xəbərlər” redaksiyasının baş redaktoru vəzifəsində çalışmışam. Həmin dövrdə xəbərlər proqramına bir sıra yeniliklər gətirmişəm.
Televizya və Radio işçilərinin peşə bayramı münasibətilə cənab prezidentin sərəncamı ilə “Televizya və Radionun inkişafında xidmətlərinə görə” əməkdar jurnalist adı verilib”.
Yəni, mən hansısa digər bir sahədən gəlib bu vəzifəyə namizədlik irəli sürməmişəm. Jurnalistikanın Nəzəriyyəsi və Təcrübəsi kafedrasının müəllimi olsam da, televiziya sahəsinə yad deyiləm. Ola bilər ki, tələbələr bütün bunlardan xəbərsizdirlər. Ona görə belə fikirlər səsləndirirlər və mənim bu vəzifəyə uyğun olmadığımı düşünürlər”.
Qeyd edək ki, A.Məmmədli 2005-ci ildən jurnalistika fakültəsində fəaliyyət göstərir. Eyni zamanda Ali Məhkəmənin mətbuat katibidir.
 
https://mektebgushesi.az

Bənzər yazılar