“Özəl təhsil dövlət təhsilindən keyfiyyətli olması ilə fərqlənməlidir”.
Bunu Sherg.az-a özəl ali məktəblərə marağın artma səbəblərini şərh edərkən “Xəzər” Universitetinin rektoru, professor Hamlet İsaxanlı deyib.
O bildirib ki, xarici ölkələrdə də özəl universitetlər dövlət universitetlərinə nisbətdə təhsili ilə fərqlənir:
“Ali təhsilin lideri olan Amerikaya baxaq. Məşhur universitetlərin adlarını çəkin, hamısı özəl universitetlərdir. Amma bu hər yerdə belə deyil. Azərbaycanda da bəzi özəl məktəblər təhsil tələblərinə cavab vermir. Amma özəl təhsilin mənası odur ki, orada qruplar daha kiçik olur, müəllimlər diqqətlə seçilir. Beynəlxalq səviyyəli müəllimlər dərslərə cəlb olunur, xaricdən müəllimlər gətirilir, onların beynəlxalq səviyyələri önə çəkilir. Dövlət universitetlərinə nisbətdə daha fərqli layihələr həyata keçirirlər. Bu səbəbdən xarici ölkələrdə özəl universitetlərə böyük müsabiqə var. Onlarda təhsil haqqı da yüksəkdir. Məsələn Harvard Universitetinin təhsil haqqı dövlət universitetinə baxanda 5 dəfə çoxdur. Amma ən böyük konkurslar ora verilir”.
H.İsaxanlının sözlərinə görə özəl təhsil müəssisələrinin təhsil keyfiyyətiAzərbaycanda orta məktəblərdə daha parlaq görünür:
“İmkanı olan valideyn uşağının özəl orta və ali məktəbdə oxumasını istəyir. Çünki orada şagirdə diqqət, səviyyə, müəllim, laboratoriya fərqlidir. Orta məktəbdə bu keyfiyyəti yüksək etmək daha asandır. Ali məktəbdə isə bu addım-addım edilməlidir. Əvvəllər ali məktəblərdə bu görünmürdü, amma son vaxtlar inkişaf görünür. Seçilmiş özəl ali məktəblərə baxırsan ki, dünya reytinqlərində daha qabaqdadırlar, xarici müəllimləri daha çoxdur, kitabxanası rəngarəngdir, daha müasirdir, çevikdir. Dünyada gedən dəyişiklikləri özündə tez əks etdirir. Ona görə, özəl ali məktəblər daha çox inkişaf etdikcə valideynlərin və abituriyentlərin diqqətini cəlb edəcək. Amma digər ölkələrdə olduğu kimi deyil. Özəl ali məktəblər hər yerdə yüksək səviyyəyə çatmır. Düşünürəm ki, ölkəmizdə də ən azı seçilmiş özəl ali məktəblər, şübhəsiz, dövlət universitetlərindən yaxşı olacaqlar”.

Bənzər yazılar