Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professor-müəllim və tələbə heyəti ilə yanaşı Türkiyə, Özbəkistandan gələn tədqiqatçılarının da iştirakı ilə “Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemlərinə” həsr edilmiş XII beynəlxalq elmi-praktiki konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan Universitetin rektoru, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyeva konfrans iştirakçılarını salamlayaraq, Universitetdə fasiləsiz və davamlı olaraq keçirilən “Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri” mövzusunda beynəlxalq konfransa azalmayan marağın səbəblərini, qoyulan mövzuların aktuallığını vurğulayıb.
Konfransda “Türksoylu xalqların ənənəvi musiqi mədəniyyətində janrlararası əlaqələr”, “Bəstəkar yaradıcılığı və ifaçılıq məsələləri”, “Türksoylu xalqların bədii mədəniyyəti: ənənə və müasirlik” adlı bölmələrdə Gəncəvinin əsərlərində musiqi və rəqs ifaçıları, Türk dünyasının opera sanatində “Koroğlu” dastanının yeri, Özbək mədəniyyəti kontekstində kreativ sənaye, Musiqi türkologiyasının tədqiqat istiqamətləri və problemlərinə dair, Türk mimarisinde inancın sanata yansıması, Ornamentallığın bəzi aspektləri, Amerika və Azərbaycanda müzikl janrının inkişaf tarixində paralellər, Qarabağ bölgəsinin musiqi folklorunda sağın nəğmələri və Azərbaycan xalq rəqslərinin metr-ritmik xüsusiyyətlərinə və s. mövzularda məruzələr dinlənilib.
Daha sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə Kahramanmaraş Sütçü İmam Universiteti arasında təhsil, elm, tələbə və akademik mübadilə məqsədilə əməkdaşlıq müqaviləsi imzalanıb.
Fotoların müəllifi: II kurs Xalq çalğı alətləri ifaçılığı ixtisasının tələbəsi Vasif Nəci.

Bənzər yazılar