Mayın 20-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Azərbaycan İctimai Nitq Çempionatı” layihəsinin final, bağlanış və mükafatlandırma mərasimi baş tutub.
Ən güclü 14 natiqin mübarizə apardığı tədbirdə ingilis dilində çıxış edən spikerləri profesional jüri heyəti qiymətləndirib.
Layihə rəhbəri, ADNSU-nun tələbəsi Kənan Məmmədovun bu yarışın ardıcıl olaraq 4-cü dəfə təşkil edildiyini bildirib. Onun sözlərinə görə, layihənin məqsədi iştirakçıların təqdimat bacarıqlarının formalaşdırılması və inkişaf etdirilməsidir. Bura müraciət edən iştirakçılar ardıcıl olaraq layihə mərhələlərindən keçərək bu sahədə nəzəri və praktiki biliklərə yiyələnirlər.
Layihə çərçivəsində ilk olaraq iştirakçılara profesional natiqlik təlimləri keçirilib. Daha sonra gənclərin seçdikləri mövzulara hazırlaşmaq məqsədilə mentorinq hissə baş tutub. İştirakçılar arasında seçim mərhələsindən yalnız 14 nəfər finala vəsiqə qazana bilib. Seçilən finalçılar üçün master klas təşkil olunub və onların finala tam hazırlığı təmin edilib.
Final təbirində jüri qismində “Youth İnc.” Sahibkarlıq Proqramının Direktoru Ələkbər Mustafayev, “EBSCO” şirkətinin nümayəndəsi Seymur Rəsulov, “BP” şirkətinin nümayəndəsi Rəşad Bayramov və “PASHA Bank”-ın nümayəndəsi Ceyhun Atayev iştirak edib.
Jüri qiymətləndirməsinə görə Bakı Mühəndislik Universitetinin 3-cü kurs tələbəsi Rübay Səmədzadə “Law of attraction” mövzusu ilə çempionatın qalibi olub. Zərifə Əliyeva adına liseyin 11-ci sinif şagirdi Ayşən Əliyeva 2-ci, ADNSU-nun magistrantı Cavid Əbdurəhim isə 3-cü yeri tutub.
Qeyd edək ki, layihə “Muğan Bank”, “AAA” İctimai Birliyi, “ASAN Könüllüləri” Gənclər Təşkilatı, “Youth İnc.” Proqramı, “EduHUB” şirkətinin dəstəyi ilə “eproject” group tərəfindən həyata keçirilir.
 
https://mektebgushesi.az

Bənzər yazılar