Mayın 24-25-də Bakıda I Azərbaycan-Rumıniya Universitet Forumu keçiriləcək.
 
mektebgushesi.az-ın APA-ya istinadən  məlumatına görə, forumda iştirak etmək üçün Bakıya gələcək nümayəndə heyətinə Rumıniya təhsil nazirinin müavini Qiqel Paraskiv rəhbərlik edəcək.
 
Bununla bağlı jurnalistlər üçün təqdimat keçirən Rumıniyanın Azərbaycandakı səfiri Dan Yanku bildirib ki, forumda Rumıniyanın 10 qabaqcıl ali təhsil müəssisələrinin rektor, prorektor və nümayəndələri iştirak edəcəklər. Səfirin sözlərinə görə, onlar Buxarest Politexnik Universiteti, Ploeşti Neft və Qaz Universiteti, Kənd Təsərrüfatı Elmləri və Veterinar Təbabət Universiteti, Buxarest Tibb və Əczaçılıq Universiteti və digərlərini təmsil edəcəklər.
 
Azərbaycan Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək forumun ilk günündə təhsil sahəsində islahatların istiqaməti, hər iki ölkənin təhsil sahəsində qarşılaşdığı çətinliklər və problemlər barədə müzakirələr aparılacaq, tələbələrin universitetlərlə tanışlığı məqsədi ilə sərgi təşkil olunacaq. Forumun ikinci günündə isə universitetlərarası görüşlər olacaq və bir sıra razılaşmaların imzalanması gözlənilir.
 
D. Yanku həmçinin azərbaycanlı tələbələr üçün nəzərdə tutulmuş təqaüd proqramlarından danışıb. O bildirib ki, Rumıniya hökuməti tərəfindən iki xətt üzrə təqaüd proqramları həyata keçirilir: “Bunlardan biri Rumıniya Təhsil Nazirliyi tərəfindən müəyyən olunmuş təqaüd proqramıdır. Hər il bu proqram üzrə bütün təhsil dərəcələrindən 10-12 tələbə təhsil alır. Digər proqram isə Rumıniya Təhsil Nazirliyi ilə Xarici İşlər Nazirliyinin səfirliklər vasitəsi ilə həyata keçirdiyi təqaüd proqramıdır. Bu proqram çərçivəsində bütün dünyadan 80-85 tələbə təhsil alır. Bu proqrama hər il 2 azərbaycanlı tələbə düşə bilir. Seçimlər ümumilikdə ölkələrə görə deyil, meyarlara görə aparılır”.
 
https://mektebgushesi.az

Bənzər yazılar