Sentyabrın 29-da Bakı QHT-lərinin Resurs və Təlim Mərkəzində “Vətəndaş cəmiyyətinin inkişafında təhsilin rolu” mövzusunda “dəyirmi masa” təşkil olunub. Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) reallaşdırdığı “QHT-lərə institusional inkişaf sahəsində xidmətlərin göstərilməsi” layihəsi çərçivəsində keçirilib.
MQF-dən AZƏRTAC-a bildirilib ki, əvvəlcə dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin ruhu bir dəqiqəlik sükutla yad edilib.
MQF-nin prezidenti Rauf Zeyni layihə çərçivəsində ilk dəfə keçirilən tədbirin vətəndaş cəmiyyəti üçün əhəmiyyətli olduğunu vurğulayıb. O deyib: “MQF bu cür tədbirləri və müzakirələri vaxtaşırı təşkil edir. Məqsədimiz vətəndaş cəmiyyətinin inkişafı ilə əlaqədar təhsilin rolunu dəyərləndirmək, bundan sonra görəcəyimiz işləri müəyyənləşdirmək, eyni zamanda, cəmiyyətimizi narahat edən problemləri müzakirə etməkdir. Vətəndaş cəmiyyətinin inkişaf tarixinə nəzər salsaq, 1872-ci ildə böyük ustadımız Həsənbəy Zərdabi tərəfindən əsası qoyulan xeyriyyə cəmiyyətini vətəndaş cəmiyyətinin, daha doğrusu qeyri-hökumət təşkilatlarının yaranış tarixi kimi qeyd etmək mümkündür. Hazırda biz vətəndaş və vətəndaş cəmiyyəti olaraq bu cür maarifçilik hərəkatlarını davam etdiririk”.
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun direktoru Vəfa Yaqublu bildirib ki, ölkəmizdə vətəndaş cəmiyyətinin formalaşmasında təhsilin rolu böyükdür. Bu cür layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayan Vəfa Yaqublu Azərbaycanda və xarici ölkələrdə həyata keçirilən təhsil islahatları və təcrübə mübadilələri barədə məlumat verib.
Təhsil Nazirliyinin layihə əlaqələndiricisi Elçin Sərdarov həyata keçirilən layihənin QHT-lərin inkişafında əhəmiyyətini vurğulayıb.
Digər çıxış edənlər də layihə barədə fikirlərini bölüşüb, müzakirələr aparıblar. Onları maraqlandıran suallar Təhsil Nazirliyinin nümayəndələri tərəfindən cavablandırılıb.

Mektebgushesi.az

Bənzər yazılar