Azərbaycanda müəllim hazırlığı ilə məşğul olan bir çox ali təhsil müəssisələrinin tələbələri hazırda Bakı şəhər məktəblərində pedaqoji təcrübə keçirlər. Pedaqoji təcrübənin mütəxəssis hazırlığında yeri, rolu və əhəmiyyəti hamımıza yaxşı bəllidir. Müşahidələrimiz onu göstərir ki, bu sahədə tələbələrimizə lazımi şəkildə metodik kömək göstərilsə də, görülən işləri yetərli saymaq olmaz. Bu sahəyə hər an ən zəruri şəkildə diqqət yetirilməlidir. Tələbələrin vaxtında tədris resursları ilə təmin olunması, dərslərə hazırlaşdırılması, sınaq dərslərini keçmələrinə maksimum elmi-metodik dəstəyin verilməsi, keçilən sınaq dərslərin pedaqoji təcrübə rəhbərləri tərəfindən obyektiv dəyərləndirilməsi, keçilən dərslərin səmərəli müzakirəsinin aparılması və s. məsələlər daim diqqətdə saxlanılmalıdır. Bu sahədə hər universitetin özünün qazandığı nailiyyətlər olduğu kimi, müəyyən iş təcrübələri də vardır. Həmin iş təcrübələrinin öyrənilməsi və təbliği sahəsində müəyyən işlər aparılmalıdır. Bunu ən azından müasir ehtiyaclar belə tələb edir.

Bu baxımdan müəllim hazırlığında önəmli yeri olan, flaqman sayılan ADPU-da tələbələrin pedaqoji təcrübələrinin təşkili yönümündə iş təcrübəsinin öyrənilməsi və yayılmasına da ciddi ehtiyac vardır. Biz bu yazımızda görülmüş işlərin geniş təhlilini vermədən bəzi məqamları hörmətli oxucularımızın diqqətinə çatdırmaq istəyirik.

Tələbələrimizin Bakı şəhəri üzrə ümumtəhsil məktəblərində pedaqoji təcrübə keçməsi rektorun əmri ilə yaradılan ADPU üzrə pedaqoji təcrübə komissiyasının işinin fəallaşması ilə başlayır. Təcrübə başlayana qədər işçi qrupu formasında dəfələrlə yığıncaqlar, müşavirələr, seminarlar keçilir. Pedaqoji təcrübə rəhbərləri elmi-metodik problemləri müzakirə edir, ehtiyacları müəyyənləşdirir və təcrübənin daha səmərəli olması üçün fəaliyyət planını təsdiq edir. Həmin fəaliyyət planı əsasında təcrübəyə cəlb olunan və ya cəlb olunacaq professor-müəllim heyəti ilə müntəzəm maarifləndirmə işləri aparılır, müzakirələr zamanı əldə olunan nəticələr, yekun qərarlar fakültələrə,

ixtisas kafedralarına çatdırılır. Bir sözlə, təcrübə başlanan günə qədər müəllim və tələbələrimiz prosesə hazırlanmış olur. Lazım gələndə pedaqoji təcrübə komissiyası geniş tərkibdə yığıncaqlar təşkil edir və qəbul olunmuş qərarları, baza sənədlərini təcrübə rəhbərlərinə təqdim və izah edir.

Müəssisələrdə pedaqoji təcrübənin keçirilməsi zamanı təlimatların, metodik tövsiyələrin hazırlanması və onun müzakirə olunması və qəbulu da bu komissiyasının diqqətəlayiq işlərindən biridir. Pedaqoji təcrübə müddətində tələbələrin görə biləcəkləri işlərin məzmununu – “İşçi proqramı”nı, onun məzmununu, strukturunu geniş müzakirələr nəticəsində dəqiqləşdirməkdə, təcrübə rəhbərlərinə çatdırmaqda da bu komissiya öz səmərəli işini davam etdirir. Təcrübə jurnallarının məzmunu, pedaqoji təcrübənin nümunəvi gündəliyini hazırlanması, “Pedaqoji təcrübənin keçirilməsinə dair “Yaddaş”ın tərtib olunması və professor-müəllim heyətinin istifadəsinə verilməsi də bu təcrübə komissiyasını işini ən vacib hissəsinə aiddir.

Bütün bu görülən işlər birbaşa rektorluğun və tədris departamentinin təşəbbüsü və nəzarəti ilə həyata keçirilir. Komissiya görülmüş işlərə dair rəhbərlik qarşısında müntəzəm hesabat verir.

Pedaqoji təcrübənin keçirilməsi üçün qəbul olunan qərarların vacibliyini, tətbiqini gözləyən yeniliklərin zəruriliyini, təcrübənin ilkin müəllim hazırlığı işində mühüm, həlledici və yekun mərhələ olduğunu nəzərə alsaq, ADPU-da görülmüş işləri müəyyən qədər müsbət qəbul etmək olar.

Amma bütün bunlarla yanaşı təcrübənin gedişi zamanı müşahidə olunan və hal-hazırda izaha ehtiyacı olan bəzi məqamları da qeyd etmək yerinə düşər. İlkin müşahidələr onu göstərir ki, hələ də təcrübə keçən tələbələrimiz (digər ali təhsil müəssisələrini də nəzərdə tuturuq) sınaq dərsləri keçərkən nələrə diqqət yetirəcəklərini, təcrübəçi tələbə yoldaşlarının dərslərini dinləyərkən (müşahidə edən zaman) hansı məqamlara öz münasibətlərini bildirəcəklərini kifayət qədər təsəvvür edə bilmirlər. Belə ki dərslərin müzakirəsi zamanı ümumi sözlərlə kifayətlənməli olurlar. Bu sahədə onlara kiçik bir ip ucu verməyinə zəruri ehtiyac vardır.

Tələbələrin dərsləri dinləyərkən nələrə fikir verəcəklərini fənlərin tədrisi metodikası kurslarının içində axtarmaq lazımdır. Etiraf etməliyik ki, həmin kursun praktikyönümlülüyü hələ də lazımi səviyyədə təmin olunmamışdır. Təbiidir ki, bizdə

növbəti tədris ilinə qədər “Pedaqoji təcrübə komissiyası” olaraq bu boşluğu da doldurmaq üçün gərəkli olan addımları atmaqdadır. Hazırda təcrübə keçən tələbələrimizə lazım olan dəstəyi vermək üçün tərəfimizdən bir layihə və nümunə olaraq ” Dərslərin müşahidəsi zamanı diqqət ediləcək məsələlər”i sxemini müzakirəyə təqdim etmişik. Onun məzmununda müəyyən təkmilləşdirmə işləri də istisna edilmir. Amma buna baxmayaraq həmin məzmunu tələbələrimizə kömək baxımında dərc etmək və yaymaq da yerinə düşərdi. İnanırıq ki, Siz saytınız bu ümumi işimizə öz dəstəyini əsirgəməyəcək.

Təcrübəçi tələbə sınaq dərslərinin müşahidəsi zamanı diqqət etməlidir:

1. Dərsin qarşısında duran vəzifələr – təlim nəticələri (dərsin məqsədi) uğurla həll olundumu?

2. Dərs üçün nəzərdə tutulan a) texnıkalardan (üsullardan), b) iş formalarından, c) resurslardan səmərəli istifadə olundumu?

3. Dərsin gedişində a) təlim nəticələri, b) qrup tapşırıqları və c) qiymətləndirmə meyarları üst-üstə düşürdümü? (Bunlar eyni olmalıdır. Yəni təlim nəticələri qrup tapşırıqlarına, onlar da meyarlara çevrilməlidir. Fərq burasında olacaq ki, təlim nəticəsində fellər indiki zamanda, qrup tapşırıqlarında əmr formasında, qiymətləndirmə meyarlarında isə feli-isim formasında – ma,-mə – kimi göstərilir).

4. Dərsdə təlim nəticələrinin (məqsədin) əldə olunmasına cəlb olunan a) üsul və b) vasitələri, alətləri yetərli saymaq olarmı?

5. Dərsin gedişatı zamanı fəal(interaktiv) dərsin mərhələlərinə necə əməl olundu?

a. Motivasiya düzgün quruldumu? Yəni a) mövzu, b) tədqiqat sualları, c) ilkin fərziyyələrin yazılması düzgün və ardıcıllıqla həyata keçdimi?

b. Tədqiqın aparılması mərhələsi düzgün quruldumu? a)Yəni qruplara tapşırıq verildimi, b) vaxt elan olundumu, c) tapşırığın icrasına nəzarət olundumu? d) qrup tapşırıqları təlim nəticəsinə uyğun idi mi?)

c. Məlumat mübadiləsi mərhələsində a) qruplara bərabər vaxt ayrıldımı? b) təqdimatçılara müəllim və sinif lazımınca qulaq asdımı? c) fərqlənən qruplara diqqət yetirildimi? d) onlar qiymətləndirildimi?

ç. Məlumatın müzakirəsi və təşkili mərhələsində a) müzakirə sualları verildimi? b) onlar təqdimatların məzmununu əhatə etdimi? c) suallar təqdimatlardakı məzmunu ümumiləşdirə bildimi?

d. Nəticələrin çıxarılması mərhələsində a) ümumiləşdirilmiş məzmunla – yekun qənaətlə ilkin fərziyyələr tutuşduruldumu? b) nələrin yeni, nələrin təsdiq olunduğu müşahidə etdirildimi?

e. Yaradıcı tətbiqetmə mərhələsindəki tapşırıqlar a) düzgün qoyulmuşdumu? b) vaxt ayrılmışdımı? c) tapşırığın necə icra olunması nəzarətə götürülmüşdümü? d) tapşırıqlar dəyərləndirildimi?

f. Qiymətləndirmə meyarları a) qrup tapşırığı və b) təlim nəticələri ilə eyni idi mi? c) müəllim qiymətləndirməni düzgün apara bildimi?

6. Müəllimin a) fasilitasiya, b) ünsiyyət, c) idarəetmə, d) stimullaşdırma, e) psixoloji dəstəkləmə bacarıqları necə idi?

7. Dərsin gedişi a) cəlbedici və b) maraqlı idi mi?

8. Dərs a) pedaqoji, b) psixoloji, c) metodiki və d) elmi baxımdan tələbləri ödədimi?

9. Dərsdə istifadə olunan əyani və texniki vasitələr məqsədəuyğun idi mi?

10. Dərs barədə yekun rəyiniz nə oldu?

Əziz tələbələr və müəllim həmkarlarımız. Dərsin gedişatı zamanı hər bir bəndin, yarımbəndin qarşısında müsbət (+) və ya mənfi (-) işarəsinin qeyd olunması həm tələbənin vaxtını almır, həm də onun öz dərsinə hazırlaşması işinə lazımi səviyyədə metodik bir yaddaş kimi kömək etmiş olur. Belə hesab edirəm ki, hazırkı sxemi hər iki tərəf yadda saxlasa, həmin sxem əsasında dərsləri izləsə və dəyərləndirsə, ümumi işimizin xeyrinə olardı.

ADPU ilkin müəllim hazırlığı işində daim öndə durmağı bacarmışdır. Professor Cəfər Cəfərov universitetimizə rektor təyin olunandan sonra apardığı islahatlar çərçivəsində təkcə universitetimizin simasını deyil, tədrisin və müəllim hazırlığı işinin də məzmununun dəyişdirilməsini, yeniləşdirilməsini bir vəzifə olaraq qarşıya qoymuşdur. Bu sahədə olduqca ciddi işlər aparılır və o tamamilə başqa bir yazının predmetidir. ADPU üzrə pedaqoji təcrübə komissiyasının yaradılması da bu görülmüş faydalı işlərdən biridir.

Hörmətlə,

ADPU üzrə Pedaqoji təcrübə komissiyasının üzvü dos. Fəxrəddin Yusifov

Bənzər yazılar