Martın 20-də Lənkəran şəhərinin bayramsayağı bəzədilmiş Qala xiyabanında və Həzi Aslanov parkında təntənəli Novruz şənliyi keçirilib. Şənlik Dədə Qorqud personajının xalqımızın milli mənəvi dəyərlərinin ən gözəl nümunələrindən olan, yurdumuza Baharın gəlişini, doğma təbiətin canlandığını, torpağın oyanışını xəbər verən Novruz barədə ürəkləri riqqətə gətirən çağırışı ilə başlayıb.

Novruzun xalqımızın taleyində çox əlamətdar hadisələrlə zəngin, cənab Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə doğma Azərbaycanımızın tərəqqisi, bütün sahələrdə parlaq nailiyyətlərin qazanıldığı, dinc həyatın, əminamanlığın və möhkəm siyasi sabitliyin hökm sürdüyü bir vaxtda bayram edilməsinin çox sevindirici olduğunu xüsusi vurğulanıb. Minlərlə lənkəranlının və xarici ölkələri təmsil edən qonaqların böyük maraqla izlədikləri Novruz şənliyində ilaxır çərşənbənin tonqalı qalanmış, incəsənət ustalarının, bədii özfəaliyyət kollektivlərinin, uşaq bağçalarının körpə fidanlarının ifasında rəngarəng mahnılar və rəqslər ifa olunmuş, Bahar mövzusunda rəsm əsərləri, xalq sənətkarlığı nümunələri, çay, çəltik və sitrus məhsullarından ibarət sərgilər və təndirdə el adəti ilə çərşənbə ləvəngi balığının sac üstündə bişirilməsi canlı olaraq nümayiş etdirilib. Bacarıqlarını göstərən idmançıların nümunəvi çıxışları, bəzəkli faytonda tədbirə qatılan Novruz personajları-Bahar qızın könülləri oxşayan təbrik sözləri, Kosa və Keçəlin şirin, məzəli oyunları, yumurta döyüşdürmələri tamaşaçılara xoş ovqat bəxş edib.

Tədbirdə Lənkəran Dövlət Humanitar Kollecinin tələbələrinin çəkdikləri şəkillərdən və əl işlərindən ibarət sərgi təşkil edilmişdir. Daha sonra kollecin müəllim və tələbə heyəti O.Mirzəyev adına qarışıq tipli uşaq evinə baş cəkdilər. Tələbələr tərəfindən hazırlanmış bayram xonçaları balacaların bayram sevincini artırmış və uşaqları Novruz Bayramı münasibətilə təbrik edərək onlara daim bahar təravətli, sağlam və xoşbəxt olmağı arzuladılar.

Cəmil Quliyev

LDHK–nın müəllimi, t.ü.f.d.

Bənzər yazılar