ADAU-da Aprel döyüşləri “Azərbaycan Hərbi məktəbinin şanlı salnaməsidir” mövzusunda inşa-yazı müsabiqəsi keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində 1-ci kurs tələbələri arasında Milli Ordumuzun göstərdiyi qəhrəmanlığının növbəti ildönümü ərəfəsində tələbə gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədi ilə inşa-yazı müsabiqəsi keçirilib.

Müsabiqə başlamazdan əvvəl ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov iştirakçı tələbələrlə görüşüb. Rektor çıxışında bildirib ki, 2016-cı il aprelin birindən ikisinə keçən gecə və gün ərzində bütün cəbhə boyu Azərbaycan mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qalıb. Azərbaycan tərəfindən bu hücumun qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində təxirəsalınmaz cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilib. Döyüş nəticəsində Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi erməni qüvvələrindən tam təmizlənib. Horadiz şəhərinin erməni təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli “Lələ təpə” adlandırılan yüksəklik də Azərbaycan qüvvələrinin nəzarətinə keçib. Beləliklə Azərbaycan ordusu bütün dünyaya bəyan edib ki, biz ərazi bütövlüyümüzü təmin etməyə qadirik. Bu döyüşlərdə itgilər olsa da xalqda böyük ruh yaranıb, ordumuzun gücü sübuta yetirilib. Rektor İbrahim Cəfərov çıxışının sonunda müsabiqə iştirakçılarına uğurlar arzulayıb.

Sonra Aqronomluq fakültəsinin tələbələri qələbə ruhlu şerlər ifa etdiblər, Azərbaycan sevdalı mahnılar oxuduyublar. Təbii ki, bütün bunlar müsabiqə iştirakçılarının fikirlərini tam və dolğun ifadə etmələrinə fürsət yaradıb. Rektorun əmrinə uyğun müsabiqənin qalibləri bu cür rəğbətləndiriləcək. 1- ci yer -150 manat (1 nəfər), 2- ci yer -100 manat (2 nəfər), 3- cü yer – 80 manat (3 nəfər).

Günün ikinci yarısında münsiflət heyəti müsabiqənin nəticələrini elan edib. Birinci yerin sahibi, Mühəndislik fakültəsinin tələbəsi Peykər İbrahimova olub. İkinci yeri Aqronomluq fakültəsinin tələbəsi Sevgi Fətəli və Aqrotexnologiya fakültəsinin tələbəsi Züleyxa Rüstəmli tutub. Üçüncü yerə isə Aqronomluq fakültəsindən Ağaməsi Abzərov, Aqrar İqtisadiyyat fakültəsindən Nazdı Aslanova və Leyla Babayeva çıxıb.

Aqrar iqtisadiyyat fakültəsinin daha bir tələbəsi-Elvin Ağayev başqa iştirakçılardan fərqləndiyi üçün fəxri-fərmanla təltif edilib.

Bənzər yazılar