Təhsildə əlliliyi olan şəxslərin digərləri ilə birlikdə məktəbəqədər, orta və ali təhsil alması inlklüziv təhsildir.

Ölkəmizdə başqa sahələr üzrə inklüziv təhsil müəyyən qədər inkişaf etsə, peşə təhsil müəssisələrində vəziyyət bir qədər fərlqlidir.

Bu dəfəki yazımızda peşə təhsil müəssisələrinin inklüziv təhsillə bağlı problemlərindən söz açdıq.

“Ümumilikdə peşə təhsilinin inkişafı ölkədəki təhsilin inkişafı üçün zəruri  amillərdən biridir”.

Milli Məclisin deputatı Asim Mollazadə  AzEdu.az-a açıqlamasında peşə təhsilində görülməli işlərin zərurətindən danışdı:

“Son dövrlərə qədər  bizdə peşə təhsili  yox səviyyəsində idi. Müvafiq idarə və Peşə təhsili üzrə Dövlət Agentiyinin yaradılmasından sonra  bu sahədə inkişaf özünü göstərdi. Məncə peşə təhsili ilə bağlı çox görüləsi  işlər: maliyyə dəstəyi, savadlı kadrların peşə təhsil müəssisələrinə cəlb edilməsi, məzunların işlə təmin olunması və s. Eyni zamanda, beynəlxalq təcrübənin mənimsəmək və onu ölkə təhsilinə düzgün formada tətbiq etmək də görüləcək işlər sırasındadır.

Bütün bu addımlar eynilə inkluziv təhsil üçün də atılmalıdır. Sağlam tələbələrdə olduğu kimi fiziki məhdudiyyətli tələbələrin də gələcəkdə işlə təminatında ciddi işlər görmək lazımdır. Bundan əlavə peşə təhsil müəssisələrinin özü inkluziv təhsillə bağlı məlumatlandırılmalıdır.

Ümumilikdə, peşə təhsilinin inkişafı ölkədəki təhsilin inkişafı üçün zəruri  amillərdən biridir”.

“Təəssüf ki, bu gün peşə təhsilində orta məktəblərdə olduğu kimi, evdə dərs, xüsusi qruplar və s. imkanlar  yoxdur”.

Bakı 4 saylı Peşə Liseyinin direktor müavini Aytac Rzayeva isə əsas çətinliyin təhsil üçün xüsusi qrupların olmamasında görür:

“Bizim əsas problemimiz inklüziv  təhsil üçün xüsusi qrupların yaradılması ilə bağlıdır. Ən azından sağlamlıq imkanları məhdud şəxslərin müraciət etdikləri dərzi, qaynaqçı, boyaqçı və s. ixtisaslarda ikili qrupların yaradılsa yaxşı olardı. Belə ki qruplardan birində sağlam digərində isə fiziki məhdudiyyətli tələbələr təhsil alarlar.

Təəssüf ki, bu gün peşə təhsilində orta məktəblərdə olduğu kimi, evdə dərs, xüsusi qruplar və s. imkanlar yoxdur. Fiziki məhdudiyyətli tələbələr  digərləri ilə eyni qruplarda təhsil alırlar. Bu həm müəllim, həm də uşaqlar üçün çətin məsələdir. Uşaqların öz yaşıdları ilə qaynayıb qarışmaları, normal tələbələrlə eyni sərgilərdə iştirak etmələri sevindirici hal olsa da, onların özlərinə məxsus qruplara ehtiyac var.

Avqust ayında asan xidmətlə qəbul olunacaq tələbələr üçün, inklüziv təhsil seçimi yaradılsa bu sahəyə savadlı kadrların cəlb edilməsi də  asanlaşar”.

 Rəna Nəbi

Bənzər yazılar