Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Alman Akademik Mübadilə Xidməti (DAAD) Bakı Məlumat Mərkəzinin fəaliyyətə başlamasının 15 illiyi münasibətilə tədbir keçirilib.

Universitetdən Mektegushesi.az -a bildiriblər ki, müvafiq qurumların iştirak etdikləri tədbirdə bu ali məktəbin beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Rafiq Camalov ADNSU ilə Almaniya universitetləri arasındakı əməkdaşlıq əlaqələrindən danışıb. Bildirilib ki, onlarla azərbaycanlı tələbə üçün Almaniyanın nüfuzlu universitetlərində təhsil almaq imkanları yaradılıb.

Prorektor DAAD Bakı Məlumat Mərkəzinin elmi əlaqələrin genişlənməsində, mübadilə prosesində xüsusi rolu olduğunu diqqətə çatdırıb.

Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq Azərbaycan-Almaniya əlaqələrinin əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, bu əlaqələr təhsil sahəsində də uğurla davam etdirilir.

Səfir bildirib ki, fəaliyyətinin 15 illiyini qeyd etdiyimiz DAAD Bakı Məlumat Mərkəzi bir sülh layihəsidir, beynəlxalq elm təşkilatıdır.

Sonra DAAD Bakı Məlumat Mərkəzinin fəaliyyəti haqqında geniş məlumat verilib.

Digər çıxış edənlər DAAD-ın beynəlxalq təhsil sistemindəki mühüm əhəmiyyətindən, elmin inkişafına verdiyi töhfələrdən danışıblar.

Bənzər yazılar