Yanvarın 24-də Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında olublar.

Səfər çərçivəsində İctimai Şuranın sədr müavini, tanınmış təhsil eksperti Nadir İsrafilov, məsul katib İlqar Orucov və Şura üzvü Ülviyyə Mikayılova payız semestrinin imtahan sessiyasının gedişi ilə tanış olmuş, Apellyasiya Komissiyası və İmtahan Qərargahının fəaliyyəti ilə maraqlanaraq, komissiya sədrləri və nəzarətçilərlə söhbət etmiş, filialda növbəti “Açıq qapı” günündə iştirak edən valideynlərlə imtahan prosesini onlayn izləmə otağında görüşmüş, onların imtahanların təşkilinə münasibətlərini öyrənmişlər. İctimai Şura üzvləri valideynlərin iştirakı ilə kameralar vasitəsilə imtahanın gedişini izləmişlər.
Filialın direktoru dosent Yusif Alıyev imtahan prosesinin təşkili haqqında ətraflı məlumat verərək qeyd etmişdir ki, hər gün 230-250 tələbənin iştirakı ilə baş tutan imtahan prosesini 18 nəzarətçi və 2 baş nəzarətçi izləyir. Tələbələr zalda sakit və maneəsiz formada şəffaf və obyektiv şəkildə imtahan suallarını cavablandırırlar. Dosent Y.Alıyev həmçinin qeyd edib ki, filialda təhsil mühitinin sağlamlaşdırılması, obyektivlik və şəffaflığın təmin olunması istiqamətində görülən işlərə müvafiq olaraq imtahandan sonra cavabların yoxlanılması prosesi də imtahanda olduğu kimi yüksək pikselli kameralar vasitəsilə qeydə alınır və hər hansı kənar müdaxiləyə yol verilmir.

Sonra İctimai Şuranın sədr müavini Nadir İsrafilov imtahanların gedişi ilə bağlı öz təəsüratlarını bölüşərək, imtahan prosesinin mövcud qanunvericiliyin və Azərbaycan Respublikası Təhsil nazirinin 2019-2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının keçirilməsi ilə bağlı məlum əmrinin tələblərinə uyğun keçirilməsinin zəruriliyini diqqətə çatdırmış, bunun üçün müvafiq qabaqlayıcı tədbirlərin görülməsi vacibliyini qeyd edərək, tələbələr üçün yaradılmış şəraitdən, onların sərbəst formada biliklərinin üzə çıxarılmasına yaradılacaq imkanlardan, nəzarətin təşkilinin obyektivliyindən, prosesin şəffaflığının mahiyyətindən danışıb.
Daha sonra valideynlər imtahanın gedişi haqında fikirlərini bildirərək İctimai Şura üzvlərinə və Filial rəhbərliyinə onları maraqlandıran suallar verməklə yanaşı, müəyyən rəy və təkliflərini də bildiriblər. Sonra İctimai Şuranın üzvləri ilə filialın akt zalında universitetin professor-müəllim heyəti və Quba rayon Təhsil Şöbəsinin tabeliyində olan tam orta məktəblərin rəhbər və pedaqoji heyyətinin üzvləri ilə geniş tərkibdə görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan Quba filialının direktoru dosent Yusif Alıyev filiala göstərilən diqqət və yüksək etimada görə Təhsil naziri cənab Ceyhun Bayramov başda olmaqla İctimai Şura üzvlərinə Filaial kollektivinin və rayonun təhsil ictimaiyyətinin adından təşəkkürünü bildirdi. Dedi ki, İctimai Şuranın yaradılması ilə təhsil müəssisələrində nəzərəçarpacaq ruh yüksəkliyi, aşkarlıq və şəffaflığa lazımı zəmin yaradılıb. Y.Alıyev filialda görülmüş işlərdən, perspektiv inkişaf istiqamətindən danışaraq bildirib ki, hazırda qarşıya qoyulan məqsədlər, reallaşması gözlənilən ideyalar çoxdur. Filialda müxtəlif funksiyalı klasterlərin qurulması haqqında bir çox layihələrin işlənib hazırlanıb, universitet-məktəb-bağça, universitet-televiziya-biznes klasterləri yaradılib. Həmçinin, oktyabr ayında Quba filialında “Regionlarda ali təhsil: reallıqlar və perspektivlər” mövzusunda beynəlxaql konfransın keçirilməsi nəzərdə tutulmuşdur. Məzun koordinasiya şurasının işi gücləndirilib, tələbə təşkilatlarının rəhbərlikdə iştirakı tələbkarlıq, çeviklik, novatorluq əsasında qurulur.

İctimai Şuranın məsul katibi İlqar Orucov çıxış edərək, İctimai Şuranın fəaliyyət və funksiyaları haqqında ətraflı məlumat verib. Qeyd edib ki, İctimai Şura təhsil sahəsində müxtəlif məsələlərin müzakirəsi üçün məsləhətləşmələr təşkil edən, bu sahədə dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı Nazirliyə təkliflər verən və qanunvericiliklə müəyyən edilmiş digər hüquqlara malik olan məşvərətçi qurum olaraq fəaliyyət göstərir. İclasın gedişində İ.Orucov auditoriyanın ona ünvanladığı suallara da cavab verərək, bu suallar əsasında ümumiləşdirilmiş konkret təkliflər hazırlanacağı və Nazirliyə təqdim olunacağını qeyd edib.

Daha sonra, İctimai Şuranın sədr müavini Nadir İsrafilov təhsildə dövlət siyasətinin aşkarlıq, şəffalıq, demokratiklik, humanistlik kimi əsas prinsiplərinin uğurla həyata keçirilməsindən söhbət açdı, Şuranın yaradılmasının zəruriliyin vurğulayaraq, yeni yaradılan qurumun məhz bu prinsiplərin reallaşmasına öz töhfəsini verəcəyinə, maraqlı tərəflərin rəy və təkliflərinə həssaslıqla yanaşılacağına və birgə əməkdaşlığın öz müsbət nəticələrini göstərəcəyinə əminliyini bildirdi.

Şura üzvü Ülviyyə Mikayılova öz çıxışında universitetlərin peşəkar kadr hazırlığındakı reallıqları və bu sahəgə üzləşdikləri mövcud problemlərin həlli istiqamətində fikirlərini bölüşərək, filialın rayonda Himayədarlar şurasının yaradılması, Peşəkar təlim icmalarının formalaşdırılması, filialda yay məktəblərinin təşkili ilə bağlı təşəbbüslərin əhəmiyyətini xüsusi qeyd etdi.

Quba rayon Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev çıxış edərək təhsil sahəsində həyata keçirilən yeniliklərdən, tədrisdə, təlimdə üzləşilən müəyyən problemlərin həlli yollarından, şagird-müəllim-valideyn münasibətləridən danışaraq bu formatda görüşlərin müəllimər, rəhbər şəxslər üçün son dərəcə vacibliyinə diqqət çəkib.

Sonda ictimai Şura üzvləri tədbir iştirakçılarını maraqlandıran sualları cavablandıraraq, onların rəy və təkliflərinə dair müvfiq qeydlər götürüblər.

Bənzər yazılar