Yanvarın 30-da Bakı Dövlət Universitetində (BDU) türk dünyasının önəmli şəxsiyyətlərindən biri, müasir qazax yazılı ədəbiyyatının banisi, filosof, böyük ictimai xadim və maarifçi Abay Kunanbayevin 175 illik yubiley tədbirlərinin və türk dünyasında “Abay ili”nin açılış mərasimi keçirilib.

Mektebgushesi.az xəbər verir ki, tədbir Beynəlxalq Türk Akademiyasının, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin, Bakı Dövlət Universitetinin, L.Qumilyov adına Avrasiya Milli Universitetinin, Qazaxıstanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə keçirilib.

Tədbirdə Beynəlxalq Türk Akademiyasının rəhbərliyi və nümayəndələri, Azərbaycan, Qırğızıstan və Türkiyə Təhsil nazirlərinin müavinləri və təmsilçiləri, beynəlxalq təşkilatların rəhbərləri, üzv ölkələrin Bakıdakı səfirləri, müxtəlif ölkələrdən nüfuzlu alimlər və ictimai xadimlər iştirak edib.

Mərasimdən əvvəl qonaqlar BDU-nun nəzdində fəaliyyət göstərən Abay Kunanbayev adına Qazax dili, tarixi və mədəniyyəti mərkəzini ziyarət edib, kitab sərgisi ilə tanış olublar. Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali tərəfindən 60-dək kitab, o cümlədən Abaya həsr edilən və akademiya tərəfindən nəşr olunan azərbaycanlı tədqiqatçı Turan Teymurovun “Muxtar Auezovun “Abay” romanında sənətkarlıq məsələləri”, qazax alimi Mekemtas Mırzaxmetulının “Muxtar Auezov – abayşünas alim”, “Abayı oxu, öyrən…” və “Müdrik Abay mirasını öyrənmənin 125 illik tarixnaməsi” kitabları mərkəzə təqdim olunub.

BDU-nun rektoru Elçin Babayev mərasimi açaraq mötəbər tədbir münasibətilə iştirakçıları təbrik edib. Rektor 100 illik yubileyi qeyd olunan Bakı Dövlət Universitetinin tarixi, bu günü, o cümlədən beynəlxalq əlaqələri və Qazaxıstan ali təhsil ocaqları ilə ikitərəfli əməkdaşlığından bəhs edib. O, Azərbaycan və Qazax xalqları arasında tarixən mövcud olan dostluq və qardaşlığın möhkəmlənməsində nəinki Azərbaycanın, eləcə də bütün türk dünyasının lideri Heydər Əliyevin tarixi xidmətlərindən danışıb. İki xalqın qardaşlığından söz açan rektor onların ortaq mədəniyyətə, tarixi köklərə malik olduqlarını qeyd edib.

Tədbirdə çıxış edən Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva türkdilli ölkələrin elm və təhsil sahəsində əməkdaşlığının əhəmiyyətindən danışıb. O bildirib ki, türk dünyası üçün mühüm xidmətləri olan şəxsiyyətlərin yubileylərinin keçirilməsi ortaq mədəniyyətlərin təbliği yolunda mühüm addımdır. Belə tədbirlər ölkələrimiz arasında təhsil sahəsində əlaqələri də möhkəmləndirir.

Mərasimdə çıxış edən Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali qazax xalqının mənəvi lideri sayılan Abay Kunanbayevin 175 illik yubileyinin keçirilməsini əlamətdar hadisə adlandırıb, “Abay ili”nin türk xalqları arasında mədəni əlaqələrin inkişafına yeni töhfələr verəcəyinə əmin olduğunu bildirib.

Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək görkəmli qazax klassiki Abay Kunanbayevin 175 illik yubileyinin ölkəmizdə keçirilməsinin Azərbaycan-Qazaxıstan ədəbi-mədəni əlaqələrinin mühüm göstəricisi olduğunu qeyd edib. Vurğulayıb ki, qazax milli istiqlal ədəbiyyatının yaradıcısı olan Abayın irsinin yenidən tədqiqi Azərbaycan-Qazaxıstan elmi-mədəni inteqrasiyasının dərinləşməsinə töhfələr verəcək.

Sonra mövzu ilə bağlı məruzələr dinlənilib.

Mərasim bədii hissə ilə davam edib. Qazaxıstanın Əməkdar artisti, professor Kenjeqali Mırjıkbayı və onu müşayiət edən musiqiçi, beynəlxalq mükafatlar laureatı Elena Sahnonun çıxışları maraqla qarşılanıb.

Bənzər yazılar