Yanvarın 30-da Bakı Slavyan Universitetində (BSU) 2 fevral – Azərbaycan Gəncləri Günü ilə bağlı tədbir keçirilib.

BSU-dan Mektebgushesi.az-a bildirilib ki, tədbiri açan rektor Nurlana Əliyeva tələbələri əlamətdar gün münasibətilə təbrik edib. Rektor bildirib ki, ölkədə gəncliyə böyük diqqət və qayğının əsası müasir Azərbaycan dövlətinin qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vətənpərvər fəaliyyətinin, yüksək milli təəssübkeşliyinin nəticəsində qoyulub. Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə gəncliyin gələcəyinə böyük diqqət və qayğı ilə yanaşan Ulu Öndər ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətinin müəllifi və banisidir. Heydər Əliyevin Fərmanı ilə 1996-cı il fevralın 2-də keçirilmiş Azərbaycan Gənclərinin I Forumunda 2 mindən çox nümayəndə iştirak etmişdi. Forumda dərin məzmunlu nitq söyləyən Ulu Öndər gəncliyin qarşısında çox böyük vəzifələr durduğunu, onun əsas vəzifəsinin isə özünü müstəqil Azərbaycan Respublikasının inkişafına həsr etməkdən ibarət olduğunu qeyd edib. 1997-ci il fevral ayının 1-də ulu öndər Heydər Əliyev gənclər təşkilatlarının nümayəndələri ilə görüşündən sonra onların xahişini yerinə yetirərək fevralın 2-nin Gənclər Günü elan edilməsi haqqında Fərman imzalayıb. Hazırda Azərbaycanda Gənclər Günü ilə könüllülük hərəkatı vəhdət halında bir-birini tamamlayır. Ölkəmizdə gənclərlə bağlı böyük işlər, genişmiqyaslı tədbirlər həyata keçirilir, müxtəlif layihələr, dövlət proqramları icra edilir. Azərbaycanda aparılan islahatlar ölkəmizin davamlı iqtisadi inkişafına, xalqın sosial rifahının gücləndirilməsinə, eləcə də gənclərin dövlət idarəçiliyinə cəlb edilməsinə əlverişli şərait yaradır və bu, xalqımız tərəfindən təqdir edilir, yüksək qiymətləndirilir.

Rektor xüsusi qeyd edib ki, Prezident İlham Əliyevin 2019-cu il 30 dekabr tarixli Sərəncamı ilə 2020-ci il Azərbaycan Respublikasında “Könüllülər ili” elan edilib. Təqdirəlayiq haldır ki, BSU-nun min nəfərdən çox tələbə-könüllüsü respublika və beynəlxalq miqyaslı tədbirlərdə fəal iştirak edir. XXI əsr inteqrasiya, qloballaşma əsridir. Beynəlxalq çağırışlar sürətlə dəyişir. Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi tədbirində xalqımızın milli-mənəvi dəyərlərinin qorunub-saxlanılmasının, bu dəyərlərə əməl edilməsinin vacibliyini xüsusi vurğulayıb. BSU-nun tələbə-gəncləri dövlətimizin başçısının bu tövsiyəsinə sadiq qalmalı, xalqa, dövlətə, dövlətçiliyə sədaqətlə xidmət etməlidirlər.

Sonra tədbirdə tələbələrin “Ümummilli lider Heydər Əliyevin gənclər siyasəti”, “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət gənclər siyasəti və qeyri-hökumət təşkilatlarının rolu”, “2019-cu ildə BSU-da TGT-nin və BSU könüllülərinin fəaliyyəti”, “Gənclər siyasətinin multikultural dəyərləri” mövzularında çıxışları dinlənilib.

BSU-nun 35 nəfər tələbəsi Azərbaycan Gəncləri Günü münasibətilə və universitetin ictimai həyatında göstərdikləri fəallığa və təəssübkeşliyə görə təşəkkürnamə ilə təltif ediliblər.

Sonda dövlət gənclər siyasətinə həsr olunmuş film təqdim edilib.

Bənzər yazılar