Azərbaycan Respublikasının Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Ürəklərə gedən ipək yol” layihəsi yekunlaşıb.

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə 3-cü qrant müsabiqəsi”nin qalibi Məmmədova Rəsidə Salman qızının 01.09.2019-01.02.2020-ci il tarixində 5 ay müddətinə icra etdiyi “Ürəklərə gedən ipək yol” layihəsi yekunlaşıb. Layihənin yekunu ilə bağlı Lənkəran şəhər 8 nömrəli tam orta məktəbində təhsil ictimaiyyəti üçün yekun tədbir təşkil edilib. Tədbirə Lənkəran rayonu ilə bərabər, Masallı, Astara və Lerik rayonun təhsil işçiləri də dəvət olunub. Tədbirdə 70 nəfərdən çox təhsil işçisi iştirak edib.

Tədbiri giriş sözü ilə açan Lənkəran şəhər 9 nömrəli tam orta məktəbin müəllimi, layihə rəhbəri Rəsidə Məmmədova dövlətin təhsilə qayğısından, Təhsil Nazirliyinin innovativ müəllimlərin aşkar edilmnəsi üçün həyata keçirdiyi layihələr və Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin təhsilə verdiyi töhfələri qeyd edib. O, həmçinin qalib olduğu layihə və layihənin məqsədləri, layihə çərçivəsində görülən işlərdən söz açdı, layihəyə cəlb olunan sağlamlıq imkanları məhdud şagirdlərin müyyən edilərək, milli mənəvi dəyərlərimizin simvolu olan xalça sənətinin öyrədilməsindən danışıb. Onun çıxışı zamanı layihənin gedişini, sağlamlıq imkanları məhdud olan 5 nəfər şagirdin xalçaçılıq sənəti üzrə təlim prosesini əks etdirən 6 dəqiqəlik videorolik tədbir iştirakçılarına təqdim edilib.

Tədbirdə iştirak edən Lənkəran təhsil şöbəsində metodkabinetin müdiri Zaur Ağazadə, Lerik təhsil şöbəsində metodkabinetin müdiri Mehman Rəcəbov, Lənkəran Peşə Liseyinin direktoru Afər Kərimov, Lənkəran rayon Haftoni qəsəbə tam orta məktəbin direktoru Sevər Ağayeva, Lənkəran şəhər 6 nömrəli məktəb-liseyin direktoru Akif Xalıqov, Lənkəran şəhər 8 nömrəli məktəbin direktoru İlqar Paşayev, Lənkəran şəhər xarici dillər təmayüllü gimnaziyanın direktoru Mənsur Ağayev, Prestij-S Tədris Mərkəzinin direktoru Rahid Səfərov, Astara rayon Ərçivan qəsəbə tam orta məktəbin müəllimi Nuranə Həmidova, Masallı rayonundan təhsil işçisi, müəllim Məhbubə Şahbazova və digər şəxslər layihənin cəmiyyətimizə faydasından, o cümlədən bu layihənin icrası ilə sağlamlıq imkanları məhdud şagirdlərin cəmiyyətə adaptasiyası, gələcəkdə onların məşğulluğunun təmin olunması, milli-mənəvi dəyərlərimizin qorunub saxlanması, layihədən faydalanan şagirdlərin peşə yönümlü istedadlarının aşkar edilməsinə olan töhvələrini qeyd ediblər.

Layihə çərçivəsində xalçaçılıq üzrə 3 aylıq təlim kursu keçmiş 5 nəfər sağlamlıq imkanları məhdud şagirdə sertifikatlar və müxtəlif hədiyyələr təqdim edilib.

Tədbirdə Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin, Lənkəran Peşə litseyinin, Lənkəran Uşaq və Gənclər İnkişaf Mərkəzinin rəssamlıq və əl işləri sərgilənərək iştirakçılara təqdim edilib.

Tədbirin yekununda Lənkəran rayonun müxtəlif məktəblərində fəaliyyət göstərən özfəaliyyət dərnəklərinin, həmçinin Lənkəran şəhər Həqiqət Rzayev adına musiqi məktəbinin şagirdləri tərəfindən hazırlanan rəqs və musiqi nömrələri iştirakçılara təqdim edilib.

Layihənin həyata keçirilməsində məqsəd sağlamlıq imanları məhdud olan şagirdlərin özlərini cəmiyyətdə yararlı insanlar kimi hiss etmərəri, onlarda peşə və sənət vərdişlərinin aşkar edilməsi, həmin şagirdlərin gələcəkdə məşğulluğunu təmin etməkdən ibarətdir.

Bənzər yazılar