Fevralın 3-də AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Klassik Azərbaycan ədəbiyyatında gənclik mövzusu” adlı elmi sessiya keçirilib.

Mektebgushesi.az xəbər verir ki, tədbirdə çıxış edən muzeyin direktoru, akademik Rafael Hüseynov ölkəmizdə Azərbaycan Gəncləri Gününün əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu söyləyib. Bildirib ki, məhz Ulu Öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsası qoyulub. 1996-cı il fevralın 2-də Azərbaycan Gənclərinin I Forumu keçirilib və Ulu Öndərin 1997-ci ildə imzaladığı müvafiq Fərmanla fevralın 2-si ölkəmizdə Azərbaycan Gəncləri Günü elan edilib. Bu siyasətin nəticəsidir ki, hazırda respublikamızda idarəetmə bacarığı ilə seçilən intellektual, geniş dünyagörüşünə malik yeni nəsil yetişməkdədir.

Vurğulanıb ki, gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasi xətt Azərbaycan gəncliyinin cəmiyyətdə özünü təsdiq etməsində mühüm rol oynayır.

Tədbirdə, həmçinin akademik R.Hüseynovun “Gəncliyə münasibətin Cavid düsturu” mövzusunda məruzəsi dinlənilib.

“Əsrlərboyu Azərbaycan klassiklərinin, görkəmli ədiblərimizin – Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, Nəsirəddin Tusinin, Abbasqulu ağa Bakıxanovun, Hüseyn Cavidin və digərlərinin yaradıcılığında övladlarına, gənc nəslə ünvanlanmış nəsihət məzmunlu əsərlər xüsusi yer tutub. Bu əsərlər təkcə bir ailə, onların üzvləri üçün deyil, ümumilikdə gələcək nəsillər, onların maariflənməsi, elmli, bilikli yetişməsi üçün qələmə alınmış nəsihətnamələrdir. Bədii fikir tariximizdə xüsusilə seçilən bu əsərlərin hamısı bütövlükdə bir məqsədə – Azərbaycan gəncliyinin vətənpərvər, elmli, zəkalı yetişməsinə, çağdaş gəncliyin qura biləcəyi işıqlı sabaha xidmət edib”, – deyə məruzəçi bildirib.

Tədbirdə AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası sədrinin müavini, dosent Eşqanə Babayeva, Ədəbiyyat Muzeyinin doktorantları Natavan Bağırova və Fatimə Süleymanova dövlət gənclər siyasətinin bugünkü uğurlarından danışıb, bu sahənin inkişafı ilə bağlı dövlət başçısı tərəfindən müxtəlif fərman və sərəncamların imzalandığını bildiriblər. Qeyd edilib ki, bu gün ölkəmizdə gənclərin öz potensiallarını reallaşdırması üçün hər cür şərait yaradılıb. Azərbaycan gəncliyi elmlə yanaşı, müxtəlif sahələrin inkişafında uğurla iştirak edir. Ölkənin ictimai, siyasi, elmi, mədəni həyatında keçirilən tədbirlərdə gənclər öz fəallıqları ilə xüsusi seçilir.

Sonra elmi və ictimai fəaliyyətlərinə görə fərqlənən muzeyin Gənc Alim və Mütəxəssislər Şurasının üzvlərinə sertifikatlar təqdim olunub.

Tədbir bədii hissə ilə davam edib. Azərbaycan Milli Konservatoriyasının tərkibində Respublika İncəsənət Gimnaziyası tələbələri və Bakı şəhəri 3 nömrəli Uşaq – Gənclər İnkişaf Mərkəzinin “Azəri inciləri” vokal qrupunun üzvləri maraqlı musiqi nömrələri ilə çıxış ediblər.

Bənzər yazılar