Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun rəhbəri Rüfət Quliyevin Ukraynada təhsil alan bəzi azərbaycanlı tələbələrlə bağlı dedikləri fikir ayrılığına səbəb olub.

R.Quliyev mövzu ilə əlaqədar mövqeyini yenidən ətraflı şəkildə izah edib. Deputat Oxu.Az-a açıqlamasında deyib ki, 20 ilə yaxın siyasi təcrübəsi var.

“Mən həmişə mətbuata verdiyim açıqlamaları izləyirəm, cəmiyyətin fikirlərimə münasibətinin necə olduğunu müəyyənləşdirirəm. Oxu.Az-a müsahibəmdən sonra dostlarım, tanışlarım, həmkarlarım tərəfindən mənə zənglər oldu.

Azərbaycan-Ukrayna əlaqələri, parlamentlərarası münasibətlər yüksək səviyyədədir və daha da inkişaf edir.

Mənim Ukraynadakı diaspor rəhbərləri ilə, sahibkarlarla kifayət qədər yaxşı münasibətlərim var. Hər il bir neçə dəfə Ukraynada oluram, onlarla görüşürəm, fikir mübadiləsi aparırıq. Ukrayna vətəndaşı olan azərbaycanlılar həmin dövlətin siyasətini dəstəkləyirlər, dövlətçiliyə sadiqdirlər. Eyni zamanda, onlar Azərbaycanı unutmurlar, ölkəmizə, Prezident İlham Əliyevə xüsusi yanaşma var. Ukraynada fəal azərbaycanlılar yaşayır. Elmira Axundova Ukraynaya səfir təyin olunub, ümidimiz odur ki, Elmira xanımın səfirliyi dövründə parlamentlərarası münasibətlər daha da inkişaf edəcək.

Ukraynada diaspor rəhbərlərindən Rövşən Tağıyev, Hikmət Cavadov, Oleq Krapivin var. Azərbaycanın Xarkovdakı fəxri konsulu Əfqan Salmanov çox işlər görür – azərbaycanlılara kömək edir, yaxşı işlər görür. Onun Ukraynada böyük nüfuzu var. Ukrayna Milli Aviasiya Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunun beynəlxalq hüquq kafedrasının professoru Arif Quliyev də kifayət qədər tanınmış adamdır, ölkəmizlə bağlı həqiqətləri təbliğ edir. Yəni, müsahibəmdə fikir ayrılığı yaradan məqamlar iki ölkə arasındakı münasibətlər, diaspor fəaliyyəti ilə bağlı deyil. Ukraynada təhsil alan azərbaycanlı tələbələrlə bağlı fikirlərim mübahisə doğurub”, – deyə o əlavə edib.

Deputat xatırladıb ki, Kiyev Milli Universitetinin məzunudur, hazırda orada Maliyyə kafedrasının professorudur.

“Orada dərs deyirəm, azərbaycanlı tələbələrlə tez-tez görüşürəm. Çalışıram onlara izah edim ki, Kiyev Milli Universitetində həmişə azərbaycanlıların orada təhsil almasına görə fəxr edirlər. Bu gün Azərbaycan hökumətində bir çox məmur var ki, Kiyev Milli Universitetinin məzunudur. Universitetin 100-ə yaxın azərbaycanlı məzununun bir-biri ilə əlaqələri var. Görüşürük, söhbətlər edirik, keçmişdəki günləri yada salırıq.

Kiyev Milli Universitetinin rəhbərliyi, müəllimləri orada təhsil alan azərbaycanlılarla bağlı yüksək fikirdədirlər. Azərbaycanlı tələbələrin çoxu nizam-intizamlı gənclərdir, əlaçıdırlar, sosial-siyasi həyatda, diaspor fəaliyyətində aktivdirlər”.

Deputatın fikrincə, əfsus ki, Ukraynada bəzi azərbaycanlı tələbələr oxumaq əvəzinə, daha çox asudə vaxt keçirirlər.

“Onların bəziləri xoşagəlməz hərəkətlərlə məşğuldurlar. Dərsə getməmək, oxumamaq, vaxtlı-vaxtında imtahanları verməmək bu tələbələrə xasdır. Orada elə gənclər var ki, dörd ilin əvəzinə altı il oxuyur. Bu insanların savad almağa həvəsi yoxdur. Onların valideynləri isə Azərbaycanda işləyir, əziyyət çəkir, fəxr edir ki, övladı Kiyev Milli Universitetində oxuyur, yüksək səviyyəli mütəxəssis olacaq. Həmişə valideynlərə müraciət edirəm ki, övladları təhsil alan ali məktəblərlə, diaspor təşkilatları ilə əlaqə saxlasınlar, birbaşa məlumat alsınlar”, – R.Quliyev vurğulayıb.

Deputat qeyd edib ki, onun həqiqəti açıqlamağı bəzi valideynlərin, tələbələrin xoşuna gəlməyib:

“Ancaq mən bir Azərbaycan vətəndaşı kimi özümə borc bilib, bu problemləri qaldırıram”.

R.Quliyev problemdən çıxış yolu kimi təklif də səsləndirib:

“Azərbaycandan Ukraynaya gedən nüfuzlu, statuslu, tanınmış insanlar vaxtlarını ayırıb bir saat azərbaycanlı tələbələrlə maraqlansınlar. Bu formatla gənclərə izah ediləndə onlar məsləhətlərə qulaq asıb, dəqiq bir fikrə gəlirlər. Ancaq yenə də deyirəm ki, ən çox yük valideynlərin üzərinə düşür”.

Qeyd edək ki, R.Quliyev aprelin 23-də Oxu.Az-a verdiyi müsahibəsində Ukraynada təhsil alan bəzi azərbaycanlı tələbələri qınaq obyektinə çevirib. O deyib: “Ukraynada azərbaycanlı tələbələrin çoxunun dərslərə davamiyyəti yüksəkdir. Amma elə azərbaycanlı tələbələr də var ki, üzümüzü ağ eləmir. Belə tələbələrin valideynlərinə də demişəm ki, övladları ilə məşğul olsunlar”.

Bənzər yazılar