Vaxtilə Şeyx Heydərin çata bilmədiyi məqsədə oğlu – Şah İsmayıl Xətai nail olmuşdu. Ş.İ.Xətainin müqəddəs torpaqlarda qurduğu Səfəvi Azərbaycan dövləti xalqımızın dövlətçilik tarixində özünəməxsus yer tutur. Bu gün də tarix təzələnir.

Ulu öndərimiz Heydər Əliyevin siyasi xəttini – hər bir azərbaycanlının ümid yeri olan İlham Əliyev davam etdirir. Gənc liderimizin siyasi müdrikliyi, hərbi bacarığı, dünya liderləri arasında xüsusi çəkisi, alicənablığı və yüksək elmi Azərbaycan xalqını zirvəyə daşıyır. İlham Əliyevin keçirdiyi hər bir görüş, ali tribunalarda etdiyi çıxışlar, dövlət səfərləri və ümumilikdə bütün hakimiyyəti dövründəki çoxşaxəli fəaliyyəti Azərbaycançılıq idealogiyasına söykənib. Azərbaycan dövlətçiliyi və xalqı qarşısında ən yüksək xidmətlərindən biri də xarici siyasət mexanizmlərini ən ali səviyyədə formalaşdırmaqdan ibarət olub. Yeri gəlmişkən bildirmək istəyirəm ki, Ermənistan Silahlı qüvvələrinin 2020-ci il 27 sentyabr tarixindən Azərbaycana qarşı törətdiyi təxribata cavab olaraq Azərbaycan ordusu və xalqı özünün haqq savaşına başlayıb.

Bu gün müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə müzəffər ordumuz əzəli Qarabağ torpaqlarından yağı düşməni qovur. Bu gün 26 oktyabr tarixində Ali Baş Komandanımızın xalqa televiziya vasitəsilə müraciətində: “Hüquqi bazamız genişdir, və bu gün düşməni Qarabağdan bu səbəbə qovuruq” – ifadəsini işlətməklə dövlətimizin xarici və daxili siyasətinin gücünü, Azərbaycanın regionda lider dövlət olduğunu, həmçinin beynəlxalq aləmdə etibarlı, inamlı, eləcə də ali hüququn – haqqın yanında olmasını dünya ictimaiyyətinə çatdırdı.

Bu gün Azərbaycan nəinki Qafqazda, hətta dünyada hərbi-siyasi çəkiyə, nüfuza malik aparıcı dövlətə çevrilib. Bu gün dünya Azərbaycan ilə hesablaşır, onun qüdrətini, təsir gücünü hiss edir. Heydər babalarımızın şah oğullarının sayəsində Azərbaycan öz əzəli torpaqları çərçivəsində həm 15-ci əsrdə, həm də 21-ci əsrdə özünün ən yüksək məqamına çatıb və hal-hazırda çatmaqdadır. Bunun əsl səbəbi isə şah oğullarımızın türk ailəsində doğulması, həmin mühitdə təlim-tərbiyə alması bir sözlə, türk kökənli olmalarındadır.

İstər orta əsrlərdə, istərsə də indiki müasir əsrdə Azərbaycan dövlətinin bir çox ortaq cəhətləri vardır. Bu mənada incəsənətin, elmin inkişafı özünü daha qabarıq göstərir.

Həmçinin ana dilimizin ən yüksək məqama çatması, hərbi sahədə möhtəşəm uğurlar, parlaq diplomatik qələbələr də hər iki dövrün ən yüksək göstəricilərindən sayılır. İndiki müasir dövrdə hər bir sahədə uğur qazanmaq yüksək elmi və texnoloji bacarıq, hədsiz mütərəqqi düşüncə tələb edir. Bu baxımdan Azərbaycan xalqı aparılan doğru siyasətin nəticəsində elm, iqtisadiyyat, incəsənət, idman, hərbi və sadalanacaq onlarla aparıcı sahələrdə dünya çapında özünəməxsus yer tutur, yüksək nailiyyətlər qazanır. Bununla yanaşı qədim xalqımız qoruyub və təbliğ etdiyi bəşəri ideyalarını, qədim ənənələrini, dərin köklü milli xüsusiyyətlərini hər zaman üstün tutmuşdur.

Artıq bir aya yaxındır ki, Azərbaycan öz haqq savaşında, vətən müharibəsində qələbələr qazanır. 2020-ci ilin 26 oktyabr tarixində Ali Baş Komandanımız xalqa gözəl ənənəyə sadiq qalaraq xoş, zəfər dolu xəbərlər çatdırdı. Və bütün dünyaya “Kürəkçay”, “Gülüstan”, “Türkmənçay” müqavilələrini xatırladaraq ermənilərin sonradan bədnam müqavilələrə əsasən bu torpaqlara gəldiyini dünya ictimaiyyətinə bir daha bəyan etdi.

Hər zaman türk kökünə sarsılmaz tellərlə bağlı olan liderimiz İlham Əliyev həm də xalqına əlavə güc-qüvvət verdi. Çünki bu xalqın tarix və mədəniyyətinin çoxəsrlik kökləri vardır. Xalq isə tarixi yaddaşını hiss etdikdə onda sonsuz inam, mənəvi qüvvə yaranır. Bu gün vətən savaşını siyasi və hərbi qüvvə ilə yanaşı, həm də mənəvi qüvvə ilə apararaq zəfərlər çalırıq. Bu mənəvi gücün bir qolu xalqdırsa, bir qolu da Ulu Öndərimiz Heydər Əliyev demişkən: “İki dövlət, bir xalq” – olan qardaş Türkiyənin varlığıdır.

Azərbaycan xalqı 2020-ci ilin son günlərini, aylarını zəfərlə, qələbələrlə yaşayır. Təbii ki, bütün bunlar Prezidentimizin qətiyyəti, ordumuzun qüdrəti, xalqın birliyinin gücündən doğur. Bu həssas günlərdə on milyonluq xalq öz Ali Baş Komandanının ətrafında sıx birləşib, hər biri düşmənə qarşı vuruşur. Bu səbəbdən də Prezidentimiz həm də milyonluq əsgərin Ordu Generalıdır!

Xalq və rəhbər vəhdəti bizləri Qarabağımıza – Şuşamıza doğru aparır. Ancaq bir əlahəzrət fakt ondan ibarətdir ki, dövlətimiz, xalqımız qazandığı hər bir uğura, yaşadığı zəfərli günlərə görə öz müstəqilliyinə borcludur. Və bu müstəqilliyi öz canı və qanı bahasına, min bir müsibətlərlə bütün dünyadakı azərbaycanlılara yaşadan, qazandıran müasir Azərbaycanın qurucusu, dahi rəhbər, əbədiyaşar lider Heydər Əliyev şəxsiyyətinə borcludur. Biz azərbaycanlılar çox xoşbəxt xalqıq “Mən fəxr edirəm ki, azərbaycanlıyam” – deyən Ulu Öndərin layiqli davamçısı İlham Əliyev əzəli Qarabağ

torpaqlarını düşmən tapdağından azad edərək bütün dünyaya bəyan edir: QARABAĞ AZƏRBAYCANDIR!

Əsgər İsmayılov

BDU-nun Jurnalistika fakültəsinin tələbəsi

Bənzər yazılar