Fəxrlərimizin ruhu şad olur. 8-ci yazı

İnsan xoş əməlləri ilə özünə məxsus iz qoyur bu ömür dünyasında. Həyatını xalqının maariflənməsinə, Vətəninin tərəqqisinə sərf edən elm-təhsil fədailəri isə ictimaiyyət tərəfindən xüsusi hörmətlə, ehtiramla qəbul edilir, sevilir və xatirələrdə yaşayırlar.

Bakı Dövlət Universiteti bir əsrdən çox yaşı və ali təhsilimizin flaqmanı olan BDU-nun, həmçinin Azərbaycan ali təhsil tarixində müstəsna xidmətləri ilə seçilən professor və müəllimlərimizin, ictimai-siyasi xadimlərimizin bu ali elm və təhsil məbədinə verdiyi töfhələrlə bağlı silsilə yazılar dərc etməyə davam edir.

Yazılarımızın qəhrəmanları isə ürəyi Vətən üçün alışıb yanan, özündən sonra yetişdirdiyi mütəxəssislərlə, Azərbaycanda elmin, təhsilin inkişafına verdiyi töfhələrlə ürəklərdə əbədi iz qoymuş Qarabağ bölgəsinin elm-təhsil fədailəri, ictimai-siyasi xadimləridir. Sentyabrın 27-dən davam edən haqq mübarizəmizdə qazanılan qələbələr onların da ruhlarını şad edir.

Səkkizinci yazımız Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin professoru Xudu Surxay oğlu Məmmədovla bağlıdır.

Xudu Məmmədov 1927-ci il dekabrın 14-də Ağdam rayonunda anadan olmuşdur. Ağdamda orta məktəbi bitirən Xudu Məmmədov Bakı Dövlət Universitetinin Geologiya-Coğrafiya fakültəsinin Geologiya şöbəsinə daxil olmuş, 1951-ci ildə təhsilini fərqlənmə diplomu ilə başa vurmuş və müəllimi Heydər Əfəndiyevin təkidi ilə Azərbaycan Elmlər Akademiyasının Kimya İnstitutuna təyinat alır.

Xudu Məmmədov daha sonra SSRİ EA-nın Kristalloqrafiya İnstitutunun aspiranturasına daxil olur. Namizədlik dissertasiyasının ilkin mövzusu “Borosilikat-aksinit mineralının quruluşunun təyini” olmuşdur. Amma quruluşu açmaq üçün eksperimental materiallar alınması ərəfəsində (1952-ci il) yapon tədqiqatçıları bu mineralın quruluşunu təyin ediyi üçün 1955-ci ildə X.Məmmədov “Ksonolit və vollastonit minerallarının kristal quruluşu” mövzusunda müvəffəqiyyətlə namizədlik dissertasiyası müdafiə etmişdir.

Xudu Məmmədov bir neçə dəfə britaniyalı fizik Con Bernalın qonağı olmuş, 1966-cı ildə isə təqribən bir il onun laboratoriyasında çalışmışdır.

O, 1957-ci ildən Azərbaycan Elmlər Akademiyasının Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun struktur kimya laboratoriyasının müdiri vəzifəsində çalışmışdır. 1969-cu ildə Xudu Məmmədov doktorluq dissertasiyasını müdafiə etmiş, 1970-ci ildə geologiya-mineralogiya elmləri doktoru, 1973-cü ildə professor elmi adlarına layiq görülmüşdür.

Xudu Məmmədov 1976-cı ildən Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü olmuşdur.

1957-ci ildən Azərbaycan Elmlər Akademiyası Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun struktur kimya laboratoriyasının müdiri vəzifəsində çalışmış, 1960-cı ildə “Kalsium-silikatları və hidrosilikatları və hidrosilikatların kristallokimyası” monoqrafiyasını yazmışdır.

Silikat birləşmələrindən bir çoxunun quruluşunu müəyyənləşdirmiş, həmin birləşmələr sinfi ilə boratlar, karbonatlar, yarımkeçiricilər və s. arasında kristallokimyəvi qohumluq olmasını aşkara çıxarmış, 50-dən çox üzvi liqandlı kompleks birləşmənin molekul və kristall quruluşunu öyrənmiş, tədqiqatlarında elektronoqrafiya, rentgen-spektral analiz və hidrotermal sintez üsullarından geniş istifadə etmişdir. O, 250 elmi əsərin, 10 müəlliflik şəhadətnaməsi və 3 monoqrafiyanın müəllifidir. Xudu Məmmədovun rəhbərliyi ilə 10 elmlər doktoru və 35 fəlsəfə doktoru yetişdirilib.

Xudu Məmmədov 1967-ci ildə “Şərəf nişanı”, 1986-cı ildə “Qırmızı Əmək Bayrağı” ordenləri, Azərbaycan SSR Ali Sovetinin “Fəxri fərmanı” və bir sıra medallarla təltif olunub.

Xudu Məmmədov 15 oktyabr 1988-ci ildə Bakıda vəfat etmişdir.

Əminik ki, Qarabağın tamamilə işğaldan azad ediləcəyi, müzəffər Azərbaycan ordusunun üçrəngli bayrağımızı unudulmaz Xudu Məmmədovun dünyaya göz açdığı Ağdam şəhərində ən hündür nöqtəyə sancacağı gün uzaqda deyil!

Bənzər yazılar