Azərbaycan xalqı Şuşanı özünə milli simvol seçib və bura Azərbaycanda mədəniyyətin əsas beşiyi hesab edilir. Dünyada bir neçə şəhər var ki, musiqi onun hər daşına, qalasına, ab-havasına hopub; belə şəhərlərdən Avstriyanın Vyana, İtaliyanın Neapol, Azərbaycanın da Şuşa şəhəridir. Hətta xalq arasında məşhur deyim var ki, Şuşada körpələr bələkdə belə muğam üstündə ağlarlar. Vətənimizin dilbər guşəsi olaraq Şuşa hər zaman məğlubedilməziyi ilə yazılı salnamələrdə iz qoyub.

Şuşanın 1992-ci ildə erməni silahlı qüvvələri tərəfindən işğal edilməsi biz azərbaycanlılar üçün “ən ağır itki” sayılıb. Şuşa şəhəri təbiəti və saf havasına görə, müalicə əhəmiyyəti baxımından kurort şəhəri hesab olunub. Şuşa teatrının tarixi XIX əsrin axırlarından başlayıb. Şuşa “Qafqazın Konservatoriyası” təyinini haqlı olaraq qazanıb. Azərbaycanın Mir Mövsüm Nəvvab, Molla Pənah Vaqif, Üzeyir Hacıbəyov, Bülbül, Xan Şuşinski, Firudin bəy Köçərli, Əbdürrəhim bəy Vəzirov, Yusif Vəzir Çəmənzəminli, Əbdürrəhim bəy Haqverdiyev, Xurşudbanu Natəvan, Həmidə xanm Cavanşir, Əhməd bəy Ağaoğlu kimi məşhur ziyalıları, sənətçiləri əslən Şuşadandırlar. XIX əsrin sonu və XX əsrin əvvəllərində Şuşa Qafqazın musiqi mərkəzinə çevrilib. Şuşanı “Kiçik Paris”, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” və “Zaqafqaziyanın konservatoriyası” adlandırılıb.

30 ildir ki, qazanılan müstəqilliyə, çoxsaylı uğurlara baxmayaraq, Qarabağsızlıq dərdi yaşayan Azərbaycan bəlkə də heç vaxt bu günkü kimi xoşbəxt olmamışdı. Şuşanın bütün özəllikləri yalnızca azərbaycanlıların qismətinə yazılıb, Şuşanın aurası yalnızca azərbaycanlıları belə duyğulandıra, gözəlləşdirə bilər. Biz Şuşasız Azərbaycanı təsəvvür edə bilməzdik. Cənab Prezidentimizin, Ali Baş Komandan İlham Əliyevin apardığı siyasət nəticəsində müzəffər ordumuz bu gün Şuşanı işğaldan azad etdi, tarixi yurdlarımızda addım-addım irəliləyən qələbə bayramına büründü Azərbaycan. Bu gün Azərbaycan xalqı öz qədim və qüdrətli tarixinin şərəfli səhifələrindən birini yazır. Bu günlər yeni intibah yollarının bünövrəsini qoyur, öz qalib və qüdrətli varlığını bəyan edir, böyük keçmişə layiq böyük gələcəyin qapılarını açır Azərbaycan.

Şuşa Azərbaycandır!

Günel İsgəndər (Orucəliyeva),

BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri

Bənzər yazılar