“Qarabağ” sözü Azərbaycan sözüdür, erməni sözü deyil.

İlham Əliyev

Son 30 ildə həyatımız Qarabağ oxu ətrafında fırlanaraq yaşayırıq. Qarabağ probleminin himi 200 il öncə çar Rusiyası tərəfindən qoyulmuşdur. Məqsəd geosiyasət olmuşdu. Torpaq işğalı min illər boyu dövlətlərin  inkişafının paradiqması sayılırdı. Ancaq Cənubi Qafqazın işğalında həm də dərin siyasi niyyət də var idi.

Qafqazda ictimai-sosial durum

Çar Rusiyası Cənubi Qafqazı işğal edəndən sonra burada ictimai-sosial durum yavaş-yavaş dəyişməyə başladı. Belə ki, 200 il öncə bölgədə gedən hadisə və prosesləri idarə edən tərəfi azərbaycanlılar, idarə olunan tərəfi isə ermənilər olmuşdular. Fəlsəfi dillə desək, olayların subyeki azərbaycanlılar, obyekti isə erməmilər idi. Azərbaycanlılar burda üstün mövqedə idi. Əgər obrazla desək, “azərbaycanlılar at minəndə, ermənilər uzunqulaq minirdilər”. Bu durum çox güman ki, Çar Rusiyasının ürəyincə deyildi. O, bu durumu dəyişməyə qərar verir. İstəyir ki,  ermənilər də at minsinlər. Bu niyyətlə İrandan və Türkiyədən çoxlu ermənilər buraya köçürülür. Onları Azərbaycanın ən münbit, barlı-bağatlı torpaqlarında məskunlaşdırır və hər tərəfli himayədarlıq edir. Erməniləri torpaq vergisindən azad edir, gənclərini təhsil müəssisələrində oxudur, əsgər aparıb silahdan istifadə etməyi öyrədirdi. Əsgərlikdən qayıdan və ya məktəb bitirən gənclərə dövlət vəzifələri verir. Üstəlik, “dənizdən dənizə”, böyük bir ərazidə dövlət qurmaqda onlara köməklik etməyi də vəd edir.

Sovet dönəmində də bu dəst-xətt  saxlanılır. Yeni xəritələr cızılanda ermənilərə Azərbaycanın hesabına yeni torpaqlar verilir. Qarabağ torpaqlarının bir hissəsi əvvəlcə mübahisəli ərazi halına gətirilir, sonra qondarma (“Dağlıq Qarabağ”) adı altında “muxtariyyət” verilirdi.

Bu güclü dəstəkdən azğınlaşan ermənilər mənfur planlarını həyata keçirmək üçün bəzi terminoloji hiylələrdən də məharətlə istifadə edirdilər.

Zəruri qeyd: Aydındır ki, Qarabağın  Şimalı, Cənubu, Şərqi və Qərbi var. Bəs onda qurama “Dağlıq Qarabağ” anlayışı hardan çıxdı? Min illərin tarixində belə bir anlayış varmı? Planetin hər hansı başqa bir yerində bənzər hoqqa varmı? Son 30 ildə ermənilər bir az da irəli gedərək “Dağlıq Qarabağ” anlayışını beyinlərdən silmək üçün himayədarlarının təbəsümü altında onu “Arsax” elan edir və beyinlərə yerləşdirir.

“Qarabağ” sözünün mənasının Azərbaycan dilində “Böyük Bağ” olduğunu hər kəs bilir. Belə ki,”qara” sözü bizdə əyyami-qədimdən “böyük”, “nəhəng” anlamı verir. “Qonaq-qaralı”, “qaranlıq” və “qaraçı” sözlərində olduğu kimi. Türkdilli ölkələrin çoxunda  da “qara” sözü böyük (Qaradağ kimi) mənasında işlədilir. Hətta rus dilində də “tıma”sözü “çox” mənasında işlədilir.

Bu ədalətsiz təzyiqlər nəticəsində Azərbaycanın ərazisi zaman keçdikcə 114 min kv.km-dən 86,6 min kv.km qədər azalır, ermənilərin ərazisi 9 min kv.km-dən 28 min kv.km-ə qədər artır. Bütün bunların hamısı azərbaycanlıların mənafeyinə zidd edilirdi. Yerli əhali hər cəhətdən zəifləyir, hətta varlı Qarabağ bəyləri “quru bəyə” çevrilirdi. Çox təəssüf ki, bizim humanitar sahənin  tədqiqatçıları o zamankı ictimai-siyasi və sosial durumu dərindən araşdırmayıblar.

Güclü dəstəyin hesabına azğınlaşan  ermənilər yerli əhali ilə dinc dolanmırlar. “Qoy özümə yer eləyim, gör sənə nə edəcəm” atalar sözü də ermənilərin ərköyün, özbaşına davranışını göstərir.  Babalarımızın “yersiz gəldi, yerli qaç” deyimi də o zamankı ictimai-siyasi durumun ədalətsizliyi nəticəsində yaranmışdır. Bənzər ata sözü gürcülərdə də var. Gürcülər deyirlər: “Erməni gəldi – yeni bəla gətirdi” (Movida somexi – moytana sxva mexi).

Bu özbaşına davranışı on doqquzuncu əsrdə Qarabağ şairi Baba Şakir bədii sözlə belə anladır:

Ölkə quberniya olandan bəri,
Oğrunun hər biri xana dönübdür. 

Qarabağ xanlığının Laçın rayonunda anadan olmuş, qəbri Türkiyənin Amasiya bölgəsində olan şairi Seyid Həmzə Nigarinin (1805-1885) dörd sətri o dövrün sosial durumundan xəbər verir:

Qarabağda talan var
Məni dərdə salan var,
Bayraqdar as bayrağını
Gözü yolda qalan var. 

Azərbaycan Xalq Cümuriyyətinin  parlament üzvü Hacı Kərim Sanlı “Turut qaçaqları” əsərində yazır ki, qaçaqların içərisində bir erməni gənci də varmış. Bu erməninin anasını Tiflisə qubernatorun görüşünə aparırlar. Qubernator arvada deyir ki, bu Qafqazda sizləri əlimizin içərisində saxayırıq, bəs sənin oğlun niyə bunlara qoşulub? Qadın deyir ki, kaş sizin ayağınız buralara dəyməyəydi. Siz gələndən bəri bu insanları bir birinə düşmən kəsilib.

Ermənilərə edilən siyasi dəstəyi Çeçerinin 20 iyul 1920-ci ildə N.Nərimanova vurduğu teleqramdan aydın görmək olar: “İndiyə qədər… bizə izah edə bilmirsiniz ki, nə üçün Rusiya qoşunlarının Qarabağı və Zəngəzuru tutmasının əleyhinəsiniz və nə üçün bu ərazilərin Azərbaycana aid olmasını dönmədən tələb edirsiniz. Biz Ermənistanla işlərimizi qaydaya qoymalıyıq. Türkiyə bizə qarşı çevrildiyi təqdirdə,hətta daşnak Ermənistanı belə, türk hücumuna qarşı bizim ön istehkamımız, forpostumuz olacaqdır”.

Beləliklə,1800-1900-cü illər ərzində ictimai-sosial vəziyyətin səthi təhlili göstərir ki, güclü himayədarıq səbəbindən ermənilər silahlanaraq, at minərək Cənubi Qafqazda söz sahibinə çevrilirlər.

Tarixi saxtalaşdırmaq

Ermənistanın baş naziri cəfəng fikirlər ortaya atır, tarixi saxtalaşdırır.

İlham Əliyev

Qafqazda özlərinə yer elədikdən və söz sahibinə çevriləndən sonra ermənilərə yalan danışmaq, tarixi saxtalaşdırmaq, coğrafi adları, toponimləri dəyişmək, saxta elmi işlər yazmaq haqqı da tanınmışdı. Ermənilərə verilən ərazilərin onlara mənsub olduğunu subut etmək üçün ən vacib iş isə tarixi saxtalaşdırmaqdan keçirdi. Ancaq yerli xalqlara haqqı və ədaləti müdafə etmək, şikayət etmək imkanı verilmirdi.

Milli Məclisin deputatı Etibar Əliyev sosial şəbəkədə yazır ki, 1970-ci ildə Cermuxda atamla söhbət edən ermənin sözləri indi də yadımdan çıxmayıb: “Gələcək nəsillər üçün tarix yazıram”.  Deputat yazır ki, bu yaramaz millət ötən əsrin 70-80-ci illərində dağlara dırmaşıb saxta tarix yazır, sonra basdırır, bir müddətdən sonra qazıb çıxardırlar ki, ibtidai icma quruluşundan bu ərazilər bizimdir. Dağlıq Qarabağda da belə əməllərə rast gələcəyik.

Etibar müəllimin sözünə qüvvət verən tanınmış jurnalist Xalid Kazımlı: “Bu sözü bizə də 1982-83-də KT institutunda tarix dərsi deyən Elfak müəllim demişdi. Deyirdi, ermənilər daşlara saxta tarix yazıb basdırırlar ki, sonradan tapsınlar…. O vaxtlar çox yayğın olub, bu əməl”.

Bu baxımdan erməni kökənli ukraynalı tarixçi alim Philip Ekozyantsın sosial şəbəkələrdə onu ermənilərə xəyanətdə  günahlandıran Rusiyada yaşayan erməni lobbiçilərindən biri, media maqnatı Aram Qabrelyanova verdiyi cavab diqqət çəkir. Alim cavabında deyir ki, Ermənistana xəyanət edənlər, erməni tarixini təhrif edən və erməniləri qonşuları ilə barışmaz düşmənə çevirənlərdir. Daha sonra Ekozyants yazır: “Nəsillər boyu yalan xətrinə yalan uydurub özünüzü və ətrafınızdakı hər kəsi məhv etməkdənsə, bir neçə il həqiqət içində yaşamaq və ya heç olmasa onun axtarışda olmaq daha yaxşıdır.

Medianın sizin haqqınızda yazdıqları ilə tanış oldum və sizin haqqınızda məlumat əldə etdiyim üçün çox şadam. Və cavab olaraq sizə aşağıdakıları demək istəyirəm. Aram, üç əsrdir xəyalların burulğanlığında boğulan xalqımızı əlinizdəki imkanla azad edə bilərsiniz. Həqiqətən xalqımızı sevirsinizsə, onlara kömək etmək üçün imkanlarınızdan istifadə edin. Kifayət qədər müdriklik və səbriniz varsa, əsərlərimlə şəxsən tanış olun, onlara sosial şəbəkələrdən gələn histerik “qışqırıq”larla qiymətləndirməyin. Əminəm ki, bundan sonra məndən açıq şəkildə üzr istəyəcəksiniz və onda sizinlə birlikdə Azərbaycan çayı içəcəyik”. Erməni cəmiyyətinə daxildən baxan və qiymətləndirən alimin milyarderə cavabı, hesab edirəm ki, erməni xalqı üçün ən düzgün yoldur.

Yalançılıq

Yalançılıq insanı yox, qeyri-insani keyfiyyətdir. Tərbiyə məsələsini düzgün qurmuş xalqlar öz gənclərinə yalan danışmamağı öyrədir və deyirlər: “Siz yalanla dünyanın o biri başına gedə bilərsiniz, amma geri qayıda bilməzsiniz”. Bu prizmadan baxanda adama elə gəlir ki, erməni gəncləri tərs tərbiyə olunurlar.

Qafqazşünas rus tarixçi alimi, akademiki Rudolf  İvanov “Azərbaycanın gerçək hekayəsi, rus gəlişi və fars motivləri” adlı kitabında ermənilərin yalan və saxtakarlığın təbliğatı üçün əsirgəmədən xərclədiyi pullar və erməni xisləti haqda geniş məlumatlar verir. Akademik yazır ki, “yalan həmişə tez və asanlıqla insanların şüurunda yer alır, hadisələrə, tarixə və vəziyyətlərə münasibətləri formalaşdırır. Ancaq həqiqət həmişə müdafiəsizdir, hər tərəfdən hücumlara məruz qalır. Bu səbəbdən qorunmağa və davamlı müdafiəyə ehtiyacı vardır”.

Güman ki, akademik Qarabağı nəzərdə tutaraq bu qənatə gəlib. Ermənilərin yalanı yayılır, bizim həqiqətlər isə 200 ildir ki, müdafiəsiz qalıb.

Erməni yalanı ilə bağlı daha maraqlı bir misal. ABŞ yazarı Robert Qrinin “Hakimiyyətin 48 qanunu” adlı dəyərli kitabında “Erməni xalq nağılı” adlı bir hekayə var. Hekayədə nəql edilir ki, erməni padşahı ölkə əhalisini saraya toplayır və deyir ki, kim mənə orijinal bir yalan danışsa, əlimdəki qızıldan hazırlanmış bu almanı ona verəcəm.

Ermənilər bir-bir yalan danışmağa başlayırlar. Padşah hər danışanın sözünü yarımçıq kəsir və deyir: orijinal deyil, axırı belə qurtaracaq. Və beləliklə, gün başa çatır, ancaq padşah orijinal yalan eşidə bilmir. Lap axırda bir qoca erməni yaxınlaşır və deyir: parşah məndən borc aldığın bir torba qızılı qaytar. Padşah: yalan danışma axmaq kişi – deyir. Qoca: əgər yalan danışıramsa, onda qızıl almanı ver.

Tarix boyu ermənilər yalan danışmaqla çox qızıl almalar yeyiblər. Ancaq bu dəfə  Qarabağın qızıl almasını yeyə bilmədilər. Çünki Allah böyükdür. Azərbaycan Ordusu məğlubedilməzdir!

Qəddarlıq və Vəhşilik

Dünya təhlükədədir, ona görə yox ki, bəzi insanlar şər törədirlər, ona görə ki, bəziləri bunu görür, ancaq heç nə etmir.

A.Eynşteyn 

Xocalı, Ağdaban soyqırımları yadıma düşəndə özümə sual edirəm: erməni qəddarlığının kökündə nə durur? Bu işğalçılıq, bu düşmənçilik, qonşuya qarşı bu nifrət, kin, qisasçılıq genetikdir, yoxsa  ideolojidir?

Səbəb nədir ki, II Qarabağ müharibəsində ermənilər yeni vandallıq hərəkətləri edirlər: yaşadıqları evləri, dərs dedikləri məktəbləri və bəşəriyyətin ağ ciyəri hesab edilən meşələri yandırır, meyvə ağaclarını doğrayır, heyvanların başın kəsir, məzarlıqları dağıdırlar, uçururlar? Bu kin-küdrətin tarixi kökü varmı? Bu suaların cavabını bəşəriyyət ermənilərdən soruşmalıdır.

Sənin olmayana mənimkidir demək, şəhərləri yerlə-yeksan etmək, meşələri yandırmaq qeyri-bəşəri tərbiyənin nəticəsidir.

Bu cür antiinsanı davranışlarına görə Puşkindən üzü bəri dünyanın məşhur insanlarının çoxu ermənilərin mənfur xislətindən yazıblar.

Rusiyada yaşayan azərbaycanlı milyarder Fərhad Əhmədov yazır: “50 milyon azərbaycanlının bir terror təşkilatı yoxdur, amma dünyada sayları cəmi 10 milyona yaxın olan ermənilərin 13 terror təşkilatı var”. Dövlət, terror təşkilatı saxlamalıdırmı?

Güman etmək olar ki, yuxarıdakı antinsanı hərəkətlər diasporanın sifarişidir.

Dövlət, yoxsa kvazidövlət?

Məlumdur ki, dövlət ictimai və şəxsi mənafeləri tənzimləyən bir qurumdur.  İlk baxışda erməni dövləti də sadə erməni xalqının mənafeyinə xidmət edən bir qurumdur. Ancaq diqqətlə baxanda  bu dövlət sadə xalqın yox, əsas varlı diasporaların mənafeyini müdafiə etdiyi görünür. Bu səbəbdən də kvazidövlət təsiri bağışlayır. Üstəlik, öz sərhədlərini özləri qorumaq iqtidarında deyil. İstəyirlər ki, müharibədə onların yerinə muzdlular, terrorçular və ya başqa dövlətlər döyüşsünlər. İqtisadi potensialı dövləti yaşatmağa qadir deyil. Daim kənardan kömək umur. Himayəçilik milli psixologiyanı çox xəstələndirib.

Çar höküməti yıxılandan sonra ermənilər özlərinə dövlət qurdular. Sovetlər də ermənilərə dövlət qurmaqda dəstəyini əsirgəmir. Əhalisi və torpağı az, paytaxtı olmayan bu millətə qonşuları da kömək edirlər. Ancaq nəzərə almaq lazımdır ki, Gürcüstan ilə müqayisədə Ermənistan təbii yaradılmış bir dövlət deyil, süni yaradılmş bir dövlətdir. Bu səbəbdən də  dövləti təcrübələri, real tarixi, mədəniyyəti olmadığından, onlar qonşuların maddi və mənəvi dəyərlərini mənimsəməklə tarixi boşluqları doldurmaqla onlara problemlər yaşadır. Bu problemləri zorla, qəddar üsullarla həll etməyə çalışırlar.

Sadə erməni xalqı azərbaycanlılarla qədimdən dinc yaşayıblar. Nə qədər erməni qızları azərbaycanlılarda ərdədir. İndi də yaşayarlar. Ancaq bu dinc yaşama diaspora sərf etmir. Diaspor hesab edir ki, bu xalqlar arasında qarşıdurma, nifrət, kin nə qədər çox olsa, onlar üçün bir o qədər yaxşıdır.

Azərbaycan Prezidenti İlham Əliyev Laçınla bağlı xalqa müraciətində (01.12.20) ermənilərin xislətini sadalayır: “Vəhşi kimi gəlib başqasının torpağına onu istismar edib, onun mənşəyini dəyişdirmək istəyib, yaşayış məntəqələrinin adlarını dəyişdirmək istəyib, tarixi abidələrimizi yerlə-yeksan edib, saxta tarix yaradıb, xəritələr dərc edib”.

Əvvala, hər bir xalq üçün müharibə bəşəri TEST-dir. Müharibə zamanı (ekstremal şəraitdə) ermənilərin maskaları cırıldı və gerçək üzləri, xisləti dünyaya açıldı. İşğalçılıq, düşmənçilik, qonşuya qarşı nifrət hissləri, onları elə bir günə saldı ki, onlar bu vandal hərəkətlərinə görə bəşəri TEST-i keçə bilmədilər.

İkincisi, hər bir xalq öz hərəkətləri ilə özlərinin milli portretini çəkir. Bu barbarlıq onlara xoşa gələn portiret cızmır.

01.12.20 tarixli çıxışda Prezident bir elmi-nəzəri problemə də aydınlıq gətirdi: “Bu, bölgədə mövcud olan ənənələrə, qaydalara, Qafqazda mövcud olan davranış qaydalarına tamamilə ziddir. Bu, bir daha onu göstərir ki, erməni xalqının bizim bölgə ilə heç bir əlaqəsi olmayıb. Bunlar heç vaxt Qafqaz xalqı olmayıb. Sonradan gəlmələrdir”.

Sübut istəyənlərin yadına salıram ki, Tərtərdən Kəlbəcərə gedən yolun sağ tərəfində Madagizdə ermənilərin bura gəlmələrinin 150 illiyinə abidə də ucaltmışdılar. İnternetdə həmin abidəni də tapmaq olar.

Qonşularımız – Gürcüstan, İran və Türkiyə dövlətlərinin yaşı min illərlədir. Bu ölkələrin hər birinin aşkar tarixi, dünya tarixində məxsusu səhifələri var. Padşahları ilə, alimləri ilə, mütəfəkkir insanlar ilə, paytaxt şəhərləri ilə. Ermənilərin Qarabağda Sayat Novaya qədər izi, məncə, yoxdur. O da ki aşıq olub. Çünki ermənilər Qafqaz əhli deyillər. Qafqaz əhli evləri və məktəbləri yandırmaz, bağları və meşələri məhv etməz. Belə tərbiyə olmayıblar. Ermənilər özlərinə saxta tarix yazırlar, ancaq Dünya tarixi bunu yadda saxlamır. Tarixin yaddaşı selektivdir. Düz hadisələri yadda saxlayır, yalanı saxlamaz. Tarixən ermənilər dünyaya səpələmiş halda yaşayıblar. “Dənizdən dənizə” dövlət qurmaq istəyirlər, amma hansı dənizləri nəzərdə tuturlar: Aralıq dənizi ilə, Qara dənizi, yoxsa Qara dəniz ilə Xəzər dənizini? – bilinmir.

Ermənstan bəşəriyyətin cahil hissəsinin pis niyyətlə yaratdığı və yaşaddığı siyasi bir qurumdur və ya kvazidövlətdir. Bəşəriyyətin kamil hissəsi bu qüsuru mütləq düzəltməlidir.

Birinci Qarabağ müharibəsi

1990-cı illər ərəfəsində ermənilər hesab etdilər ki, Cənubi Qafqazda baş verən bütün olaylarda söz sahibi, aktiv tərəfi onlar olmalıdırlar. Bu niyyətlə 1988-ci ildə Dağlıq Qarabağı Azərbaycandan qoparmaq planlarını inamla işə saldılar.

Birinci Qarabağ müharibəsində ermənilər Dağlıq Qarabağdan əlavə, 7 rayonumuzu da işğal etdilər. BMT və ATƏT bu işə qoşulsalar da, heç nə etmədilər, haqqı-ədaləti qoruya bilmədilər. Bu beynəlxalq təşkilatların fəaliyyətsizliyinə rəğmən, bu yerdə Süleyman peyğəmbərlə bağlı bir rəvayət yadıma düşdü.

Haşiyə: İki qadın bir körpə ilə peyğəmbərin yanına gəlir və hərə iddia edir ki, uşaq onundur. Peyğəmbər çoxlu suallar verir, amma bir şey hasil edə bilmir. Onda: “Bu uşağı iki yerə bölün, bir parasını bu qadına, digər parasını da o biri qadına verin” – deyir. Bu zaman qadınların biri deyir: yox, yox, uşağa dəyməyin, mən istəmirəm uşağı, o qadına verin. Bu zaman peyğəmbər məntiqi nəticə çıxarır və tarixi qərar qəbul edir: Uşağı bu qadına verin, uşağın anası odur! – deyir.

Min illər öncə Süleyman Peyğəmbər çətin bir məsələni asan həll etdi. Ancaq BMT və ATƏT bu asan məsəni həll edə bilmədi. Şərqdə deyirlər: “Niyyət fəaliyyətin əsasıdır”. Fəaliyyət göstərmədilər, ona görə ki, niyyətləri yox idi. İranın istənilən kitabxanasınada araşdırma aparsaydılər, görərdilər ki, həm Şah Abbas dövründə, həm Nadir şah dövründə, həm Qacar dövründə Qarabağ Azərbaycanın olub.

Formanı qorumaq qanunu

Təbiətşünaslıqda “formanın saxlanması” qanunu var. Bu qanuna görə, canlı varlıq həmişə formasını qoruyur. Orqanizmə (insan bədəninə və ya yaşıl ağaca) kəsici alətlə yara vurularsa, o yaranı sağaltmağa cəhd edər, yəni öz əvvəlki formasını  almağa çalışar. Torpaq da, sərhədlərimiz də canlı orqanizmdir. Ermənistan Azərbaycana Qarabağ yarası vurub. Bu yara ya sağalmalıdır ki, ölkəmiz öz əvvəlki formasını alsın, yada bu yara ölkəmizi xəritədən silməlidir.

Qəhrəman əsgərlərimiz torpağımızın uğrunda igidcəsinə ona görə vuruşdular ki, Azərbaycanın Qarabağ yarasını sağaltsınlar. Müqəddəs torpağımızın yarası sağalarsa, ərazi bütövlüyümüz (yəni formamız) bərpa olunar.

Hərbi həkimlərimizin dediyinə görə, müalicə alan əsgərlərimiz narkoz altında belə “Qarabağ”,  Qarabağ” deyirdilər.  Əsgərlərimiz  öz yaralarını  unudub Vətənin Qarabağ yarasının  hayında idilər. Şükürlər olsun, Vətən yaramız sağaldı.

Həqiqət anı

Qarabağ problemi göstərdi ki, BMT və digər beyəlxalq qurumlar ikili standartlar səbəbindən haqqı müdafiə edə bilmirlər. ATƏT-in Minsk qrupu 30 il təkrar etdi ki, “Qarabağ probleminin hərbi həlli yoxdur”.

Prezident İlham Əliyev vəziyyəti çox dəqiqliklə qiymətləndirərək bəyan etdi: “İndi həqiqət anıdır. Mənim üçün də, xalqımız üçün də, hamımız üçün həqiqət anıdır”. Bu cümlə əslində, Ali Baş Komandanın hərbi doktrinasının son cümləsidir və ya doktrinaya vurulmuş möhürdür. Bu möhürlənən doktrinanın müddəalarını belə təxmin etmək olar:

a) Dünyada ədalər yoxdur, ikili standartlar var;

b) BMT və ATƏT-in Minsk qrupuna güvənc yoxdur;

c) Qarabağ probleminin həllinin sülh potensialı tükənib;

d) Dostu düşməndən ayırmaq zamanıdır;

e) Ermənipərəst qüvvələrin bəyanatlarına qulaq asmamaq anı, elə həqiqət anıdır.

Bunları nəzərə alaraq Azərbaycan Prezidenti İlham Əliyev düşünülmüş tarixi qərar qəbul etdi: Qarabağ Azərbaycandır  və nida işarəsi!

İkinci Qarabağ müharibəsi

Mənim aləmimdə “nida” işarəsi hərəkət deməkdir, müharibə deməkdir.

İki dalaşanın biri ağıllı olsa, dalaşma baş tutmaz. Azərbaycan tərəfi ermənilərə 30 il vaxt verdi, şans verdi ki, bəlkə ağıllanarlar, danışıqlar yolu ilə problemi həll edərik. Ancaq ermənilər yola gəlmədilər. Ermənilər hər zaman müharibə istədilər və onu da aldılar.

Prezidentin həqiqət anı xalqın həqiqət anı idi. Həqiqət anı düz seçiləndə  “xalq-ordu-dövlət” birliyi monolitləşir, qələbəni təmin edir.

Bu səbəbdən də Azərbaycan Prezidenti  İlham Əliyev fiziki gücdən istifadə etməyə məcbur oldu. Azərbaycanın Müzəffər Ordusu əks hücumla 44 günə torpaqların çox hissəsini işğaldan azad etdi. Ermənistan baş naziri müharibənin ilk günündən istədi ki, onu  qloballaşdırsın. Ancaq Azərbaycan rəhbərliyi hərb, diplomatiya və informasiya cəbhələrində Paşinyanın bu niyyətini heçə yendirdi və erməni ordusu üzərində möhtəşəm Qələbə çaldı.

27 sentyabr tarixindən etibarən Ali Baş Komandan İlham Əliyev dedi:

* Biz yeni reallıq yaratmışıq. İndi hər kəs yeni reallıqla hesablaşmalıdır.

* 30 ildə bizi başa düşməyənlərə 30 gündə çox şey başa saldıq.

* Biz BMT TŞ qətnamələrini təkbaşına yerinə yetirdik.

* Azərbaycan xalqının qürurlu, cəsarətli, yenilməz xalq kimi təsdiqlədik.

Qarabağ düyününün fəlsəfəsi

Düyünü vuran özü açmalıdır.

Çin xalq misalı                

Qarabağ düyününün yaşı 30 deyil, 200 ilə yaxındır. Bu problemin görünən yaşı 30 ildir. Görünməz yaş isə 150 ildən çoxdur. Ötən 150 il ərzində tarix xeyli saxtalaşdırılmış, ermənilər tədricən silahlanmış, azərbaycalılar isə tərksilah edilmişdi. Əhalidə quş tüfəngi belə qalmamışdır. Obrazla ifadə etsək, ermənilər atlanmış, azərbaycanlar isə atdan salınmışdı.

Bu Qələbənin görünən və görünməz tərəfləri var:

Görünən tərəf budur ki, Azərbaycan öz torpaqlarını hərbi-siyasi yolla geri qaytardı. Azərbaycan Prezidenti məğlub xalqı məğrur etdi.

Görünməyən tərəf budur ki, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın iki yüz ildən əvvəlki durumunu bərpa etdi. Başqa sözlə, bu tarixi qələbə nəticəsində Azərbaycan  bölgədə gedən hadisə və proseslərin yenidən idarə edən, aktiv tərəfinə, yəni subyektinə, Ermənistan isə passiv tərəfinə, yəni obyektə çevrildi.

Ali Baş Komandan İlham Əliyevin  “Qarabağ Azərbaycandır!” ifadəsini  Rusiya Prezidenti Vladimir Putin də təkrar etdi. V.Putin ikinci böyük dövlət rəhbəri idi ki, “Dağlıq Qarabağ Azərbaycanın əzəli torpaqlarıdır” – dedi. Bu etirafa çox sevindim, ona görə ki, “Qarabağa düyün” elə Çar dövründə vurulmuşdu. Çinlilərin ata sözündə deyilir ki, düyünü vuran özü açmalıdır. Deməli, V.Putin Çar Rusiyasının 200 il öncə vurduğu düyünü açdı. Əgər bu düyün açılıbsa, onda nə vaxtsa digər düyünlər də açılar, inşallah. Budur, Qarabağ düyününün fəlsəfəsi və görünməz tərəfi.

Prezidentin 01.12.20 tarixli müraciətindən bir cümlə ilə məqaləyə son vermək istəyirəm: “Biz döyüş meydanında, siyasi müstəvidə Qələbə qazanmışıq və bu Qələbə ölkəmiz üçün yeni dövr açır. Bu dövr inkişaf, təhlükəsizlik, tərəqqi dövrü olacaqdır”.

Nə yaxşı ki, qisas qiyamətə qalmadı!

Nə yaxşı ki, Prezidentimiz: “Dağlıq Qarabağ münaqişəsi arxada qaldı!” – dedi.

Nə yaxşı ki, Qarabağ Azərbaycandır!

Şübhəsiz, bu möhtəşəm Qələbənin müəllifi Azərbaycan Ordusu və onun Ali Baş Komandanı İlham Heydər oğlu Əliyevdir. Allah Azərbaycan Ordusuna və onun Ali Baş Komandanı İlham Əliyevi qorusun.

Allahım, 50 yaşımda itirdiyim Kəlbəcəri 80 yaşımda görməyi və müqəddəs torpağı öpməyi mənə də nəsib et. Bu sevincli günləri bizlərə yaşatdığına görə  Müzəffər Ordumuza və Ali Baş Komandana bir daha dərindən minnətdaram!

Şahlar ƏSGƏROV
Professor, Əməkdar elm xadimi, Təhsi Nazirliyi yanında İctimai Şuranın sədri

Bənzər yazılar