XX əsr Azərbaycanın istiqlal mübarizəsində tarixə “Qurtuluş günü” kimi əbədiyyən həkk olunan 15 sentyabr Bakının azadlığı günü türk və azərbaycanlı igidlərin “qan ilə qazandıq zəfəri, verməyiz əldən” şüarı sayəsində gerçəkləşdi. Azərbaycanın, Bakının azadlığı uğrunda aparılan bu mübarizədə Nuru Paşanın rəhbərliyi ilə Qafqaz müsəlman ordusunun əzmi, azərbaycanlıların vətənpərvərliyi, xalqın azadlıq istəyi zəfər, qalibiyyət salnaməsini yazdı. Ümumilli lider Heydər Əliyev bu tarixi hadisəyə biganə qalmadan fikirlərini bu şəkildə ifadə edib: “Türk ordusunun Azərbaycana, Bakıya gəlməsi, Azərbaycanı daşnakların təcavüzündən xilas etməsi hər bir azərbaycanlının qəlbində yaşayır. Azərbaycan xalqı həmin ağır dövrdə türk xalqının ona göstərdiyi köməyi heç vaxt unutmayacaqdır”.

“Can verirsən qardaşa ver, min il keçsə yad olmaz”, – deyib atalar. Hələ o dövrdən Azərbaycanla tarixi və ənənəvi dostluq əlaqələrini qoruyan bu iki ölkə arasındakı qardaşlıq iki dövlətin yalnız hər hansı maraqlar üzərində deyil, mənəvi dəyərlər ilə bağlılığını dünyaya sübut etdi.

Təsadüfi deyil ki, SSRİ-i dağıldıqdan sonra Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə məhz Tükiyə oldu. Kəlbəcərin işğalından sonra Ermənistan ilə sərhədlərini bağlayan qardaş ölkə verdiyi qərara daim sadiq qaldı. Tarixi köklərə bağlılıq sayəsində müstəqilliyimizin yenidən bərpasından sonra qardaşlıq münasibətlərinin inkişafı özünün yeni mərhələsinə qədəm qoydu. Müstəqillikdən sonra iki ölkə arasında bütün istiqamətlərdə o cümlədən siyasi, nəqliyyat, enerji, iqtisadi, humanitar, ticarət, hərbi və digər sahələrdə əməkdaşlıq ən yüksək səviyyəyə çatdı.

Bu gün Azərbaycan və Türkiyə arasındakı qarşılıqlı əlaqələrin yüksəliş dinamikası, strateji əməkdaşlıq yeni perspektivlərin əldə olunması baxımından mühüm əhəmiyyətə malikdir.

Ulu öndər Heydər Əliyevin “bir millət, iki dövlət” kimi xarakterizə etdiyi bu dostluq, “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir”, – deyən Atatürkün bizlərə yadigar qoyduğu qardaşlıq, yol yoldaşlığı bütün türk dünyasına örnək davranışların sərgilənməsinin təminatçısına çevrildi.

2020-ci il Türkiyə-Azərbaycan arasındakı münasibətlərin daha yüksək səviyyəyə çatması, keyfiyyət və kəmiyyətcə yeni müstəviyə keçilməsi baxımından tarixi bir il oldu. Azərbaycanın haqq savaşında daim yanımızda olan Türkiyə dövlətimizin maraqlarını müdafiə edərək etibarlı və mənəvi dəstəyi ilə xalqımızda ruh yüksəkliyi yaratdı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qətiyyətli çıxışları, Türkiyə xarici işlər naziri Mevlüt

Çavuşoğlunun, Milli müdafiə naziri Hulusi Akarın bu müddət ərzində Bakıya rəsmi səfərləri, Azərbaycana dəstək xararkterli ictimai çıxışları, Türkiyə KİV-lərində “Vətən müharibə”miz barədə davamlı olaraq məlumatların verilməsi, müharibə zonasında olan xüsusi müxbirlərin həqiqətləri çatdırması türkün kimliyini, qüdrətini, iki dövlətin sarsılmaz birliyini, heç bir kənar müdaxilənin yolverilməzliyini dünya ölkələrinə bəyan etdi. Bu səmimi dəstəkdən məmnunluğunu ifadə edən Prezident İlham Əliyev qeyd edib: “Mənim əziz qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan ilə bu günlərdə təmaslarım, onun çox açıq, qətiyyətli bəyənatları bütün dünyaya göstərdi ki, Azərbaycan tək deyil. Azərbaycanın yanında Türkiyə kimi dünya miqyasında böyük bir güc olan dövlət var, qardaş ölkə var. Bu dəstək bizi ruhlandırır, bizə əlavə güc verir və eyni zamanda, bölgədə sabitliyi, əmin-amanlığın təmin edilməsi üçün önəmli rol oynayır. Mən bunu bu günlər ərzində demişəm ki, Türkiyə bölgədə sabitləşdirci rol oynayır. Türkiyənin bölgədə və dünyada yalnız sülhə hesablanmış siyasəti artıq öz nəticələrini verməkdədir”.

Azərbaycan ordusunun tarixi qələbəsindən sonra ərazidə sülhün bərqərar olunması naminə türk hərbi heyəti Qarabağda qurulan Türkiyə-Rusiya müşahidə mərkəzində bir il müddətində xidmət edəcəklər.

2021-ci il martın 24-də hakim Ədalət və İnkişaf Partiyasının 7-ci qurultayında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışı zamanı “Qarabağda razılaşmaların yerinə yetirilməsi prosesini yaxından izləyəcəyik” deməsi də bu əməkdaşlığın regionda sülh və sabitliyin qorunmasının əyani sübut olduğunu bir daha təsdiqləyir.

Sonda Azərbaycan-Türkiyə dostluğunu, qardaşlıq, iki dövlətin biri-birinə mənəvi bağlılığını Eldar İsmayılın bu misraları ilə çatdırmaq istəyirəm:

İki qan qardaşı, qeyrət qardaşı,

İki namus, şərəf, şöhrət qardaşı,

Qoşadı dünyada hikmət qardaşı

Biri Azərbaycan, biri Türkiyə!

Dünya düzənində vüqarlı dağdı,

Qardaş Azərbaycan, qardaş Türkiyə!

Həsənova Nuranə,

BDU-nun Jurnalistika fakültəsinin doktorantı

Bənzər yazılar