Şəhidlik ən uca və ən müqəddəs zirvədir. Bir insanın öz vətəninə duyduğu sevginin təcəssümüdür şəhidlik. Müqəddəs Kitabımız Qurani Kərimdə buyurulan “Allah yolunda öldürülənlərə ölü deməyin. Əksinə onlar diridirlər” ayəsi bu pak, böyük zirvənin ali dərəcəsini bir daha göz önünə gətirir. Həqiqətən də şüurlu şəkildə öz canını Vətənin hər bir qarış torpağı üçün sipər etmək əsl fədakarlıqdır! İnsana verilmiş ən böyük nemət olan ömür payını vətəninə, xalqına, gələcək nəsillərin rifahına, xoşbəxtliyinə qurban verməyi gözə ala bilən insan yalnız Şəhidlik zirvəsinə yüksələ bilər. Bu zirvəni fəth edən igidlərdən biri də gənc yaşında şəhadət şərbətini içmiş Şəhid Nicat Əhmədovdur. 22 illik qısa həyatına qəhrəmanlıq səlnaməsi sığışdıran bu igid, yaşadığı müddətdə heç zaman tarixi torpaqlarımızın erməni vandalları tərəfindən işğalı ilə barışa bilməyib.

Nicat 2016-cı ildə yüksək balla Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin dövlət və ictimai münasibətlər ixtisasına qəbul olub. O, universiteti bitirdikdən sonra, hərbi xidmətə yollanır və Rabitə bölüyündə xidmətini davam etdirib. Sentyabrın 22- də doğum günü ilə əlaqədar olaraq ailəsi Nicatın xidmət etdiyi hərbi hissəyə yollanır. Bu, onun ailəsi ilə qeyd etdiyi sonuncu doğum günü olur. Bundan cəmi 5 gün sonra “Vətən Müharibəsi” başlayır. Nicat savaşın ilk günündən döyüşlərə atılaraq torpağının hər bir qarışı üçün gözünü belə qırpmadan, bir saniyə belə olsun düşünmədən savaşın ən şiddətli olduğu ərazilərdə bütün cəsarəti və mərdliyi ilə yağı düşmənlə mərdliklə döyüşür.

Nicat hər zəngində doğmalarına “mənə görə narahat olmayın”, – deyir. O, əslən Şuşadan olduğu üçün hər dəfə atası ilə telefonla danışanda “Şuşanı azad edəndən sonra sizinlə oradan əlaqə saxlayacağam”, deyə atasına qələbəyə yaxın olduqlarını bildirir, yaxınlarını narahat olmamağa çağırırdı. Amma onun son zəngi oktyabrın 6-da olur. 2 gün sonra Nicat Əhmədov Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına, qanının son damlasına kimi vuruşaraq şəhid olur. Onun mübarək cənazəsi Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında böyük izdihamla torpağa tapşırılır. Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən Şəhid Nicat Əhmədov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilir.

Nicatı tanıyan hər kəs onun barəsində yalnız eyni sözləri deyir: təhsil aldığı 229 saylı məktəbdə onun müəllimləri öz xatirələrini bölüşərkən, Nicatın daim nümunəvi, məsuliyyətli, kiçik yaşlarından etibarən özünü həmyaşıdlarından daha dolğun apardağını söyləyirlər.

Çox təəssüf ki, “savaş” ölümsüz, itkisiz olmur. Bu gün Azərbaycan xalqı öz igid oğullarının itkisinə kədərlənsə də, ancaq bu kədər hissini elə həmin igidlərin bizə bəxş etdiyi qələbə sevinci  üstələyir. Xalqımız 44 gün davam edən və Ordumuzun parlaq qələbəsi ilə başa çatan Vətən müharibəsinin gedişatı zamanı bir daha anladı ki, sabah Nicat kimi ürəyində vətən, torpaq, bayraq sevgisi olan neçə-neçə Nicatlar dünyaya gələcək. Onun kimi bu cənnət vətənə bağlı olacaqlar. Çünki bu Vətən Poladların, Mübarizlərin daha neçə belə igid oğulların bizə canları bahasına əmanət qoyub getdiyi müqəddəs torpaqdır.

Alsu Məmmədli, Bakı Slavyan Universitetinin Jurnalistika fakültəsinin I kurs tələbəsi

 

Bənzər yazılar